Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Milli Azərbaycan Tarixi Muzeyi və Polşanın ölkəmizdəki səfirliyi arasında əməkdaşlıq Memorandumu imzalanıb
12.07.2024 10:30
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyi və Polşanın ölkəmizdəki səfirliyi arasında əməkdaşlıq Memorandumu imzalanıb

Milli Azərbaycan Tarixi Muzeyi və Polşa Respublikasının ölkəmizdəki səfirliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanması məqsədi ilə görüş keçirilib.

Görüşdə muzeyin elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent Fərhad Cabbarov, Polşanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski, səfirin müşaviri Michal Greczylo, səfirliyin əməkdaşı Katarzyna Piasecka, muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova və həmin şöbənin böyük elmi işçisi Fuad Ağayev iştirak ediblər.

Tədqiqatçı alim Fərhad Cabbarov qonaqları muzeydə yenidən görməkdən məmnunluğunu bildirib və hər iki ölkənin tarixi əlaqələrindən danışıb.

Sonra tanınmış polşalı memar Yuzef Qoslavskinin vəfatının 120-ci ildönümünə həsr olunacaq sərginin muzeydə təşkili ilə bağlı razılaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, sərgidə Yuzef Qoslavski tərəfindən vaxtilə Bakıda layihələndirilmiş məşhur binaların 3D formatında təqdimatı, eyni zamanda polşalı memarın həyat və yaradıcılığına aid arxiv sənədləri (və ya onların surətləri), xüsusən də Bakıdakı fəaliyyət ilə bağlı mətn və vizual materialları yer alacaq.

Hər iki tərəfin razılaşma ilə bağlı fikir mübadiləsindən sonra qonaqlar muzeyin yeni ekspozisiyası ilə tanış olublar. Ekspozisiyada nümayiş olunan nadir eksponatlar səfirin marağına səbəb olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: