AMEA-nın Şəki Regional Elmi Mərkəzində (REM) Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun, “Ruzgar” Ekoloji İctimai Birliyinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə “Plastik tullantısız yaşıl dünya naminə” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev, həmin institutun əməkdaşı fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşı kimya üzrə fəlsəfə doktoru Rəna Xankişiyeva, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektorunun müdiri Nizami Sübəyev və həmin idarənin əməkdaşları Dilşad Camalova, Talihə Muradova, eləcə də Şəki REM-in əməkdaşları iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra təbiətin insanlara töhfəsi olan və Şəki REM tərəfindən mühafizə edilən Baş Şabalıd biogeosenozu haqqında videoçarx nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə Şəki REM-in direktoru fiz.ü.f.d., dos. Yusif Şükürlü açaraq qonaqları salamlayıb, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirin əhəmiyyətini qeyd edib.
Sonra AMEA-nın müxbir üzvü İslam Mustafayev “Plastik tullantıların idarə olunması: problemlər, həlli yolları” mövzusunda məruzəsini təqdim edib.
Məruzəçi ətraf mühitin qorunması üçün ictimai hərəkatın formalaşdırılmasının vacibliyini önə çəkərək bildirib ki, hazırda bu istiqamətdə mühüm addımlar atılmaqda davam edir, işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işləri aparılır. Onun sözlərinə görə, ətraf mühitin mühafizəsi, torpaqların becərilməsi, yaşıllıqların salınması ekoloji problemlərin aradan qaldırılmasına verilən ən böyük töhfələrdəndir.
Professor İslam Mustafayev plastik tullantıları zərərsizləşdirməyin yollarından da bəhs edərək deyib ki, plastiklərdən istifadəni dayandırmaq, tullantıları təkrar emal etmək, ya da onları təbiətdən izole etmək problemin həll olunması istiqamətində atıla biləcək vacib addımlardandır. O, tullantılardan təsərrüfatın qeyri sahələri üçün real və potensial məhsul kimi istifadə etməyin əhəmiyyətini vurğulayıb, Çexiyanın bu istiqamətdə uzun zamandır iqtisadi səmərəlilik əldə etdiyini bildirib.
Daha sonra kimya üzrə fəlsəfə doktoru Rəna Xankişiyeva “Azərbaycanda plastiklərin istehsalı və onların xassələri” mövzusunda məruzə ilə çıxış edib. O, il ərzində dünyada 500 mln. ton plastik istehsal edildiyini diqqətə çatdırıb, plastiklərin tərkibinə ana xammaldan əlavə, insan həyatı üçün təhlükəli digər qatqıların da qatıldığını söyləyib. Rəna Xankişiyeva bəzi maddələrdə parçalanmanın getməməsinin səbəblərini açıqlayıb. Məruzəçi, həmçinin mikroplastiklər, ftalat, ftalat efirləri, Bisfend-A haqqında danışıb, bütün bunların yarada biləcəyi xəstəlikləri, fəsadları nəzərə çatdırıb. O, Azərbaycanda polietilen ixrac edən 3 zavodun fəaliyyət göstərdiyini deyib, təkrar emalla məşğul olan şirkətlərin gördükləri tədbirlərdən bəhs edib.
Tədbirdə “Yaşıl dünya naminə həmrəylik ili”ndə COP 29-a doğru” adlı məruzə ilə çıxış edən fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova Azərbaycanın dünyanın ən nüfuzlu tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsinin Prezident İlham Əliyevin növbəti böyük qələbəsi olduğunu söyləyib, COP 29-un Azərbaycan üçün əhəmiyyətindən danışıb.
Sonra Şəki REM-in elmi işlər üzrə direktor müavini bio.ü.f.d. Fərhad Əzizov “Şəki-Zaqatala bölgəsinin əsas ekoloji problemləri” adlı məruzə ilə çıxış edib. O, ekoloji problemlərdən çıxış yolu üçün 20-yə yaxın təklif səsləndirib.
Daha sonra Nizami Sübəyev çıxış edərək regionun təbii sərvətlərinin, flora və faunasının qorunması istiqamətində görülən işlərdən danışıb.
Tədbirdə, həmçinin Şəki REM-in Landşaftşünaslıq şöbəsinin rəhbəri geol-min.ü.f.d. Hüseyn Mustafabəyli karbon dioksidin udulması və ya depolanması istiqamətində təkliflərini irəli sürüb.
Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Sonda prof. İslam Mustafayev “İqlim dəyişməri üzrə xülasə” adlı kitabı Şəki REM-in kitabxanasına hədiyyə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.