Dekabrın 18-də Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə ilə görüş təşkil edib. Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov hazırda Azərbaycanda formalaşan biliklər cəmiyyəti prosesində perspektivli gənc intellekt sahiblərinin fəal iştirak etməsi üçün zəmin yarandığını bildirib. Gənclərin elmə marağının artırılması istiqamətində həyata keçirilən layihələrdən danışıb.
Sonra AMEA prezidenti, akademik Akif Əlizadə çıxış edərək dövlət səviyyəsində elmə göstərilən diqqət və qayğıdan söhbət açıb. Dövlət başçısının may ayında AMEA Şamaxı Astrofizika Rəsədxanasında təmir və yenidənqurmadan sonra vəziyyətlə tanış olarkən Azərbaycanın bölgənin elm mərkəzinə çevrilməsi çağırışının elmimizin strateji inkişaf hədəfini müəyyən etdiyini vurğulayıb. AMEA-nın maddi-texniki bazasının genişləndirildiyini, infrastrukturunun modernləşdirildiyini, alimlərin sosial müdafiəsinin yüksəldilməsi istiqamətində əməli tədbirlərin həyata keçirildiyini qeyd edib. Elmi fəaliyyətin müasir dövrün tələblərinə uyğun təşkili və idarə edilməsi, müxtəlif elm sahələrinin inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, elmi fəaliyyətin yeni meyarlar əsasında qiymətləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Alimlərin sosial-məişət problemləri, xüsusən də gənc alimlərin mənzil problemlərinin həlli, əməyinin stimullaşdırılması, xarici ölkələrin elm mərkəzlərinə ezam olunması istiqamətində həyata keçirilən layihələrdən danışıb. Ölkənin tərəqqisinin insan kapitalının inkişaf etdirilməsinə, texnoloji nailiyyətlərin mənimsənilməsinə bağlı olduğunu qeyd edərək gənclərə müasir elmi biliklərə yiyələnməyi tövsiyə edib.
Ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılması istiqamətində həyata keçirilən əməli tədbirlərdən danışan AMEA rəhbəri insan resurslarının inkişafı prosesində elm və təhsilin vəhdətinin zəruriliyini önə çəkib. Gənclərin yeni elmi biliklərə cəlb edilməsi, kadr hazırlığı səviyyəsinin artırılması məqsədilə müxtəlif səpgili layihələrin həyata keçirildiyini, akademiyada baza kafedralarının yaradıldığını nəzərə çatdırıb. İstedadlı gənclərin elmə cəlb olunması istiqamətində görülən işlərdən söhbət açan Akif Əlizadə gənc mütəxəssislərimizin aparıcı elmi mərkəzlərə ezam olunduğunu, həmçinin onların elmi fəaliyyətinin stimullaşdırmaq, yaradıcılıq imkanı yaratmaq məqsədilə qrantlar təqdim olunduğunu vurğulayıb. Gənclərin prezident mükafatına layiq görülməsinin, onların elmi fəaliyətinin stimullaşdırılmasına xidmət etdiyini qeyd edib.
Azərbaycanda elmin gəncləşməsi, yüksək ixtisaslı elmi gəncliyin formalaşması məqsədilə həyata keçiriləcək layihələrdən söhbət açaraq gənclərin öhdəsinə düşən vəzifələrdən danışıb.
Sonda AMEA rəhbəri gəncləri maraqlandıran sualları cavablandırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.