Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.12.2015 14:41
  • A-
  • A
  • A+

Akademik Zərifə Əliyeva adına Liseydə “Elm” guşəsi açılıb

Akademik Zərifə Əliyeva adına Liseydə “Elm” guşəsi açılıb

Dekabrın 29-da AMEA Gənc Alim və Mütəxəssislər ŞurasıYer Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyeva adına liseydə "Elm" guşəsinin açılışı olub. Ölkəmizdə yeniyetmə və gənclərin elm və texnika sahəsindəki bacarıqlarını dəstəkləyən, təşəbbüskarlığını stimullaşdıran bu layihə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin tövsiyəsi əsasında həyata keçirilir.

Açılış mərasimində çıxış edən Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov şagirdlərlə Akademiyanın tanınmış alimlərinin görüşünü təşkil etdiyinə görə, akademik Zərifə Əliyeva adına liseyin rəhbərliyinə Rəsayət Heyəti adından minnətdarlığını bildirib. Akademik liseydə Yer Elmləri Bölməsinin fəaliyyətini əks etdirən "Elm" guşəsinin yaradılmasının elmin inkişafına xidmət edən amillərdən olduğunu, şagirdlərin "Elm" guşəsində toplaşaraq, elmlə bağlı müzakirələr aparmaq imkanı qazandıqlarını vurğulayıb.

Akademik Fəxrəddin Qədirov təhsillə elmin vəhdətinin zəruriliyindən danışaraq bildirib ki, elmimizin inkişafı bu vəhdətdən asılıdır. Akademiya da neçə illərdir ki, elm və təhsilin inteqrasiyasına çalışır. Bu istiqamətdə artıq AMEA institutlarında baza kafedraları yaradılıb, eyni zamanda magistratura təhsilinə başlanılıb. Məktəblərdə elmin bölmələri üzrə ixtisaslaşmış guşələrin yaradılması da elm və təhsilin inteqrasiyasına bir töhfədir.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov bu layihənin Şuranın təhsil müəssisələrində həyata keçirdiyi ilk iş olmadığını söyləyib. Onun sözlərinə görə, akademiyanın institutlarında mütəmadi olaraq məktəblilər üçün “Açıq qapı” günləri təşkil edilir. Bu kimi layihələr yetişməkdə olan gənc nəslin bilik və bacarıqlarını artırır. “Elm” guşələri digər elmi bölmələri də əhatə etməklə, Bakı şəhəri və regionların bir çox məktəblərində təşkil olunacaq.

Liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyeva belə tədbirlərin istedadlı gənclərin üzə çıxarılması işindəki rolundan danışıb. Onun sözlərinə görə, belə layihələr yaxın gələcəkdə fundamental, təbii, texniki elmlər və yüksək texnologiyalar üzrə ixtisaslaşan gənc mütəxəssislərin sayının artmasına kömək edəcək.

Sonra tədbirdə AMEA-nın müxbir üzvləri Elbrus Əlizadə, Qurban Yetirmişli və geologiya-minerologiya elmləri doktoru Dadaş Hüseynov çıxış edərək şagirdlərə  çalışdıqları elm sahələrinə dair məlumat veriblər.

Açılış mərasiminin rəmzi sayılan qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları Geologiya və Geofizika İnstitutu, Respublika Seymologiya Mərkəzi və Coğrafiya İnstitutu haqqında əyani vəsaitlərin yer aldığı "Elm" guşəsi ilə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: