NASA tərəfindən Yerin ətrafında görünməz ambipolyar enerji sahəsi aşkar edilərək ölçülə bilib.
Cazibə qüvvəsi qədər əhəmiyyətli olan bu sahənin təkcə Yerdə deyil, digər planetlərdə də mövcud olduğu düşünülür.
NASA Goddard Kosmik Uçuş Mərkəzinin astronomu Glyn Collinson, atmosferi olan hər planetin ambipolyar bir sahəyə sahib olması lazım olduğunu ifadə edərək, bu sözləri qeyd edib: “İndi onu ölçə bildiyimizə görə, zamanla planetimizi və başqalarını necə formalaşdırdığını öyrənməyə başlaya bilərik”.
Yer sadəcə kosmosda dayanan bir quru parçası deyil və onun ətrafında çoxlu müxtəlif enerji sahələri var. Məsələn, qravitasiya sahəsi planetimizi yerində saxlayan və atmosferi möhkəm şəkildə qoruyan bir qüvvə kimi dayanır. Bundan əlavə, Yerin daxilində fırlanan və keçirici materialın yaratdığı maqnit sahəsi, planetimizi günəş küləklərinin və radiasiyanın zərərli təsirlərindən qoruyur.
1968-ci ildə elm adamları, kosmik əsrə qədər fərq etmədiyimiz bir fenomeni təsvir etdilər. Yerin qütbləri üzərində uçan kosmik gəmi, Yer atmosferindən qaçan supersonik bir hissəcik küləyini aşkar edib. Bunun ən yaxşı izahı elektrik enerjisinin üçüncü sahəsi idi. Collinson, bu barədə açıqlamasında "Bu, ambipolyar sahə adlanır və xaos alətidir. O, cazibə qüvvəsinə qarşı çıxır və hissəcikləri kosmosa sürükləyir. Amma biz bunu əvvəllər heç vaxt ölçməmişik, çünki texnologiyamız yox idi. Beləliklə, biz bu böyük görünməz qüvvəni axtarmaq üçün Endurance raket gəmisini yaratdıq” deyə bildirib.
Ambipolyar sahənin necə işləməli olduğu bu şəkildə proqnozlaşdırılırdı: Təxminən 250 kilometr yüksəklikdən başlayaraq atmosferin ionosfer adlanan təbəqəsində həddindən artıq ultrabənövşəyi və günəş şüaları atmosfer atomlarını ionlaşdırır, mənfi yüklü elektronları sıradan çıxarır və atomu müsbət yüklü iona çevirir. Daha yüngül elektronlar kosmosa doğru uçmağa çalışarkən, daha ağır ionlar isə yerə doğru batmağa çalışır. Lakin plazma mühiti yükün neytrallığını qorumağa çalışır və bu, elektronlar və ionlar arasında onları bir-birinə bağlayaraq elektrik sahəsinin yaranmasına səbəb olur. Bu, ambipolyar sahə adlanır, çünki hər iki istiqamətdə də çalışır, yəni ionları aşağıya, elektronları isə yuxarıya doğru cəlb edir.
Bu ambipolyar sahə, inanılmaz dərəcədə zəif olduğundan, Collinson və komandası, onu aşkar etmək üçün gəmi hazırlayıb. Bu kontekstdə Endurance missiyası, 2022-ci ilin may ayında buraxıldı və dəyərli, çətinliklə əldə edilmiş məlumatları ilə 768.03 kilometr yüksəkliyə çatıb. Missiya isə uğurla başa çatıb. Çünki elektrik potensialında yalnız 0.55 voltluq bir dəyişmə ölçüldü. Bu isə lazım olan yeganə faktor idi. Collinson, vəziyyəti ümumi olaraq belə izah edib: "Yarım volt demək olar ki, heç bir şey deyil, sadəcə bir saat batareyası qədər güclüdür. Lakin bu, qütb küləyini izah etmək üçün düzgün dəyərdir". Tədqiqatın həmmüəllifi Alex Glocer-in fikrincə, bu, cazibə qüvvəsinə qarşı çıxmaq və hətta hissəcikləri supersonik sürətlə kosmosa buraxmaq üçün kifayətdir. Digər tərəfdən belə bir ərazinin varlığı Mars və Venera kimi planetlərdə də qiymətləndirilir.