Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.09.2024 21:32
  • A-
  • A
  • A+

AMEA-da “I Beynəlxalq Şah İsmayıl Xətai” konfransı işə başlayıb

AMEA-da “I Beynəlxalq Şah İsmayıl Xətai” konfransı işə başlayıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Türkiyə Cümhuriyyəti Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə görkəmli dövlət xadimi Şah İsmayıl Xətaiyə həsr olunmuş “I Beynəlxalq Şah İsmayıl Xətai konfransı işə başlayıb.

İki gün davam edəcək konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Avstriya, Böyük Britaniya və İran İslam Respublikasından 50-dən artıq alim və tədqiqatçı qatılıb.

Açılış nitqi ilə çıxış edən AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov Şah İsmayıl Xətaiyə həsr olunan ilk konfransın uğurla keçəcəyinə ümidvar olduğunu bildirib və iştirakçı alimlərə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin salamlarını çatdırıb.

“Müstəqillik dövrünün bizə verdiyi imkan daxilində Şah İsmayıl Səfəvi dövrünə tamamilə yeni, obyektiv dünya tarix elminin prioritetlərinə uyğun şəkildə baxmağa çalışırıq və bu istiqamətdə çox ciddi elmi dəyişikliklər etməyə cəhd göstəririk. Azərbaycan Səfəvi dövlətinin meydana gəlməsinin əhəmiyyətini nəzərə alaraq, həmin mərhələni hazırda ölkə tariximizin yeni dövrünün başlanğıcı kimi qəbul etməyə başlayırıq”, - deyə professor K.Şükürov qeyd edib.

Səfəvi dövlətindən bəhs edərkən K.Şükürov səfəvişünas alimlərinin rolunu xüsusi qeyd edib. Çıxışçı Azərbaycanın görkəmli alimi Oqtay Əfəndiyevin səfəvişünaslığı yeni mərhələyə qaldıran “XVI əsr Azərbaycan səfəvi dövləti” adlı fundamental monoqrafiyasından, eləcə də Səfəvi tarixinə və tarixşünaslığına dərindən bələd olan və bu mövzularda qiymətli əsərləri ilə tarix elmimizi zənginləşdirən digər səfəvişünas alimlərdən biri olan görkəmli tarixçimiz Şahin Fərzəliyevin “Əhsənüt-təvarix(“Tarixlərin ən yaxşısı”) ikicildliyinə toxunub. Professor hər iki əsərin dövrün mövcud mənbələri əsasında dərindən araşdırıldığını və tədqiqatçılar üçün qiymətli mənbə olduğunu bildirib.

Bu gün Azərbaycanın səfəvişünas alimlərinin yeni nəslinin də yetişdiyini fəxrlə qeyd edən K.Şükürov rəhbərlik etdiyi institutda səfəvişünaslığın əsas elmi istiqamətlərdən birinə çevriləcəyini, mövcud elmi potensialı orada birləşdirməklə bərabər, gənc araşdırmaçıların da yetişidirilməsinə çalışacaqlarını vurğulayıb.

Alim çıxışında Şah İsmayıl Xətainin sərkərdəlik fəaliyyəti ilə bərabər, Azərbaycan ədəbiyyatındakı rolundan danışıb, zəngin əsərlərinə, qəzəllərinə də nəzər yetirib, qısa təhlilini aparıb.

Daha sonra Türkiyənin Hacı Bayram Veli Universitetinin professoru Əhməd Taşğın Şah İsmayılın öz dövründə təkkənin varlığını dövlətdə, eyni zamanda dövləti təkkənin içərisində idarə etməyi bacaran bir şəxsiyyət kimi xarakterizə edib. Natiq bildirib ki, öz dövründə təkcə Azərbaycanda deyil, həm Xorasan və Hindistanda, həm də Anadolu və ətraf bölgələrdə təsir gücünə malik şəxs kimi günümüzdə də aktuallığını qoruyur.

Konfransa onlayn qoşulan Türkiyənin Hacettepe Universitetinin professoru Cenk Güray bu cür əhəmiyyətli tədbirin təşkilatında əməyi keçən hər kəsə təşəkkürünü bildirərək Şah İsmayılın bir şəxsiyyət olaraq Türk dünyasına təsirindən danışıb. Alim qeyd edib ki, o, türk dövlətçilik ənənələrini sənəti, mədəniyyəti ilə birgə qurduğu dövlətə gətirməyi bacarmışdır və bu təsir zaman-zaman özünü büruzə verir.

Açılış mərasiminə Türkiyənin Munzur Universitetinin professoru Əziz Ərdoğanın Şah İsmayıl Xətainin əsərlərinə bəstələnən saz ifası ilə yekun vurulub.

Daha sonra beynəlxalq konfrans öz işini bölmələrlə davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: