Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.09.2024 17:02
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda professsor Rəhim Mədətovun 75 illiyi ilə bağlı tədbir keçirilib

Radiasiya Problemləri İnstitutunda professsor Rəhim Mədətovun 75 illiyi ilə bağlı tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda f-r.e.d, professor Rəhim Mədətovun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

İnstitutun direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev tədbiri açaraq yubilyarın elmi fəaliyyəti barədə iştirakçılara məlumat verib və onu təbrik edib.

Rəhim Mədətovun həyatı və elmi fəaliyyəti haqqında AMEA-nın müxbir üzvü Oqtay Səmədov geniş məruzə ilə çıxış edib.

Rəhim Mədətov 1949-cu ildə Şəki şəhərində anadan olub. 1966-cı ildə orta məktəbi bitirib və həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Fizika fakültəsinə qəbul olub. 1971-ci ildə təhsilini tamamlayıb və Dəvəçi rayon Xalq Maarif şöbəsində fizika müəllimi vəzifəsində çalışıb. O, 1973-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasında elmi fəaliyyətə başlayıb, laboratoriya rəhbəri vəzifəsinə qədər uğurlu bir yol keçib.

R.Mədətov, eyni zamanda pedaqoji fəaliyyətlə də məşğuldur. Hazırda alim Azərbaycan Milli Aviasiya Akademiyasında fizika fənnini tədris edir. Belə ki Rəhim Mədətov, 2004-2008-ci illər ərzində Naxçıvan və Bakı türk liseyi şagirdlərini Beynəlxalq Ekoloji Elmi Layihə olimpiadalarına hazırlamış və onlar Bosniyada – 2 qızıl (2006), İstanbulda-1bürünc (2006), Braziliyada-1bürünc (2005), Bosniyada – 1 gümüş (2005) medallara layiq görülmüşlər.

İnstitutun laboratoriya rəhbəri professor Ş.Məmmədov, akademik A.Qəribov və alimin yetirməsi fizika elmləri doktoru F.Əhmədov R.Mədətovu təbrik edərək, yubliyarla bağlı xatirələrini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: