AMEA Rəyasət Heyəti aparatının II Xüsusi şöbəsində Akademiyanın elmi müəssisələrinin Mülki Müdafiə (MM) qərargah rəisləri ilə növbəti seminar-məşğələ keçirildi.
Tədbiri giriş sözü ilə II Xüsusi şöbənin rəisi Eldar Quliyev açaraq 2015-ci il ərzində Akademiyanın institut və təşkilatlarında mülki müdafiə üzrə görülən işlərdən danışdı. Şöbə rəisi hesabat ilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin, eləcə də AMEA prezidenti, akademik Akif Əlizadənin sərəncamları ilə həyata keçirilən tədbirlərin, təşkil edilən seminar və məşğələlərin əhəmiyyətindən söz açdı, MM qərargah rəislərini məlumatlandırdığını, maarifləndirmə xarakterli görüşlərin mütəmadi olaraq təşkil edildiyini bildirdi.
Eldar Quliyev bildirdi ki, 2015-ci ildə seminar-məşğələlərdə şöbənin dəvəti ilə müxtəlif elmi istiqamətlərdə alimlərin məruzələri dinlənilib, mülki müdafiə qərargah rəisləri ilə birgə AMEA-nın institut və təşkilatlarında fəaliyyət göstərən tibb üzrə sanitar qruplarla görüşlər təşkil olunub, zəlzələ və digər təbii fəlakətlər zamanı, həmçinin yanğın və ehtimal olunan fövqəladə hadisələrin təsirindən qorunmaq məqsədilə profilaktik tədbir görmək üçün rəhbər heyətin MM məşqi, xəbərdarlıq və toplanış məşqləri keçirilib. Cari ildə kənar təşkilatlarla da layihələrin həyata keçirildiyini söyləyən natiq AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsi, FHN-nin Akademiyası və FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti ilə birgə bir sıra tədbirlər keçirildiyini diqqətə çatdırdı.
Seminar-məşğələdə ölkənin müharibə şəraitində olduğunu nəzərə alaraq hər bir əməkdaşın mülki müdafiə sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı maarifləndirmə işlərinin aparılmasından da bəhs olundu.
Tədbirdə II Xüsusi şöbənin təşəbbüsü və iştirakı ilə FHN-nin MM Qoşunlarının şəxsi heyətinin köməyi nəticəsində AMEA-nın Əsas binasında yerləşən köhnə kitabxanadan Mərkəzi Elmi Kitabxananın yeni binasına kitabların köçürüldüyü nəzərə çatdırıldı. Hesabat ilində bir sıra əməkdaşın və AMEA Riyaziyyat və Mexanika İnstitutunun Fövqəladə Hallar Komissiyasının sədrinin FHN-nin MM kurslarında hazırlıq keçdiyini bildirən şöbə rəisi ötən ilin mülki müdafiə sahəsində təşkilati və metodiki baxımdan səmərəli olduğunu bildirdi. Vurğulandı ki, “Rəhbər heyətin məşqi” ən yüksək səviyyədə Aşqarlar Kimyası, Geologiya və Geofizika, Kataliz və Qeyri-Üzvi Kimya, Folklor, Dilçilik, Mikrobiologiya, Fəlsəfə və Hüquq, Şərqşünaslıq, Arxeologiya və Etnoqrafiya institutlarında, eləcə də Mərkəzi Nəbatat bağı, Mərkəzi Elmi Kitabxana və Şamaxı Astrofizika Rəsədxanasında keçirilib. Keçirilən məşqlər nəticəsində məlum olub ki, elmi müəssisələrin idarəetmə orqanları və MM qüvvələrinin şəxsi heyətləri üzərlərinə düşən vəzifələri yerinə yetirməyə qismən hazırdırlar.
Seminar-məşğələnin gündəliyində öz əksini tapan növbəti məsələ 2016-cı il üçün təşkilati göstərişlər barədə AMEA prezidentinin 10 dekabr 2015-ci il tarixli Sərəncamının icrası barədə oldu. Tədbirdə sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı geniş müzakirələr aparıldı.
Daha sonra 2016-cı ilin mülki müdafiə planlarının tərtib edilməsi haqqında elmi müəssisələrin MM qərərgah rəislərinin məlumatları dinlənildi, əldə olunan nailiyyət və mövcud çatışmazlıqlar ətrafında fikir mübadiləsi aparıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir