Sentyabrın 13-də AMEA-nın Folklor İnstitutu və “Folklorçular” İctimai Birliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda respublika elmi konfransı keçirilib.
İnstitutun direktor müavini dosent Afaq Ramazanova konfransın bütövlükdə Azərbaycan, eləcə də ümumtürk folklorunun ayrılmaz tərkib hissəsi olan Qərbi Azərbaycan folklorunun müasir vəziyyətinin öyrənilməsi, regional özünəməxsusluğunun üzə çıxarılması, Qərbi azərbaycanlıların tarixi torpaqlarından deportasiyası və bunun bölgə folkloruna təsirinin öyrənilməsi məqsədilə keçirildiyini qeyd edib. O, tədbirin Azərbaycan folklor coğrafiyasında özünəməxsus ənənələrə sahib olan bu bölgənin şifahi irsinin daha geniş miqyasda tədqiqinə imkanlar yaradacağına, yeni-yeni araşdırmaların meydana çıxacağına inamını ifadə edib.
Konfransda dosent Ağaverdi Xəlil “Qərbi Azərbaycan mərasim folklorunun aktual problemləri”, filologiya üzrə fəlsəfə doktoru Semiha Özel Yaman “Mövlud Süleymanlının “Köç” romanı köç fenomeni kontekstində”, Afaq Ramazanova “SMOMPK-da İrəvan mərasimləri”, dosent İlhamə Qəsəbova “Göyçə-Qazax aşıq mühitlərinin sənət əlaqəsi”, professor Elmira Məmmədova-Kekeç “Qərbi Azərbaycanın Dəstəgird qəsəbəsində ziyarət yerləri” mövzularında məruzə ilə çıxış ediblər.
Konfrans öz işini bölmə iclaslarında davam etdirib. Qərbi Azərbaycanın şifahi irsinin müxtəlif aspektlərdən araşdırılmasını əhatə edən müxtəlif məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.
Sonda məruzəçilərə sertifikatlar təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.