Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin həyatı və yaradıcılığı şairin hələ özünün yaşadığı dövrdən etibarən öyrənilməyə başlanmışdır. XVI əsrdən başlayaraq XX əsrə qədər meydana çıxmış elə bil təzkirə göstərmək mümkün deyildir ki, orada Məhəmməd Füzulidən bəhs olunmasın. Məhəmməd Füzuli irsinin tədqiqində təzkirəçilikdən elmi tədqiqata keçid XX əsrin əvvəllərində baş vermiş və son yüzillikdə bu sahədə mühüm elmi nailiyyətlər əldə olunmuşdur. Görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin 1938-ci ildə namizədlik dissertasiyası kimi müdafiə olunmuş və ilk dəfə 1958-ci ildə akademik Həmid Araslının redaktorluğu ilə kitab halında nəşr edilmiş “Füzuli sənətkarlığı” monoqrafiyası Azərbaycanda fundamental Füzulişünaslığın təməl kitablarından biridir.
Məhəmməd Füzulidən bəhs edən əksər müəlliflər onun “Elmsiz şeir əsası yox, divar olur” kimi şairin elmə münasibətini ifadə edən məqama diqqət yetirmişlər. Lakin ilk dəfə olaraq Mir Cəlal Paşayev böyük şeir ustadı Məhəmməd Füzulidən həm də alim kimi söz açmışdır. Əlbəttə, Məhəmməd Füzuli din, dil, dövran, fələk və şair, qəzəl haqqında həm də mükəmməl elmi söz demiş mütəfəkkir şəxsiyyətdir. Məhəmməd Füzulini “Cavahiratı elmdən” dərindən xəbərdar olan alim kimi səciyyələndirən Mir Cəlal müraciət etdiyi mövzu ilə əlaqədar olaraq, onun şeir sənətinə dair elmi baxışlarını sistemli şəkildə araşdırıb, şairin poetika sahəsindəki xidmətləri haqqında ümumiləşdirilmiş elmi təsəvvür yaratmışdır. Məhəmməd Füzulinin ümumiyyətlə şeir sənəti, xüsusən də söz, qəzəl janrı, şairin ədəbi ictimai mövqeyi, məzmunla formanın vəhdəti, bədii təxəyyül, tarixi mövzu və müasir yanaşma və sair kimi məsələlər haqqındakı fikirlərini Mir Cəlal müəllim ustad şairin öz sözlərindən istifadə etməklə obyektiv şəkildə dəyərləndirmiş və bu məsələlərə münasibətdə ustad şairin həm də dövrünün söz xiridarı olan alim kimi çıxış etdiyi qənaətinə gəlmişdir. Mir Cəlal müəllim haqlı olaraq belə fikirdə olmuşdur ki, Məhəmməd Füzulinin “Söz” qəzəli mükəmməl bir ədəbiyyatşünaslıq nümunəsidir. O, həmçinin Məhəmməd Füzulinin böyük qəzəl ustadı olmaqla bərabər, həm də dərin biliyə malik mahir bir qəzəl nəzəriyyəçisi olduğunu da isbat etmişdir. Bütün bunlar isə Məhəmməd Füzulinin öz dövrünün mükəmməl bir ədəbiyyat nəzəriyyəçisi olduğunu deməyə əsas verir.
Məlum olduğu kimi, Füzuli eşqinin məzmunu və mahiyyəti məsələsi də XX əsr Füzulişünaslığında mübahisəli mövzulardan biri olmuşdur. Bir çox tədqiqatçılar Füzulinin eşq məsələsinə münasibətindən söz açarkən onun “platonik eşq”in tərənnümçüsü olması qənaətinə üstünlük vermişlər. Azərbaycan füzulişünaslığında ilk dəfə olaraq Mir Cəlal Paşayev Məhəmməd Füzuli eşqinin həyati əsaslara malik olan dünyəvi eşq kimi xarakterizə etmişdir. “Platonik eşq” məsələsinin populyazrlqı qazandığı dövrdə Mir Cəlal Paşayevin Füzuli eşqinin həyati və dünyəvi eşq olduğunu bəyan etməsi bu məsələdə füzulişünaslığın səmtini dəyişdirən mühüm elmi-nəzəri müddəa olmuşdur: “Füzulinin eşqi əsasən real, maddi, insani, həqiqi eşqdir. Buradakı aşiq də, məşuq də “fələklər, mələklər” aləmindən gəlmə yox, ictimai münasibətlərin məhsulu, canlı insandır. Onların yüksək mənəvi həyatı olduğu kimi, adi, təbii məişət həyatları da vardır… Füzuli eşqinin məzmunu dərin, dərəsi isə genişdir. Füzulinin eşqi əsirlik bilməyən, din ehkamı və adətlər çərçivəsinə sığmayan, ancaq yüksək mənəviyyatlı bir insanın daxili ehtiyac və mənəvi tələblərindən doğan odlu, azad, qanadlı bir eşqdir”.
Sənətkarlıq baxımından Məhəmməd Füzulinin türk-müsəlman dünyası ədəbiyyatında görkəmli yer tutması qənaəti geniş mənada şərqşünaslıqda da, Azərbaycan ədəbiyyatşünaslığında da qəbul edilmiş obyektiv elmi reallıqdır. Bununla belə, bədii təsvir və ifadə vasitələrindən istifadə, şeirlərində məcazların orijinallığı və zənginliyi dönə-dönə etiraf edilsə də, sənətkarlıq, poetika cəhətdən xüsusi aktuallıq kəsb edən bu məsələ uzun dövr ərzində ayrıca bir tədqiqatın mövzusu olmamışdır. Azərbaycan ədəbiyyatşünaslıq elmində ilk dəfə olaraq Mir Cəlal Paşayev Məhəmməd Füzuli yaradıcılığının sənətkarlıq xüsusiyyətlərini ədəbiyyatşünaslıq tədqiqatlarını diqqət mərkəzinə çəkmişdir. Fikrimizcə, Mir Cəlal Paşayevin namizədlik dissertasiyası kimi yazdığı tədqiqatını “Füzuli sənətkarlığı” adlandırılması təsadüfi olmayıb, təqdim olunan əsərin əksər fəsillərində dahi şairin fərdi özünəməxsusluğundan, sənətdə göstərdiyi fərqli şücaətdən bəhs edildiyini özündə birləşdirir. Doğurdan da, “Füzuli sənətkarlığı” monoqrafiyası tam mənada Füzulinin poetikasına həsr edilmiş mötəbər nəzəri əsərdir. Hətta monoqrafiyadakı ilk baxışdan daha çox ədəbiyyat tarixçiliyi təəssüratı yaradan “Nizami və Füzuli” “Ölməz Məhəbbət dastanı”, “Rindü və Zahid”, “Bədii nəsri” adlandırılan bölmələrdə də Mir Cəlal Paşayev mövzuya dair ədəbiyyat tarixinə aid məlumatları nəzərə çatdırdıqdan sonra, məsələnin poetikasını, sənətkarlıq xüsusiyyətlərini ön mövqeyə çəkmişdir. Mir Cəlal Paşayevə görə, Məhəmməd Füzuli yaradıcılığı mövzusundan və janrından asılı olmayaraq, bütövlükdə ədəbiyyatda insanlığın mahiyyətini “Zəngin, əngin və rəngin” şəkildə, bənzərsiz surətdə açıb təqdim edən nadir sənət nümunəsidir. Məhz yaradıcılığındakı orijinal ideya-sənətkarlıq xüsusiyyətlərinə görə Mir Cəlal Paşayev böyük Azərbaycan şairi Məhəmməd Füzulini geniş mənada “Lirik şeirimizin atası” miqyasında qiymətləndirir: “Füzulinin böyük sənətkarlıq hünəri orasındadır ki, o, işlənmiş söz, istifadə formalarına tam yeni, orijinal şəkil, yeni məna, yeni məzmun və xarakter verir… Predmetə, obyektə, həyati hadisəyə heç bir şairin yanaşmadığı bir dəqiqliklə yanaşır. Predmetə yanaşanda onun kölgədə qalmış bədii fanarla hələ indiyə qədər işıqlandırılmamış tərəflərini işıqlandırır. Buna görə də böyük şairin sənəti hamıdan fərqlənir, surətləri, hətta zahirən təkrar görünən bədii surətləri də tam orijinal, tamam müstəqil xarakter daşıyır. Buna görə də Füzuli haqlı olaraq lirik şeirimizin (ədəbiyyatımızın – İ.H.) atası sayılır. O, ədəbiyyat tariximizdə qəlb aləminə vaqif olan və bu aləmin həyatı hərtərəfli, xüsusi bacarıqla, gözəl və şirin bir formada ifadə edən dahi şairdir.”
Mir Cəlal müəllim haqlı olaraq Məhəmməd Füzulinin sənətkarlığını onun əsərlərinin dili ilə üzvi əlaqədə araşdırmaqla ümumiləşdirilmiş nəticələr çıxarmışdır. Bu ona görə doğru elmi yanaşmadır ki, sənətkarların əsərlərindəki bədii təsvir və ifadə vasitələri onların mənsub olduqları xalqın dilinin zənginliyinin, poetik imkanlarının genişliyinin bədii ifadəsindən ibarətdir. Məcazlar xalqın dilinin daxili zənginliyinin şair tərəfindən obrazlı şəkildə ifadəsi vasitəsilə yaradılan təsvir vasitələridir. Bu baxımdan Mir Cəlal Paşayevin Füzulinin şeirinin sənətkarlığının öyrənilməsinə şairin əsərlərinin bədii dil xüsusiyyətlərinin araşdırılması ilə birlikdə, vəhdətdə baxması obyektiv elmi yanaşmadır. Mir Cəlalın yanaşmalarında dil ağacın gövdəsi, məcazlar isə onun budaqları, yarpaqları və çiçəkləridir. Ona görə də Mir Cəlalın Məhəmməd Füzulisi Azərbaycan xalqının milli mənəviyyatının, dilimizin bağrından qoparaq, qeyri-adi dərəcədə obrazlı düşünmək və tərənnüm etmək istedadına malik olan qüdrətli sənətkarlıq nümunəsidir.
Azərbaycan dilində yaranan poeziya XIII əsrdən etibarən yaranıb inkişaf etsə də, XVI əsrdə Məhəmməd Füzuli türk dilinin-ana dilinin geniş və zəngin daxili imkanları əsasında yüksək poeziya standartı yaratmaqla Azərbaycan ədəbiyyatını xarici dillərin monopoliyasından birdəfəlik xilas etmək vəzifəsini ümummilli missiya kimi qəbul etmiş və yerinə yetirmişdir. Mir Cəlalın bildirdiyi kimi, “ona görə də böyük şair Azərbaycan dilində incə şeir yazmağın hünər istədiyini”, – deyir və özü bu hünəri əməldə bütün parlaqlığı ilə göstərirdi... Füzuli şeirində ərəb və fars kəlmələrinin bolluğuna baxmayaraq, dil öz quruluşu, sistemi, bədiiliyi, səhihliyi etibarilə anlaşıqlı və sadədir. Mir Cəlal ilk dəfə yazmışdır ki, “Füzuli şeirində dilin xalq ruhu, xalq ifadə formaları, hətta çox yerdə canlı danışıq dilinin xüsusiyyətləri saxlanılmışdır”. Aşağıdakı ümumiləşdirilmiş nəzəri qənaət də Məhəmməd Füzulinin dilinə münasibətdə yeni və gerçək elmi baxışın ifadəsidir: “Füzuli yalnız özündən əvvəlki klassik şeir dilinə, ədəbi dilə yox, ...ən çox xalq dilinə əsaslanmışdır”. Azərbaycan ədəbiyyatşünaslığında məhz Mir Cəlal müəllim ilk dəfə Məhəmməd Füzulinin ədəbi dilimizə gətirdiyi “qabaq”, “quymaq”, “iplik”, “yasdıq”, “başmaq”, “birçək”, “çanax” və sair kimi xalq danışıq dilində işlədilən sözləri seçib tapmış, ondan əvvəl ana dilimizdə yazan şairlərin əsərlərinin lüğət tərkibi ilə müqayisə edərək, şairin azərbaycanlı olması haqqında qəti fikir söyləmişdir. Məhəmməd Füzulinin Azərbaycan atalar sözləri və məsəllərindən, söz birləşmələrindən yaradıcı şəkildə faydalanması istedadının Mir Cəlal Paşayev şərhləri ustad sənətkarın ana dili fəlsəfəsini tam olaraq başa düşməyə imkan yaradır.
Özünəməxsus məcazlar sistemi yaratması baxımından Məhəmməd Füzulinin təkrarsızlığı “Füzuli sənətkarlığı” monoqrafiyasının baş mövzusudur. Mir Cəlal monoqrafiyanın “Qəzəllər haqqında”, “Bədii dil xüsusiyyətləri”, “Şeir mədəniyyəti-texnika”, “Bədii məntiq”, “Lirika” kimi bölmələrində Füzuli sənətkarlığının şah damarı olan bədii təsvir və ifadə vasitələrindən yaradıcı istifadənin müxtəlif aspektlərindən yüksək nəzəri səviyyədə bəhs etmişdir. Füzuli şeirində yüksək yer tutan epitetlərin “bütün misra boyu çəkilən bədii lövhəyə uyğunluğu” və şairin nadir “epitetli tərkiblər” yaratmasını müşahidə edən Mir Cəlal nəzəri qənaətlərini onun şeir xəzinəsindən aldığı bədii nümunələr əsasında formalaşdırır. Füzulinin şeirlərindəki “bədii bəzəklərdən” biri olan mübaliğələrin şairin yaradıcılığında tutduğu yeri və ifadə etdiyi mənaları izah etmək üçün “Leyli və Məcnun” poemasından seçib təhlilə cəlb etdiyi “Səhraya düşüb günəş misalı, tənha yürür oldu laübalı” beyti ilə başlanan parçadakı mübaliğələrə dair verdiyi açıqlama həm böyük lirika ustadının əlçatmaz sənətkarlığını və həm də Mir Cəlal Paşayevin bədii mətnin nəzəri dərkində və şərhində göstərdiyi elmi məharəti əyani şəkildə nəzərə çatdırır. Mir Cəlal Paşayevin şərhində “Leyli və Məcnun” poemasından seçilmiş parçada “Məcnunun göz yaşı yağış kimi, ahı isə ildırım kimi təsirlidir. Bu təsirin şiddəti elədir ki, “göz yaşından bir damla səhraya düşsə, səhralar dənizə çevrilər. İldırımın bir qığılcımı dəryalara düşsə, dəryalar səhraya çevrilər”. Bu izahlardakı bir damla gözyaşının səhraları dənizə çevirmək qüdrəti, yaxud ildırımın bir qığılcımının dəryaları səhraya döndərmək gücü haqqındakı qənaətlər sadə ədəbiyyatşünas gözü ilə baxanda təşbeh kimi görünən bədii təsvir vasitəsinin əslində qeyri-adi bir mübaliğə olduğunu elmi cəhətdən təsdiq edir.
Füzulinin təşbeh-bənzətmə dünyası haqqında da Mir Cəlalın təhlilləri şairin sənətkarlığının əlçatmazlığını dərk etmək üçün çox dəqiq qənaətlərdən ibarətdir. “Füzuli sənətkarlığı” kitabında təhlili verilmiş çoxsaylı bədii nümunələrdəki təşbehlərdən biri haqqındakı elmi fikirlər ustad şairin dahiyanə sənətkarlıq imkanlarına malik olan yaradıcı bədii düha olduğunu meydana qoymaq baxımından dərin və əsaslı mülahizələrdən yoğrulmuşdur. “Bülbülü qəmzədəyəm, baği-baharım sənsən, Dəhəmi qəddü rüxün qönçəvü sərvü səmənim” beytində Füzulinin silsilə təşbehlər yaratmaq istedadını Mir Cəlal əsl alim olaraq açıb aşağıdakı kimi aydınlaşdırmışdır: “Bu kiçik beytdə sözə son dərəcə qənaətlə bərabər, beş qüvvətli təşbeh verilmişdir. Nisbətən “həmcins” olan bu təşbehlərin yanaşı yazılması ilə yenə maraqlı bir bədii lövhə yaradılmış olur: şair bülbüldür, məşuqə bahar bağıdır. Məşuqənin dodaqları bağın qönçəsidir, boyu bağın sərvidir, üzü isə bağın yasəmənidir.
Bu da maraqlıdır ki, şair heç vaxt bənzəyən ilə bənzədiləni yanaşı yazmağı vacib saymır. Bu misrada, əksinə, o, bütün bənzəyənləri misranın bir tərəfinə, bənzədilənləri də o biri tərəfinə yığmışdır:
...Dəhənü qəddü rüxün
Qönçəvü sərvü səmənim”.
Bütün bunlardan sonra Mir Cəlal Paşayevin “silsilə təşbehlər Füzuli bədii dilinin ən zəngin xüsusiyyətlərindəndir”, – kimi ümumiləşdirilmiş elmi nəticə çıxarması elmi cəhətdən çox təbii və məntiqli alınır. Bütövlükdə isə Mir Cəlalın nəzəri qənaətlərini Füzuli şeirinin daxili məntiqi əsasında formalaşdırması ədəbiyyatşünaslıq baxımından son dərəcə zəruri və əhəmiyyətlidir. Etiraf edilməlidir ki, əksər hallarda ədəbiyyatşünaslar bədii mətnə özlərinin formalaşdırdıqları, yaxud müxtəlif elmi mənbələrdən aldıqları hazır elmi müddəalardakı fikirləri təsdiq etmək üçün, habelə misal, nümunə gətirmək məqsədilə müraciət edirlər. Belə məqamlarda haradansa alınmış və ya uydurulmuş, təxmin edilmiş, irəli sürülən nəzəri müddəanın hər hansı bir bədii nümunə ilə təsdiqlənməsi haqqında bəhs edilən yazıçı və şairin yaradıcılığı ilə uyğunlaşdırılsa da, bütövlükdə onun sənətinin mahiyyəti ilə tam olaraq səsləşmədiyini də müşahidə etmək mümkündür. Bu cəhətdən ümumiyyətlə elmi əsərlərində, o cümlədən də “Füzuli sənətkarlığı” monoqrafiyasında böyük sənətkarın özünəməxsusluğu haqqındakı elmi fikirlərin və qənaətlərin onun şeirlərinin və digər janrlarda yazılmış bədii əsərlərinin daxili məntiqindən çıxarılaraq formalaşdırılması Mir Cəlalın görkəmli bir elm xadimi kimi özünəməxsusluğunu müəyyən edir. Buna görə də “Füzuli sənətkarlığı” monoqrafiyası sözün həqiqi və tam elmi mənasında Məhəmməd Füzuli sənətinin mahiyyətindən doğan və şairin yalnız özünə məxsus olan sənətkarlıq xüsusiyyətlərini meydana qoyur. Füzulinin fərdi sənətkarlıq xüsusiyyətlərini, məcazlarını hər hansı bir digər şairə aid etmək mümkün deyildir. ona görə də bu, Füzuli sənətkarlığı haqqında onun fərdi sənət dünyasının işığında yaradılmış fərqli elmi əsər kimi mühüm əhəmiyyətə malikdir. Məhz Azərbaycan ədəbiyyatına bu qədər dərindən bələd olması, yazıçı və şairlərin sənət aləmindəki fərqli özünəməxsusluqlarını görüb qiymətləndirməsi Mir Cəlal Paşayevin “Ədəbiyyatşünaslığın əsasları” kimi ədəbiyyat nəzəriyyəsinə dair qiymətli bir dərsliyin, “Azərbaycanda ədəbi məktəblər” miqyasında fundamental bir monoqrafiyanın meydana qoyulmasına gətirib çıxarmışdır.
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı, ümumiyyətlə eşq şairi kimi tanınmış, məhəbbət lirikasının şedevrlərini yaratmış Məhəmməd Füzulinin şeir dünyasının əhatə dairəsinin genişliyi haqqında aydın elmi təsəvvür yaradır. İlk dəfə olaraq Mir Cəlal Paşayev sözü həmişə aşiqanə olan Məhəmməd Füzulinin təbiət lövhələri və dini mərasimlər haqqında da orijinal şeirlər yazmasını elmi fikrin diqqət mərkəzinə çəkmişdir. Mir Cəlal müəllim Füzuli şeirlərini diqqətlə araşdırarkən yəqin etmişdir ki, “Füzuli şeirində biz gözəl təbiət lövhələri, peyzajlar görürük”. Və tədqiqatçı bu qənaətə gəlmişdir ki, “Füzuli insanın, bəşər gözəlliyinin məftunu olduğu kimi, zəngin təbiətin də, təbiət gözəlliklərinin də məftunu idi”. Şairin bahara, payız fəslinə və qış lövhələrinə həsr etdiyi şeirləri onun peyzaj lirikasının da istedadlı yaradıcılarından olduğunu göstərir. Füzulinin məhəbbət şeirləri ilə müqayisədə peyzaj lirikası nümunələri geniş ictimaiyyətə və oxuculara, demək olar ki, bəlli olmadığından Mir Cəlalın onun şeir xəzinəsindən seçib yüksək qiymət verdiyi bahara həsr edilmiş bir şeirini müəyyən ixtisarla oxuculara çatdırmağı faydalı hesab edirik:
Seyr qıl, gör kim, gülüstanın nə abü tabı var,
Hər tərəf min sərvi-sərsəzü güli-sirabı var.
...Bulunur hər dərdə istərsən gülüstanda dəva,
Höqqəsində qönçənin sanki şəfa gülabı var.
… Ğalib olmuş xəlqə zövqi-seyri-gülşən, ğaliba,
Çəkməyə xəlqi bənəvşə zülfünün qullabı var.
Bundan başqa, Mir Cəlal Paşayev Füzulinin eşq şeirlərindən ibarət olan şeir divanından ictimai məzmunlu lirika nümunələrini də seçib ayırmışdır. Mir Cəlalın Füzuli lirikasının ideya-məzmuna görə təsnifatında aşiqanə qəzəllər, təsviri qəzəllər və minacat, nət ruhunda olan rəsmi qəzəllər, yəni dini məzmunlu qəzəllərlə yanaşı, ictimai-fəlsəfi qəzəllər də ayrıca istiqamət kimi qeyd olunmuşdur. Lakin Mir Cəlal müəllim o fikirdədir ki, Füzulinin sırf “ictimai-siyasi hadisələrə, ya fəlsəfi bir problemə həsr olunmuş qəzəlləri yox kimidir”. Şair ictimai-fəlsəfi fikirlərini əsasən mürəbbe, rübai, qitə və qəsidələrində, poemalarında ifadə etmişdir. Buna baxmayaraq, Mir Cəlal az sayda olsa da, Füzulinin ictimai-fəlsəfi qəzəllərini də müəyyən edib, onun bu sahədəki ədəbi xidmətlərinin də elmi qiymətini vermişdir. Mir Cəlalın təhlil üçün ayırdığı bir qəzəlini dəyərləndirməsi Füzulinin ictimai-fəlsəfi lirika sahəsindəki baxışlarını tam təsəvvür etməyə imkan yaradır. “Füzuli sənətkarlığı”nda haqlı olaraq Məhəmməd Füzulinin “həyat piyaləsinin üzü üstə çevrildiyini” mənalandıran “Dust bipərva, fələk birəhm, dövran bisükun, Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbu” beyti ilə başlanan qəzəli Azərbaycan poeziyasında yüksək sənətkarlıqla yazılmış ictimai-fəlsəfi şeirə ən mükəmməl nümunə kimi təqdim olunur. Haqlı olaraq qeyd olunur ki, “mövzunun dairəsi nə qədər geniş olsa da, şair vahid bir bədii istiqamət ilə gedərək, çox əhatəedici, ümumiləşdirici və qabarıq surətdə gözəçarpan obyekt və vasitələr alır, bununla öz fikrini oxucuya aşılayır. Mövzusunun genişliyinə, fikrin dərinliyinə müvafiq olaraq şairin misraları çox qısa, ifadələri çox konkret, obrazları çox aydın verilmişdir. Bu qəzəli oxumaqla oxucu Füzulinin dövrü, o dövrdəki ictimai münasibət, cəmiyyət həyatı haqqında təsəvvür, məlumat almış olur”.
Qeyd etmək lazımdır ki, Mir Cəlal Paşayev Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasını ədəbiyyat tarixçiliyi ilə ədəbiyyat nəzəriyyəsinin işığında təhlil etmişdir. Monoqrafiyada “Leyli və Məcnun” poemasının yaranma tarixçəsi mövzusu və ideyası, Qeysin tarixi şəxsiyyət olub-olmaması, Nizami Gəncəvinin eyniadlı poeması haqqında verilmiş məlumatlar Mir Cəlalın ədəbiyyat tarixçisi kimi də professional elm xadimi olduğunu göstərir. Lakin Mir Cəlal müəllimin özünün də etiraf etdiyi kimi, “bu yüksək sənət abidəsi (“Leyli və Məcnun poeması” – İ.H.) haqqında indiyə qədər (elə indi də – İ.H.) çox tədqiqat getmiş, çox əsərlər yazılmışdır. Ancaq buradakı zəngin sənətkarlıq xüsusiyyətlərini, sənətin ən ecazkar lövhələrini təşkil edən parlaq şeir nümunələrini, oradakı yaradıcılıq sirlərini dərindən öyrənməyə az fikir və diqqət yetirilmişdir”. Bu mənada Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” monoqrafiyasındakı “Ölməz məhəbbət dastanı” adlanan bölmə Məmməd Füzulinin “Leyli və Məcnun” poemasının sənətkarlıq xüsusiyyətlərinə həsr edilmiş ilk əhəmiyyətli tədqiqatlardan biri kimi ədəbiyyatşünaslıq elmində həmin sahədə mövcud olan boşluğu doldurmağa xidmət edir. Əvvəla, Mir Cəlal digər poemalardan fərqli olaraq, Füzulinin “Leyli və Məcnun” poemasının nəinki bədii haşiyələr və ricətləri ilə hətta “alovlanmaqda, yanmaqda olan iki varlığın qəlbinin sarsıntılarını, …. bu aşiqlərin … hüdudbilməz həyəcan və tüğyanlarını təsvir və tərənnüm edən ruhi həyəcanların inkişafını” əks etdirən süjetlərinə görə də lirizmin ardıcıllığı ilə yazılmış qeyri-adi poema kimi təqdim edir. İkincisi, Mir Cəlal müəllim “Leyli və Məcnun” poemasında Məcnunun dilindən verilən qəzəllərin, Leylinin oxuduğu və eşitdiyi təranələrin obrazların xarakterlərini açmağa xidmət etməklə yanaşı, əsərin bədii təsir gücünü, lirizmini daha da gücləndirən poetik vasitələr olduğunu müəyyən etmişdir: “Bir qayda olaraq poema boyunca aşiqlərin halına müvafiq məzmunlu qəzəllər ara-sıra süjeti bəzəyir. Bu qəzəllər əlbət ki, öz-özlüyündə yüksək şeir nümunələri olmaqdan başqa, gənclərin faciəvi sevgi macərasının ayrı-ayrı xarakter mərhələlərini əks etdirmək cəhətindən də çox münasib və qiymətlidir”. Nəhayət, üçüncüsü isə, “Füzuli sənətkarlığı” monoqrafiyasında “Leyli və Məcnun poeması poetika baxımından tədqiq olunmuş, necə deyərlər, şairin poema janrı sayəsindəki sənətkarlıq aləmi açılıb göstərilmişdir. Obrazların təhlilində də müəllif orijinal elmi ümumiləşdirilmiş nəzəri qənaət irəli sürür: “Məcnun bütün varlığını cananı yolunda fəda edən vəfadardır… Məhəbbət nəinki bu surətlərin mənəviyyatında, hətta ümumən həyatında da hakim hiss və qüvvədir. Böyük şair epizodik surətlərdə də sevginin ecazkar qüdrətini, hər şeydən üstün olduğunu, ən yüksək məna kəsb etdiyini göstərir”.
“Füzulidə alleqoriya” fəslində alleqoriyanın ədəbi termin kimi mənası və Şərq ədəbiyyatındakı yeri açıqlandıqdan sonra Məhəmməd Füzulinin alleqorik əsərlərindən geniş söz açılmışdır. Monoqrafiyada Füzulinin “Səhhət və Mərəz”, “Bəng və Badə”, “Həft cam” (“Şaqinamə”) kimi alleqorik əsərləri haqqında ümumi məlumat verilmiş, lakin “Həft cam” poeması geniş təhlil olunmuşdur. “Füzuli sənətkarlığı”nın yazıldığı dövrdə Füzulinin “Söhbətül-əsmar”, (“Meyvələrin söhbəti”) adlı alleqorik əsəri elm aləminə bəlli olmadığı üçün monoqrafiyada ondan söz açılmamışdır. “Həft cam” (“Şaqinamə”) alleqorik əsərini seçib ayırması isə Mir Cəlalın özünün yazdığı kimi, həmin əsərin Füzulinin alleqorya sahəsindəki ustalığını və orijinallığını sübut etməkdən başqa, bir də ona görə maraqlıdır ki, şairin müasir elmlərə, nəzəriyyələrə nə dərəcədə dərindən vaqif olduğunu, real həyati, böyük əxlaqi nəticələr çıxarıb təbliğ etdiyini, habelə sənət, musiqi haqqında islam ehkamını çox məharətli bir şəkildə … dəf etdiyini də göstərir”. Ədəbiyyatşünaslıq elmində klassik Şərq ədəbiyyatında “Şahnamə”lərin, “İskəndərnamə”lərin dəbdə olduğu bir vaxtda Füzulinin “Saqinamə” kimi öz dövrü üçün “təhlükəli mövzuda” əsər yazması Füzulinin dünyəvi baxışları ilə əlaqələndirilmişdir. Lakin Mir Cəlal XX əsrin əllinci illərində nə qədər çətin olsa da, açıq və qəti şəkildə göstərir ki, “Füzuli ateist olmamışdır, dinə, xüsusən islam ehkamına inanmışdır… Ancaq şairin din təbliğatçılarına, bu savadlı fırıldaqçılara, dini ehkamın icrasında gördüyü rəzalətlərə olan nifrəti də ar-aşkar bir həqiqətdir”. Yeri gəlmişkən, qeyd etməyi lazım bilirəm ki, Mir Cəlal müəllimin Məhəmməd Füzulinin dinə münasibəti haqqında sovet-ateist hökumətinin din əleyhinə mübarizə apardığı dövrdə irəli sürdüyü model bizim günlər üçün də qəbul ediləndir. Hər kəsə məlumdur ki, “Könül səccadəyə basma ayaq, təsbihə əl vurma, məscidə basma ayaq, namaz əhli ilə oturma-durma” kimi beytlərində ifadə olunan fikirləri nəzərə alaraq Məhəmməd Füzulinin sovet dövründə ateist şair kimi göstərməyə cəhd edilmişdir. Müstəqillik dövründə isə dini motivli şeirlərinə, məsələn, ramazan bayramını tərif etdiyi qəzəlinə görə Füzulini dindar şair olaraq təqdim etmək cəhdləri vardır. Bu baxımdan, Mir Cəlalın müəyyən etdiyi “dünyəvi baxışlara malik olan dindar şair” formatı Məhəmməd Füzulinin dinə münasibətini dəqiq müəyyən edir. Orasını da qeyd etməmək olmaz ki, nə “Füzuli sənətkarlığı” kitabının yazıldığı 1938-ci ildə və nə də monoqrafiya kimi nəşr edildiyi 1958-ci ildə hər hansı başqa bir sənətkardan, o cümlədən də Məhəmməd Füzulidən “dünyəvi baxışlara malik dindar şair” olaraq söz açmaq heç də asan məsələ deyildi. Mir Cəlal müəllimin məsələni aydınlaşdırmaq üçün “Həft cam” (“Yeddi cam” – “Saqinamə”) əsərinə istinad etməklə heç birini tənqid etmədən vaizlə şairin dinə və musiqiyə münasibətlərini aydınlaşdırmaq priyomu əsasında yumşaq şəkildə irəli sürdüyü “Dünyəvi fikirli dindar şair” formatı dövrün senzurasının da üstündən keçə biləcəyi mülahizə olmuşdur. “Saqinamə” poemasının təhlili prosesində də Mir Cəlal əsas diqqəti alleqorik şəkildə altı “həmdəm” saydığı musiqi alətlərinə və mütrüblə dialoqa, tarixi əhvalatların gündəmə gətirilməsinin təhlilinə yönləndirməklə dini motivlərə münasibət bildirməkdən sanki yan keçməyə çalışmışdır. Həm də Mir Cəlalın doğru olaraq yazdığı kimi, Füzuli musiqi alətlərinin timsalında etibarsızlıq və vəfasızlıq haqqında hekayətləri təsvir edərək, mütrübün simasında insanın mənəvi dəyanətini və bütünlüyünü vəsf etmiş, “dünyəvi fikirli dindar şair” haqqındakı qənaətini bu təhlillərin içində çox da diqqəti cəlb etməyən şəkildə bildirmişdir.
Genişhəcmli əsərləri sırasında Mir Cəlal Füzulinin “Rind və Zahid” əsərini də ayrıca təhlil etmişdir. İki səbəbdən: birincisi, şair və nasir kimi təqdim etdiyi Füzulini filosof mütəfəkkir olaraq da göstərmək üçün; ikincisi isə “Rind və Zahid”in Azərbaycan və ümumiyyətlə Şərq ədəbiyyatında geniş yer tutan Rind (azadpərəst) və Zahid (axirətpərəst) münaqişəsinə yekun vuran fərqli yaratmaqdan ötrü “Rind və Zahid” Azərbaycan ədəbiyyatına “atalar və oğullar” problemlərinə həsr edilmiş ilk və fərqli bədii əsər kimi də ayrıca təhlilə layiqdir. Rus və dünya ədəbiyyatında olduğu kimi, Məhəmməd Füzulinin “Rind və Zahid” əsərində də nə qədər ağıllı görünsə də, dövrünün ehkam və ənənələrindən kənara çıxa bilməyən, yalnız oğlunun səadətini düşünən Ata ilə mütləq həqiqətə çatmaq yolunda daha çox cəmiyyətin yeniləşdirilməsinə və inkişafına üstünlük verən Rind (oğul) arasındakı fikir ayrılıqları diqqət mərkəzinə çəkilmişdir. Mir Cəlal Paşayev fəlsəfəsi mahiyyət daşıyan bu aktual ictimai-mənəvi məsələdə Füzulinin mövqeyinin həm “yenilik hislərinə malik olan, azad düşüncəli dərin mühakiməli” Rindin diqqət mərkəzinə çəkmək və həm də “ehkamlara kor-koranə boyun əyən” atanın həqiqətə çatmaq üçün təkamülə, dəyişməyə ehtiyacı olduğunu yeniləşməyə üstünlük vermək niyyəti kimi təzahür etdiyini göstərmək idi. Fikrimcə, cəmiyyətin inkişafı naminə yalnız oğulların deyil, Mir Cəlal Paşayevin müşahidə etdiyi kimi, həm də ataların yeniləşməyə möhtac olduqlarını göstərməsi Füzulini “Rind və Zahid”ini dünya ədəbiyyatındakı “Atalar və oğullar” probleminə həsr edilmiş əsərlərdən fərqləndirir.
“Füzuli sənətkarlığı” çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan Məhəmməd Füzulinin nəsr sənətkarlığına elmi cəhətdən gur işıq salır. İlk növbədə qeyd etmək lazımdır ki, 1958-ci ildə çap olunmuş “Füzuli sənətkarlığı” kitabında o zamana qədər dini mövzuda yazıldığı üçün qeyri-rəsmi şəkildə qadağan olunmuş, ya da arxa plana keçirilmiş Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” adlı nəsr əsəri haqqında geniş məlumat verilmişdir. Bundan başqa, o, tədqiqatında dini mövzuda yazılmış əsərin ideya-məzmununu danışmaqdan yan keçməklə və əsasən əsərin sənətkarlıq xüsusiyyətlərindən bəhs etməklə “Hədiqətüs-süəda”dan daha ətraflı söz açmaq imkanı qazanmışdır. Mir Cəlal “Hədiqətüs-süəda”nı janr baxımından nəsrimizdə birinci “tarixi povest” adlandırır ki, bu lirik-romantik nəsr üslubunda yazılmış əsərin janrı baxımından düzgün elmi qiymətdir. Çünki müxtəlif tədqiqat əsərlərində öz əksini tapmış “lirik-romantik” əsr ifadələri janrı deyil, əsərin yazı üslubunu müəyyən edən nəzəri təyinatdır. Lirik-romantik üslubda yazılan əsərlərin mənsur şeir, mənsur hekayə, hətta mənsur roman kimi janr formalarının olduğu məlumdur. Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsəri də Mir Cəlal müəllimin müəyyən etdiyi kimi mənsur şəkildə yazılmış tarixi povestdir. Görkəmli elm xadiminin aşağıdakı nəzəri tezisi isə əslində dövrün çətinlikləri nəzərə alınmaqla “Hədiqətüs-süəda”nın sənətkarlıq xüsusiyyətlərindən bəhs etmək priyomu demək idi: “Mövzunun dini mahiyyəti, qəhrəmanların çoxunun dini tarixi simalar olması heç vaxt bizə əsərin gözəl sənətkarlıq xüsusiyyətlərini, səlis stilini, qüvvətli dilini, mülayim təhkiyə, coşqun tərənnüm üsullarını diqqətdən qaçırmağa haqq vermir”.
Monoqrafiyada Füzulinin məşhur “Şikayətnamə” adlı nəsr əsəri də diqqətlə təhlildən keçirilmişdir. Mir Cəlal müəllim “Şikayətnamə”nin janrını elmi-nəzəri cəhətdən düzgün müəyyən etmişdir: “Füzulinin Nişançı Paşaya yazdığı və “Şikayətnamə” adı ilə məşhur olan əsəri ədəbiyyat tariximizdə bizə məlum olan ilk bədii satirik nəsrdir”, yəni satirik hekayədir. Monoqrafiyada “Şikayətnamə”nin mövzusu və ideyası da cəmi iki cümlə ilə obyektiv şəkildə ifadə olunmuşdur: “Həcmcə balaca olan (iki varaq) bu məktub (“Şikayətnamə” – İ.H.) dövrün o zamankı üsul-idarəsinin, dövlət adamlarının səciyyələndirilməsi üçün böyük tarixi vəsaitdir. Buna “şikayətnamə” yox …. Lənətnamə, nifrətnamə desək, daha düz olar”. Mir Cəlal tərəfindən Füzulinin “Qazi Ələddinin tərifi” adlı nəsr əsəri də “bəzəkli, metoforik, çox yerdə qafiyəli” nəsr əsəri kimi dəyərləndirilmişdir. Ümumiyyətlə, Mir Cəlal Paşayevin apardığı təhlillərdən və müqayisələrdən nəticə çıxararaq, böyük Azərbaycan şairi Məhəmməd Füzulinin Azərbaycan bədii nəsrinin formalaşması və inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə verdiyi aşağıdakı elmi cəhətdən ümumiləşdirilmiş qiymət dahi sənətkarın bu sahədəki fəaliyyətinin real olaraq dəyərləndirilməsi ilə bərabər, həm də çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan görkəmli sənətkar kimi onun obrazını da tamamlayır: “Böyük şairin bədii nəsri ilə yaxından tanışlıq göstərir ki, Füzuli, eyni zamanda qüdrətli bir nəsr ustadıdır. Böyük şair olduğu qədər də böyük ədibdir. İnsan qəlbinin mahir tərənnümçüsü, həqiqi insani hisslərin nəğməkarı olduğu kimi, həqiqi həyat lövhələrinin də gözəl rəssamıdır”.
Azərbaycan ədəbiyyatşünaslıq elmində orta əsr tədqiqatçılarının müraciət etdiyi Nizami və Füzuli məsələsi Mir Cəlal Paşayev tərəfindən ayrıca tədqiqat obyekti səviyyəsinə qaldırılmışdır. Haqqında söz açdığımız monoqrafiyada “Nizami və Füzuli” məsələsindən ayrıca bir fəsil səviyyəsində araşdırma aparılması bunun əyani sübutudur. Mir Cəlal Nizami və Füzuli məsələsini tədqiq edərkən nə Füzuli pərəstişkarı, nə də Nizami heyranı kimi çıxış etmir, əksinə, ilk növbədə bu böyük dühaların ölməz sənətinin gerçək ortaq tərəflərini tapıb göstərməyə üstünlük verir. Nizami Gəncəvi kimi Məhəmməd Füzulinin də “Leyli və Məcnun” mövzusunda əsər yazmağın çətinliklərindən söz açmasını, poemasını Nizami ilə eyni bəhrlə və məsnəvi formasında yazılmasını, əsərdə beytlərin bir misrasının Leyli sözü ilə, ikincisi Məcnun sözü ilə başlamasını bu ölməz sənətkarların bir çox hikmətli sözlərinin oxşarlığını Mir Cəlal haqlı olaraq “hər iki şairin” bədii zövqündəki, sənətindəki daxili vəhdəti, məna səslənməsini göstərmək üçün” ortaq ədəbi dəyərlər kimi qiymətləndirmişdir. Bununla belə, ayrı-ayrı sənətkarlar tərəfindən, xüsusən də fərqli tarixi dövrlərdə yazılması “Leyli və Məcnun” mövzusunda qələmə alınmış bu ölməz əsərləri bir-birindən ayıran xüsusiyyətlərin də olmasını zəruri bir tələb kimi irəli sürür. Çünki Nizami Gəncəvi Leyli və Məcnun mövzusundakı məlum ərəb rəvayətini eynilə nəzmə çəkmədiyi kimi, Məhəmməd Füzuli də “təqlid yolu ilə getməmişdir”. Bu nöqtədən çıxış edən Mir Cəlal Paşayev sələf-xələf münasibətlərindəki yüksək ehtiramı göstərməklə bərabər, məlum mövzuya yaradıcı münasibətin orijinal təzahürlərini də zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdir. Mir Cəlalın tədqiqatında: “Leyli və Məcnun” poemasının Azərbaycan dilində yazılması, Füzulidə sıx-sıx əhvalatın yerinə münasib, gözəl və qüvvətli qəzəllər verilməsi”, Nizami Gəncəvidə epik təsvirin, Füzuli poemasında isə lirizmin qüvvətli olması, nisbi fəallığı ilə seçilən Nizami Leylisindən fərqli olaraq, Füzuli Leylisinin daxili dünyasının zənginliyinin önə çəkilməsi, bədii mətndə bənzərsiz bədii təsvir və ifadə vasitələrinin yer alması Azərbaycan ədəbiyyatının iki böyük dühasının eyni mövzuya müraciət edərkən fərqli bucaqdan yanaşmalarını nümayiş etdirir. Azərbaycan ədəbiyyatşünaslıq elmində Nizami Gəncəvi və Məhəmməd Füzulinin “Leyli və Məcnun”larının oxşar və fərqli cəhətləri müqayisə edilərkən Mir Cəlal Paşayevin XX əsrin ortalarında müəyyən etdiyi məqamlar sonralar əsas kimi qəbul edilmişdir.
Əlbəttə, Mir Cəlal müəllim böyük Azərbaycan şairi Məhəmməd Füzulinin ölməz sənətinə yalnız ədəbiyyat tariximizin orta əsrlər dövrünün zirvəsi kimi baxmır. Əksinə, Mir Cəlal Paşayevin təqdimatında Məhəmməd Füzuli sənəti özünün humanizmi, əbədiyaşar idealları, tərbiyəvi əhəmiyyəti etibarilə” böyük mənəvi müasirimiz” kimi təqdim olunur. “Füzuli sənətkarlığı” monoqrafiyasında dahi sənətkarın yaradıcılığındakı müasirlik anlayışının böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin 1925-ci ildə “Molla Nəsrəddin” jurnalında çap etdirdiyi “Füzuli” adlı məqaləsindən gətirilmiş aşağıdakı müdrik və uzaqgörən fikirlərlə ifadə olunması Azərbaycanda tənqidi realizm ədəbi cərəyanının görkəmli tədqiqatçısı olan Mir Cəlal Paşayevin özünün də əsl ədəbiyyatın kəşf edilmiş bədii sözün əbədiliyinə dərin inamının əks-sədasıdır: “Rəhmətlik Füzuli “Molla Nəsrəddin”in birinci nömrəsindən başlayıb, bu günə qədər məcmuəmizdə iştirak etmiş və şeirlər yazmışdır... İnanmırsınız, götürün “Molla Nəsrəddin” məcmuəsinin 20 illiyini tökün qabağınıza, hansı şeirə baxsanız, görəcəksiniz ki, orada Füzulidən bir duz vardır.
... Füzuli azərbaycanlıdır. Çünki dili Azərbaycan dilidir. Onun məktəbi-ədəbisi bizim şairlərin başına girib, bütün əsərlərində bir Füzuli ruhu görünməkdədir.
... “Molla Nəsrəddin” sözünü qurtarıb deyir ki, Füzuli diridir. Füzuli şeir dövrümüzün hazırladığı, yeniliyə məğlub olmaz və sarsılmaz bir qüvvədir”.
Biz də nəticə olaraq onu deyə bilərik ki, Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” monoqrafiyası Azərbaycan füzulişünaslığının əsas təməl kitablarından biridir. “Füzuli sənətkarlığı” kitabı füzulişünaslığın poetika qolunun əsasnaməsidir. Mir Cəlal Paşayevin bu elmi əsərindən sonra Azərbaycan elmində meydana çıxan füzulişünaslıq əsərlərində “Füzuli sənətkarlığı”ndan “bir duz” vardır. Böyük sənətin də, böyük elmin də əsl missiyası bundan ibarətdir.
Akademik Həmid Araslının elmi redaktorluğu ilə 1958-ci ildə nəşr edilmiş Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” monoqrafiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında”kı tarixi Sərəncamının həyata keçirilməsi sahəsində akademik elmin hesabatıdır.
Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” monoqrafiyası yaşayan füzulişünaslıq abidəsidir.
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik