Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.09.2024 10:30
  • A-
  • A
  • A+

Şuşada Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin I Toplantısı keçirilib

Şuşada Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin I Toplantısı keçirilib

Beynəlxalq Türk Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə 2024-cü il sentyabrın 14-dən 18-dək Şuşa şəhərində Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin (the Association of Research Institutes and Centers of Archaeology of the Turkic World (ARICA)/ tələffüzdə: ARİKA) iclası keçirilib.

Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Macarıstan, Özbəkstan və o cümlədən, Qaraqalpaq muxtariyyətindən, Tatarıstanın (Rusiya Federasiyası) tanınmış elmi-tədqiqat mərkəzlərinin 19 nümayəndəsi iştirak edib.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Türk Akademiyasının prezidenti Prof. Dr. Şahin Mustafayev tədbir iştirakçılarını salamlayıb və tədbirin Azərbaycanın tarixi mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhərində keçirilməsinin bütün Türk Dünyası üçün simvolik olduğunu vuğulayıb. Türk Akademiyasının prezidenti Prof. Dr. Şahin Mustafayev müasir dünya elminin çağırışlarına uyğun Türk Dünyası arxeologiyasının qarşıda duran fəaliyyət istiqamətləri barədə konsepsiyanın əsas tezislərini açıqlayıb. Arxeologiya və Antropologiya İnstitutunun direktoru, t.ü.f.d., dosent Fərhad Quliyev tədbir iştirakçılarını salamlayaraq işğalından azad edilmiş torpaqlarda aparılan bərpa və quruculuq işlərinin kontekstində arxeoloqların üzərinə düşən vəzifələrdən danışıb.  

Daha sonra tədbir iştirakçıları “Türk-İslam irsinin tədqiqatları” və “Türk xalqlarının Avrasiyada mədəni təsirləri” mövzuları üzrə sessiyalarda hazırladıqları təqdimatlarla çıxış ediblər. Tədbirin sonuncu hissəsində dəyirmi masa arxasında elmi fikir mübadiləsi aparılıb.

Sonda ARICA-nın Şuşa şəhərində keçirilmiş toplantısının Qətnaməsi qəbul olunub. Qətnamədə Türk dünyasının arxeoloji irsinin araşdırılmasında qarşılıqlı əməkdaşlığın istiqamətləri öz əksini tapıb.

Həmçinin tədbir iştirakçıları işğal dövründə erməni işğalçılarının törətdiyi saysız vandalizm aktlarını sübut edən azərbaycanlı əhaliyə aid qəbiristanlıqların, məscidlərin, yaşayış məskənlərinin dağıntıları, hal-hazırda azad edilmiş ərazilərdə aparılan möhtəşəm bərpa-quruculuq işləri ilə tanış olublar. Həmçinin tədbirin iştirakçıları azad edilmiş torpaqlarda aparılan arxeoloji qazıntıların ərazilərinə səfər ediblər.

Qeyd edək ki, ötən il noyabrın 9-dan 10-dək Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dünyası Arxeologiya İnstitutu və Mərkəzləri Rəhbərlərinin I İşçi toplantısında arxeoloji tədqiqatlarda türk xalqları arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra əsas istiqamətlər müzakirə olunub. Görüş müxtəlif arxeologiya institutları və mərkəzlərinin nümayəndələri üçün ortaq problemləri və əməkdaşlıq imkanlarını müzakirə etmək üçün platforma rolunu oynayıb.

Görüşün ilkin nəticəsi olaraq Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin (the Association of Research Institutes and Centers of Archaeology of the Turkic World (ARICA)/ tələffüzdə: ARİKA) rəsmi yaradılması olub. ARICA-nın yaradılması arxeoloji tədqiqatlar sahəsində türk xalqları arasında əməkdaşlığın gücləndirilməsində mühüm mərhələdir. ARICA türk arxeoloji əməkdaşlığını təşviq etmək, birgə tədqiqatlar aparmaq və ekspedisiyalar həyata keçirmək, eyni zamanda beynəlxalq qurumlarla əməkdaşlıq etmək, mütəxəssislər hazırlamaq və elmi ədəbiyyat nəşr etmək məqsədi daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: