Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

19.09.2024 09:52
  • A-
  • A
  • A+

Dilçi alimin 2 monoqrafiyası işıq üzü görüb

Dilçi alimin 2 monoqrafiyası işıq üzü görüb

AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvistika şöbəsinin böyük elmi işçisi, filologiya üzə fəlsəfə doktoru Elnurə Hüseynovanın “Ekolinqvistika: Oğuz qrupu türk dillərində flora və fauna leksikası” və “Ekolinqvistika: Oğuz qrupu türk dillərində relyef və iqlim leksikası” adlı monoqrafiyaları çapdan çıxıb.

Monoqrafiyalar 2024-cü “Yaşıl dünya naminə həmrəylik ili” tədbirlər planı çərçivəsində AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun maliyyələşdirməsi ilə işıq üzü görüb.

“Ekolinqvistika: Oğuz qrupu türk dillərində flora və fauna leksikası” monoqrafiyasında oğuz qrupu türk dillərinə daxil olan Azərbaycan, türk, türkmən və qaqauz dillərində flora və fauna leksikası müxtəlif yönlərdən: istər müasir ədəbi dillərdə, istərsə də bu dillərin dialekt və şivələrində, həmçinin mövcud xalqların ədəbiyyatlarında yer alan sözlərin yazılı və şifahi xalq ədəbiyyatlarında işlənən frazeologizmlər şəklində təhlil edilir. Bundan başqa mövcud floristik və zoonimik leksika vahidlərinin etimologiyası və onların digər türk dillərində müqayisəsi verilir. Bununla yanaşı, oğuz türklərinin təşəkkül tarixi, onların dili və tədqiqatçıları haqqında müfəssəl məlumat verilmişdir. Kitabın sonunda həm Azərbaycan dilinin dialektlərində yer alan flora və fauna leksikasının vahidləri, eyni zamanda oğuz qrupu türk dillərində floristik və zoonimik sözlərdən təşəkkül etmiş lüğət də oxucuların, tədqiqatçıların nəzərinə çatdırılır.

“Ekolinqvistika: Oğuz qrupu türk dillərində flora və fauna leksikası” monoqrafiyasının baş redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli, elmi redaktorları filologiya elmləri doktoru, professor Rüfət Rüstəmov, filologiya elmləri doktoru, dosent Nərgiz Hacıyeva, rəyçiləri isə filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, filologiya elmləri doktoru, dosent Aynel Məşədiyeva və filologiya üzrə fəlsəfə doktoru Lamiyə Vaqifqızıdır. “Ekolinqvistika: Oğuz qrupu türk dillərində flora və fauna leksikası” monoqrafiyanın ön sözünün müəllifi isə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin müdiri,  filologiya elmləri doktoru, dosent Nərgiz Hacıyevadır.

Filologiya üzrə fəlsəfə doktoru Elnurə Hüseynovanın müəllifi olduğu digər “Ekolinqvistika: Oğuz qrupu türk dillərində relyef və iqlim leksikası” adlı ikinci monoqrafiyasında isə oğuz qrupu türk dillərinə daxil olan Azərbaycan, türk, türkmən və qaqauz dillərində relyef və iqlim leksikası müxtəlif yönlərdən: istər müasir ədəbi dillərdə, istərsə də bu dillərin dialekt və şivələrində, həmçinin mövcud xalqların ədəbiyyatlarında yer alan sözlərin yazılı və şifahi xalq ədəbiyyatlarında işlənən frazeologizmlər şəklində təhlil edilir. Bundan başqa, mövcud relyef və iqlim leksika vahidlərinin etimologiyası və onların digər türk dillərində müqayisəsi yer alır. Bu kitabda əlavə olaraq oğuz qrupu türk dillərinin dialektləri və araşdırmaçıları, haqqında məlumatlara yer verilir. Kitabın sonunda həm Azərbaycan dilinin dialektlərində, eyni zamanda oğuz qrupu turk dillərində relyef və iqlim leksikasını əhatə edən lüğət də oxucuların, tədqiqatçıların nəzərinə çatdırılır.

“Ekolinqvistika: Oğuz qrupu türk dillərində relyef və iqlim leksikası” monoqrafiyasının baş redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli, elmi redaktorları filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, filologiya elmləri doktoru, dosent Aynel Məşədiyeva, rəyçiləri isə filologiya elmləri doktoru, dosent Nərgiz Hacıyeva, filologiya elmləri doktoru, dosent Sevinc Əliyeva və filologiya üzrə fəlsəfə doktoru, dosent Cəmilə Rüstəmovadır. “Ekolinqvistika: Oğuz qrupu türk dillərində relyef və iqlim leksikası” monoqrafiyasının “Ön söz”ünün müəllifi isə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Lamiyə Vaqifqızıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: