AMEA-nın Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası olub.
İclası açan Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev əvvəlcə iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Gündəlikdəki ilk məsələ cari ilin noyabr ayında ölkəmizdə COP29 çərçivəsində keçiriləcək tədbirlərlə bağlı olub. Bu barədə məlumatı bölmənin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov təqdim edib. Natiq bildirib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti 18 sentyabr 2024-cü ildə muxtar respublikada fəaliyyət göstərən müxtəlif dövlət qurumlarına məktub ünvanlayıb. Həmin məktubun həm də bir sıra təlimatlandırıcı materiallar ehtiva etdiyini qeyd edən R.Zülfüqarov COP-un mahiyyəti, məqsədləri, konfrans çərçivəsində qəbul olunmuş sənədlər, iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modeli və başqa məsələləri dinləyicilərin diqqətinə çatdırıb.
Təqdimatın davamında Naxçıvan televiziyasının COP29-la bağlı hazırladığı məlumatlandırıcı videoçarxlara baxış olub.
Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük laborantı Səfər Əliyev “İkinci Qarabağ müharibəsinin başlanması və nəticələri” mövzusunda elmi məruzə edib.
Gənc tədqiqatçı əvvəlcə ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğın, soyqırımı və deportasiya siyasətinin tarixinə nəzər salıb. I Qarabağ müharibəsinin ölkəmiz üçün ağır nəticələrindən, BMT-nin yerinə yetirilməyən 4 qətnaməsindən, Qarabağ probleminin həllinə dünya dövlətlərinin etinasız mövqeyindən bəhs edib.
Məruzəçi bildirib ki, 2020-ci ilin 27 sentyabrında müzəffər ordumuzun başladığı hərbi əməliyyatlar 44 gün sonra işğalçı Ermənistanın kapitulyasiya aktına imza atması ilə nəticələndi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərbi əməliyyatlardakı uğurlarını siyasi və diplomatik arenada da davam etdirdi. Vətən müharibəsindən sonra lokal xarakterli antiterror əməliyyatı ilə Qarabağda erməni separatizmə son qoyuldu. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 sentyabr tarixi Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edildi.
AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyəti, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin 75 illik yubileyi ilə bağlı elmi sessiyanın keçirilməsi barədə qərar qəbul edib.
Məsələ ilə bağlı çıxış edən bölmə sədri bildirib ki, akademik İsa Həbibbəyli Naxçıvan Dövlət Universitetinə, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinə rəhbərliyi dövründə, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti və sonradan prezidenti vəzifəsində çalışarkən elm və təhsilin inkişafına mühüm töhfələr verib. “İsa Həbibbəyli Azərbaycan elmində böyük xidmətləri olan alim və elm təşkilatçısıdır”, - deyən akademik alimin elmi yaradıcılığına qısa nəzər salıb.
Təchizat və xidmət şöbəsinin müdiri İlham Cəfərov iclasda çıxış edərək AMEA Naxçıvan Bölməsində 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti barədə məlumat verib. Məlumatda qeyd olunub ki, Naxçıvan Bölməsi aparatının və iki elmi-tədqiqat institutunun yerləşdiyi inzibati binasına mövsümə hazırlığını təmin etmək məqsədilə baxış olub, mövcud olan kiçik nasazlıqlar aradan qaldırılıb. Bölmənin Əlyazmalar Fondunun, Elmi Kitabxanasının, Elmi Arxivinin və nəşriyyatının hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təbii Ehtiyatlar İnstitutunda fəaliyyət göstərdiyini xatırladan İ.Cəfərov həmin binanın qışa hazırlığı barədə məlumatı diqqətə çatdırıb.
İclasın davamında Rəyasət Heyəti gündəlikdəki digər məsələləri də müzakirə edərək müvafiq qərarlar qəbul edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.