Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

25.09.2024 16:56
  • A-
  • A
  • A+

BDU-nun alimləri Biofizika İnstitutunun qonağı olublar

BDU-nun alimləri Biofizika İnstitutunun qonağı olublar

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova və Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilov ETN Biofizika İnstitutunun qonağı olublar.

İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov və institutun laboratoriya müdirləri qonaqları müəssisədə aparılan elmi-tədqiqat işləri, həyata keçirilən müştərək beynəlxalq və milli layihələr, həmçinin əldə olunan mühüm elmi nailiyyətlər barədə ətraflı məlumatlandırıblar. Görüş zamanı qonaqlar institutun fəaliyyət göstərən laboratoriyaları ilə yaxından tanış edilib, prioritet elmi istiqamətlər üzrə müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda aparılan elmi araşdırmalar barədə məlumat alıblar. Alimlər üçün yaradılan yüksək səviyyəli iş şəraiti və elmi araşdırmaların keyfiyyətinin artırılmasına yönəldilmiş infrastruktura xüsusi diqqət yetirilib. Qonaqlar, elmi fəaliyyətin effektivliyinin artırılmasına xidmət edən bu şəraiti yüksək qiymətləndirərək, institutun elmi potensialını təqdir ediblər.

Daha sonra qonaqlar institutda icra olunan elmi-tədqiqat proqramlarının müxtəlif aspektləri ilə bağlı ətraflı müzakirələr aparıblar. Laboratoriyalarda çalışan alim və tədqiqatçılar, yerinə yetirdikləri işlər barədə ətraflı məlumat verərək, əldə olunan nəticələrin beynəlxalq elmi ictimaiyyətə təqdim olunması və tətbiq sahələri haqqında danışmışlar. Qonaqlar Biofizika İnstitutunun innovativ yanaşmaları, elmi-texnoloji avadanlıqların istifadəsi və tədqiqatların tətbiqi əhəmiyyətinə dair dərin təəssüratlar əldə ediblər. Eyni zamanda, institutda aparılan işlərin ölkənin elmi inkişafına və qlobal səviyyədə biofizika sahəsindəki tədqiqatlara töhfə verəcəyi xüsusi qeyd olunub.

Biofizika İnstitutuna səfər zamanı, həmçinin COP 29 – Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransı ilə bağlı məsələlər də müzakirə olunub. Qonaqlar, Biofizika İnstitutunun qlobal iqlim dəyişikliyi və ətraf mühitin ekoloji çirklənməsi və bunların insan sağlamlığına təsiri sahəsində apardığı elmi tədqiqatlar, həmçinin bu mövzuda həyata keçirilən beynəlxalq əməkdaşlıq layihələri ilə tanış olublar. COP 29 çərçivəsində qlobal iqlim dəyişikliyi və ekoloji çirklənmə ilə mübarizədə biofizikanın əhəmiyyətinə və institutun bu istiqamətdə tədqiqatlara verdiyi töhfələrə xüsusi diqqət yetirilib. Laboratoriyalarda aparılan araşdırmaların iqlim dəyişikliyinin ekosistemlərə və bioloji sistemlərə təsirlərini anlamaq baxımından mühüm olduğu vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: