Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.09.2024 18:15
  • A-
  • A
  • A+

AMEA-da “Yaşıl enerji və ekoloji problemlərin fəlsəfəsi” mövzusunda konfrans keçirilib

AMEA-da “Yaşıl enerji və ekoloji problemlərin fəlsəfəsi” mövzusunda konfrans keçirilib

Sentyabrın 25-də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə “Yaşıl enerji və ekoloji problemlərin fəlsəfəsi” mövzusunda respublika elmi konfransı keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Noosfer İctimai Elmlər Akademiyasının I vitse-prezidenti Heydər İmanov və Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları iştirak ediblər.

Konfransı giriş sözü ilə açan akademik İsa Həbibbəyli tədbirin ölkə başçısının 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamından irəli gələrək AMEA-nın Tədbirlər planı çərçivəsində keçirildiyini bildirib. Qeyd edib ki, bugünkü tədbir, eyni zamanda alimlərimizə Bakıda keçiriləcək nüfuzlu COP29 ərəfəsində öz baxışlarını, konsepsiyalarını meydana qoymaq üçün geniş imkanlar açır.

Akademik İsa Həbibbəyli Milli Elmlər Akademiyasında “Yaşıl dünya naminə həmrəylik ili”nə və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a həsr olunmuş bir sıra mühüm tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, bu çərçivədə AMEA ilə ETN Fizika İnstitutu və Fiziologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Yaşıl artım və dayanıqlı inkişaf”, AMEA Rəyasət Heyəti və ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Yaşıl dünyamızı qoruyaq”, AMEA Qadınlar Şurasının və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Yaşıl dünyamız gözlərə nur verən elmin işığında”, bu günlərdə isə AMEA-nın Kimya Elmləri Bölməsi və ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş növbəti elmi konfrans keçirilib.

Akademik İsa Həbibbəyli, eyni zamanda oktyabr ayında AMEA-nın Tədbirlər planından irəli gələrək Humanitar və İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş növbəti konfransın keçiriləcəyini diqqətə çatdırıb. AMEA-da qeyd olunan konfranslardan əlavə “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-a həsr edilmiş kitabların, məqalələrin işıq üzü gördüyünü deyən akademik İsa Həbibbəyli alimlərimizin müasir dünyanın çağırışlarına və problemlərinə öz elmi baxışları ilə reaksiya verdiklərini söyləyib. Qeyd edib ki, bu gün dünyanın diqqət mərkəzində olan süni intellekt, rəqəmsal inkişaf və “yaşıl texnologiyalar”a dair aparılan tədqiqatların humanitar və ictimai elmlərə transformasiyası istiqamətində Akademiyada mühüm addımlar atılır. AMEA rəhbəri bildirib ki, sözügedən elm sahələrinə filosof alimlərin baxışı olduqca qiymətlidir və bu sahələrin düzgün şəkildə tətbiq edilməsinə öz elmi töhfəsini vermiş olacaq.

Akademik İsa Həbibbəyli çıxışının sonunda qeyd edib ki, AMEA-da dövlət başçısının və müasir dövrün çağırışlarına uyğun olaraq mühüm addımlar atılır və alimlərimiz öz elmi baxışları ilə dövlətimizin və dünya elminin inkişafına töhfələrini verirlər.

Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor  İlham Məmmədzadə isə çıxışında müasir dövrdə ekoloji şüurda “yaşıl enerji”dən istifadənin vacibliyi ideyasının getdikcə özünə mühüm yer tutmasının bir çox səbəbləri olduğunu, əvvəla “yaşıl enerji”dən istifadənin iqlim dəyişikliyini dayandırmağa, qlobal istiləşmənin qarşısını almağa kömək etdiyini söyləyib. Qeyd edib ki, dünyanın əsas enerji ixracatçılarından biri olan Azərbaycanda da “yaşıl enerji” faktoruna geniş meydan verilməkdədir. Həmçinin vurğulayıb ki, “yaşıl enerji” sənayesinin inkişafı nəticəsində yeni iş yerləri yaranır və bu da davamlı inkişaf üçün vacib amillərdən biridir.

Ekoloji problemlər, fəlsəfi ekologiya, milli ideya, süni intellekt və yaddaş məsələlərini geniş şəkildə təhlil edən alim vurğulayıb ki, ənənəvi enerji mənbələrindən “yaşıl enerji” daşıyıcılarına keçid, eləcə də texnoloji infrastrukturun modernləşdirilməsi bərpaolunan enerji mənbələrindən geniş istifadəyə münbit zəmin yaradır. 

Respublika elmi konfransında, həmçinin Noosfer İctimai Elmlər Akademiyasının I vitse-prezidenti Heydər İmanov “Yaşıl enerji”yə keçidin problemləri və perspektivləri: noosfer baxışı”, f.ü.f.d. Məhəmməd Cəbrayılov İqlim dəyişikliyinə qarşı yaşıl enerji strategiyaları və sosial problemlər”, sos.e.d. Səadət Məmmədova “Ekoloji problemlər və süni intellekt”, f.ü.f.d. Şölət Zeynalov “Davamlı inkişaf kontekstində dialoq və ekoloji problemlər”, f.ü.f.d. Hüseyn İbrahimov “Yaşıl enerji: prosesə keçid məsələləri”, elmi işçi Hafizə İmanova “Davamlı inkişaf kontekstində iqlim ekosistemin tərkib hissəsi kimi” və elmi işçi Kamran Məmmədov “Süni intellektin bərpa olunan enerji sistemlərində rolu: innovasiyalar və perspektivlər” mövzusunda məruzə ilə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: