Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2024 19:08
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda Anım Günü münasibətilə tədbir keçirilib

Əlyazmalar İnstitutunda Anım Günü münasibətilə tədbir keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən, 27 sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış mərasimindən sonra söz məruzəçilərə verilib.

İnstitutun  Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.e.d., professor Kamandar Şərifov “Vətən uğrunda”, həmin şöbənin əməkdaşları – aparıcı elmi işçi, fəlsəfə ü.f.d., dosent Rübabə Şirinova “Şəhidlərimizi dərin ehtiramla yad edirik!”, aparıcı elmi işçi, ilahiyyat ü.f.d., dosent Əkrəm Həsənov “Vətən üçün şəhid olan qəhrəman oğul” və böyük elmi işçi Məsmə Mahmudova “112-ci gün” mövzularında məruzə edib, çıxışlarında qəhrəman oğullarımızın 44 gün davam edən Vətən müharibəsində əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirdiyini, öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etdiklərini vurğulayıblar.

Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərdə göstərdiyi şəxsi igidliyi və şücaətinə görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid İlqar Əhmədovun anası Leyla Əhmədova qəhrəman oğlunun həyat yolundan bəhs edib, çıxışında Azərbaycan xalqı və dövlət başçısının hər zaman mübariz oğul və qızlarımızın şücaətini yüksək qiymətləndirdiyini, bütün şəhidlərimizin ruhuna ehtiram göstərib, xatirəsini uca tutduğunu qeyd edib.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin baş müəllimi, Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ehtiyatda olan polkovnik-leytenant Novruz Bəkirov və institutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi, Azərbaycan Yazıçılar İttifaqının üzvü Xanımbacı Məlikzadə (Xanım Mehdixanlı) çıxışlarında işğal altında olan torpaqların qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmasından, xalqımızın əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək düşmən üzərində qalibiyyətindən söz açıblar.

Tədbirin sonunda Əlyazmalar İnstitutunun Kitabxanasının 27 Sentyabr – Anım Günü münasibəti ilə hazırladığı, Vətən müharibəsində xalqımızın möhtəşəm qələbəsini əks etdirən kitab sərgisi nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: