AR ETN Botanika İnstitutunun baş direktoru b.e.d., prof. S.C.İbadullayeva və Mikologiya və ibtidai bitkilər şöbəsinin müdiri b.e.d. D.N.Ağayevanın həmmüəllifi olduğu “The 2030 Declaration on Scientific Plant and Fungal Collecting” adlı məqalə nüfuzlu “Plants, People, Planet” jurnalında dərc edilib.
Qeyd edək ki, jurnalın qayəsi müxtəlif sahələr üzrə yeni, maraqlı və innovativ bitki yönümlü tədqiqatları vurğulamaq və müzakirə etmək üçün forum təqdim etməkdir. 2023-cü il üçün bu jurnalın Scopus bazası üzrə göstəricisi 9.9, Clarivate bazası üzrə impakt faktoru 3.7, istinad göstəricisi 1.05 kimi qeyd edilib. Bu bəyannamənin tərkib hissələri Kral Botanika Bağlarında (Kyu, Böyük Britaniya) 2023-cü ildə keçirilmiş “Dünya bitki və göbələklərinin vəziyyəti” adlı beynəlxalq simpozium zamanı müəyyən edilib, bir sıra plenar və seksiya iclaslarında geniş müzakirə olunub və məqalə şəklində tərtib edilib. Məqalənin hazırlanmasında 46 fərqli təşkilatdan tədqiqatçılar iştirak edib.
Məlumdur ki, bioloji nümunələr və onlarla əlaqəli məlumatlar biomüxtəlifliyin lazımi şəkildə qorunmasını və davamlı şəkildə istifadə edilməsini təmin etmək üçün alimlər, hökumətlər, siyasətçilər, praktiklər və icmalar tərəfindən istifadə olunan mühüm mənbədir. Bəyannamədə dünyanın flora və funqa müxtəlifliyini kataloqlaşdırma, əməkdaşlığın səmərəliliyinin maksimallaşdırılmaq, bilik mübadiləsinin asanlaşdırmaq və bərabərhüquqlu əməkdaşlığı təşviq etmək üçün aşağıda qeyd edilən beş öhdəlik nəzərdə tutulur: 1) sübuta əsaslanan toplama strategiyalarından istifadə; 2) yerli imkanların gücləndirilməsi; 3) taksa və fənlər üzrə əməkdaşlıq; 4) gələcək üçün toplamaq və 5) faydaların paylanması. Beynəlxalq, regional, milli və yerli səviyyələrdə keçirilən botaniki və mikoloji tədbirlərdə bu öhdəliklərin təşviqi üzrə səylərin genişləndirilməsi tövsiyə edilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.