AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə “Dilimizin islahı (Mərkəzi İstilah Komissiyasının nəşri-əfkarı)” kitabı nəşr olunub.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətlinin nəşrə hazırladığı bu kitabın baş redaktoru professor Nadir Məmmədli, elmi redaktoru professor Sayalı Sadıqovadır. Kitabda 1923-cü ildə Mərkəzi İcraiyyə Komitəsi nəzdindəki İstilah Komissiyasının mətbu orqanı kimi “Kommunist” qəzetinin xüsusi əlavəsi olaraq nəşr edilən “Dilimizin islahı” qəzetində dərc olunmuş məqalələr toplanmışdır. İlk sayı 1923-cü ilin oktyabr, 7-ci (sonuncu) sayı 1924-cü ilin fevral ayında nəşr olunmuş bu qəzet əlavəsi İstilah Komissiyasının fəaliyyətində mühüm rol oynamışdır. Dövrün tələbi ilə yaradılmış, ana dilimizin saflığı, islahı yolunda əhəmiyyətli xidmət göstərmiş İstilah Komissiyasının mətbu orqanı olan “Dilimizin islahı” Azərbaycan dilinin terminologiyasının tarixi inkişafının öyrənilməsi baxımından bu gün də elmi-tarixi dəyərini qoruyub saxlamaqdadır. Qəzetdəki məqalələr ərəb qrafikalı əski əlifbadan müasir əlifbaya ilk dəfə olaraq transfoneliterasiya edilərək elmi ictimaiyyətə təqdim olunur.
Kitab Terminologiya Komissiyasının 100 illiyinə həsr edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.