AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Numizmatika və epiqrafika şöbəsinin elmi işçisi Sədaqət Məmmədlinin “Azərbaycanda epiqrafika elminin təşəkkül tarixindən” adlı məqaləsi Xəzər Universitetinin “Azərbaycan arxeologiyası” jurnalında işıq üzü görüb.
Məqalədə qeyd olunur ki, Azərbaycanda epiqrafik nümunələrin öyrənilməsi XIX əsrin əvvəllərinə təsadüf edir. Orta əsrlər dövrünü araşdıran bir çox görkəmli alimlərimizin əsərlərində arxeoloji qazıntılardan aşkara çıxarılan materialların istehsal üsulları, təsnifatı, bədii tərtibatı, forması, dulusçuluq sənətinin özəllikləri, istifadə məqsədi, istehsal texnologiyası haqqında geniş məlumatlara rast gəlinir. Ümumiyyətlə, XIX əsrin 30-cu illərində Qafqazın, o cümlədən, Azərbaycanın İslam epiqrafik abidələrinin öyrənilməsində yerli alimlərlə yanaşı, xarici şərqşünas alimlərin də böyük rolu olmuşdur.
Məqalədə vurğulanır ki, Qafqazın tarixini özündə əks edirən bir çox əsərin müəllifi olmuş A.L.Yakobson, V.N.Leviatov, V.V.Bartold, P.S.Savelyev, V.V.Qriqoryev, İ.N.Berezin, L.İ. Lavrov, A.A.Kunik və digərləri öz əsərlərində Azərbaycan abidələrinə aid epiqrafik yazıların təhlilini veriblər. A.A.İvanov, L.T.Gözəlyan, L.M.Melikset-Bekov kimi bir sıra əcnəbi alimlər isə öz məqalələrində Azərbaycanın Orta əsr epiqrafik nümunələrini “İran və Hindistanın maddi mədəniyyət nümunələri” kimi göstəriblər. Müəllif qeyd edir ki, Azərbaycanın müxtəlif bölgələrindən olan mahir sənətkarların yaratdıqları nadir maddi-mədəniyyət nümunələri bu gün də dünyanın nüfuzlu muzeylərində mühafizə olunur.
Gənc epiqraf, həmçinin Azərbaycanın epiqrafik abidələrinin araşdırılmasında xüsusilə ilk qadın epiqrafçı-alim Məşədixanım Nemətin roluna toxunub, onun VI cilddə “Azərbaycanın epiqrafik abidələri toplusu” adlı əsərinin epiqrafik abidələrin öyrənilməsi sahəsində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Bundan əlavə, son dövrlərdə Azərbaycanın müxtəlif ərazilərində aparılmış arxeoloji qazıntı işləri zamanı bir sıra epiqrafik abidələrin də aşkar edilərək tədqiqata cəlb olunduğu məqalədə əksini tapıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.