AMEA-nın Folklor İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova iclası açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb.
İclasda AMEA-nın Folklor İnstitutunun 2024-cü il üçün elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturasına qəbulun nəticələri müzakirə edilib.
İnstitutun Təhsil şöbəsinin müdiri Məhsəti Süleymanova 2024-cü tədris ili üçün “Folklorşünaslıq” və “Azərbaycan ədəbiyyatı” ixtisasından fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədləri qəbul edilmiş şəxslər barədə məlumat verib. Əvvəlcə iddiaçılar İlahə Əsgərova və Maya Abdullayevanın fəlsəfə doktoru proqramı üzrə 5719.01 - “Folklorşünaslıq” ixtisasından dissertanturaya qəbulu məsələsinə baxılıb. İddiaçılara təklif olunan mövzu və elmi rəhbərlər təsdiq edilib.
Sonra 5719.01 – “Folklorşünaslıq” ixtisası üzrə fil.ü.f.d. Qiymət Məhərrəmlinin qiyabi doktoranturaya, fil.ü.f.d. Xalidə Məmmədova və fil.ü.f.d. Elnarə Əmirlinin dissertanturaya, 5716.01 - “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə isə fil.ü.f.d. Nərmin Məmmədovanın dissertanturaya qəbulu barədə məsələ müzakirə edilib. Bu barədə müsbət qərar qəbul edən Elmi şura iddiaçıların dissertasiya mövzularını və elmi məsləhətçilərini təsdiq edib.
Daha sonra gündəlikdəki ikinci məsələ - Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qumru Şəhriyara ixtisas üzrə dosent elmi adının verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması ilə bağlı səsvermə keçirilib.
Gizli səsvermənin nəticələri müsbət hesab edilərək, iddiaçının dosent elmi adı alması üçün qərar verilib.
Gündəlikdəki üçüncü məsələ institutun Dədə Qorqud şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nizami Adışirinovun “Molla Cümə yaradıcılığının mifopoetikası” adlı kitabının çapa tövsiyə edilməsi ilə bağlı olub.
Sözügedən kitab Elmi şura üzvləri tərəfindən çapa məsləhət bilinib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.