Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.10.2024 14:36
  • A-
  • A
  • A+

COP29-a dair məlumatlandırıcı tədbirlər həyata keçirilir

COP29-a dair məlumatlandırıcı tədbirlər həyata keçirilir

Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) üzvləri - sədr və layihə rəhbəri dosent Mirnuh İsmayılov, təlimçilər c.ü.f.d. Gülnar Hacıyeva və Emil Cəbrayılov və layihənin eksperti dosent Səidə Zeynalova Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçiləri ilə birgə Naftalan şəhərinin İ.Nəsimi adına 1 saylı orta məktəbinin müəllimləri ilə təlimlər keçiriblər.

Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsinin qalibi olmuş ACC-nin “Qarabağın ekoloji vəziyyəti” adlı layihəsi ilə əlaqədar təşkil edilib.

Müəllimlər qarşısında çıxış edən layihə rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik” ili elan etməsinin və COP29-un Azərbaycan üçün ekoloji, siyasi və iqtisadi əhəmiyyətindən danışıb. O qeyd edib ki, belə nüfuzlu mötəbər tədbirin Azərbaycanda keçirilməsinə qərar verilməsi ölkəmizə olan yüksək etibar və inamın bariz nümunəsi olmaqla yanaşı, siyasi nöqteyi-nəzərdən rolunun beynəlxalq arenada daha da artmasına səbəb olacaq.

Diqqəti qlobal ətraf mühit problemlərinə yönəldən S.Zeynalova çıxışında təbiətin hər bir komponentinin bir-biri ilə vəhdət təşkil etdiyini və onu qorumağın vacib olduğunu vurğulayıb.

G.Hacıyeva ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün maarifləndirmə işlərinin daha da artırılmasının vacibliyini qeyd edərək təbiəti mühafizə tədbirləri işində həmrəylik nümayiş etdirməyin önəmindən danışıb.

E.Cəbrayılov iqlim dəyişmələrinin yaranmasında insan amilinin əsas rol oynadığını  vurğulayaraq, ətraf mühitə təsirlərin azaldılması və eyni zamanda istixana effekti və s. haqqında ətraflı məlumat verib.

Görüşdən məmnunluq bildirən iştirakçılar belə tədbirlərin mütəmadi keçirilməsinin faydalı olduğunu qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: