Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun həmtəşkilatçılığı ilə Quba şəhərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı ilə birgə “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda IV beynəlxalq elmi konfransı keçirilib.
Dünyada ən mötəbər beynəlxalq tədbirlərdən sayılan COP29-un Azərbaycanda keçirilməsi ölkənin elm və təhsil ictimaiyyəti qarşısında da təxirəsalınmaz vəzifələr qoyub. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş Quba konfransı məhz bu tələbdən irəli gəlir.
İki gün davam edən tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov, Bişkek Musiqi Pedaqoji İnstitutunun, Stavropol Dövlət Pedaqoji İnstitutunun Yessentuki filialının, (Rusiya Federasiyası) Pəncab Universitetinin (Pakistan) alimləri və başqaları iştirak ediblər.
Tədbirdə coğrafiyanın müasir problemləri barədə çıxış edən professor Zakir Eminov iqlim dəyişmələri, içməli su ehtiyatlarının qıtlığı, turizm və rekreasiya potensialı, ekologiya və demoqrafiya problemləri kimi məsələlərə toxunub. İnstitut rəhbəri COP29-un Azərbaycan üçün əhəmiyyətini xüsusi qeyd edib, onun ölkəmizə siyasi, iqtisadi baxımdan uğur, yüksəliş gətirəcəyinə əminik ifadə edib, Azərbaycanın Elm və Təhsil Nazirliyinin iqlim sahəsində maarifləndirmə baxımından COP29 ilə bağlı tədbirlər planı hazırladığını diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.