Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda görkəmli alim kimya elmləri doktoru, professor Şiraz Məmmədovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev tədbiri açaraq yubilyarın elmi fəaliyyəti barədə iştirakçılara məlumat verib və onu səmimi qəlbdən təbrik edib.
Şiraz Məmmədovun həyatı və elmi fəaliyyəti barədə institutun laboratoriya rəhbəri, professor M.Qurbanov geniş məruzə ilə çıxış edib. Məmmədov Şiraz Məcnun oğlu 14 sentyabr 1944-cü ildə Azərbaycan Respublikasının Ağdaş şəhərində anadan olmuşdur. 1953-cü ildə ailənin Sumqayıt şəhərinə köçməyi ilə əlaqədar orta təhsilini orada davam etdirmişdir. 1962-ci ildə 2 saylı gecə məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin axşam şöbəsinə qəbul olunmuşdur. 1968-ci ildə isə ADU-nun kimya fakültəsini mühəndis-kimyaçı ixtisası ilə bitirmişdir. 1972-ci ildə AMEA Radiasiya Tədqiqatları bölməsinə aspiranturaya daxil olmuşdur. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidentinin yanında Ali Attestasiya Komissiyasının kimya elmi üzrə ekspert şurasının üzvü seçilmişdir. 2024-cü ildə Radiasiya materialşünaslığı ixtisası üzrə professor elmi adını almışdır.
Ş.Məmmədov 250 elmi əsərin müəllifidir, 180 məqaləsi xaricdə dərc olunub. Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda 18 məqaləsi çap olunub. O cümlədən 30 müəlliflik şəhadətnaməsinin və patentlərin müəllifidir. O, həmçinin Beynəlxalq Fundamental Təhsil Akademiyasının həqiqi üzvüdür. Alim D.İ.Mendeleyev mükafatına layiq görülmüşdür.
Tədbirdə Milli Elmlər Akademiyası Rəyasət heyətinin müşaviri, akademik A.Qəribov və digər əməkdaşlar yubilyar haqqında geniş nitq söyləyiblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.