Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.10.2024 12:53
  • A-
  • A
  • A+

“Bioloji müxtəlifliyin mühafizəsi: Botanika, ekologiya və yaşıl şəhərlər” adlı forum keçirilir

“Bioloji müxtəlifliyin mühafizəsi: Botanika, ekologiya və yaşıl şəhərlər” adlı forum keçirilir

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Bioloji müxtəlifliyin mühafizəsi: Botanika, ekologiya və yaşıl şəhərlər” adlı forum keçirilir.

Forum Elm və Təhsil Nazirliyi, Botanika İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Mərkəzi Nəbatat Bağı Publik Hüquqi Şəxs, Dendrologiya Bağı Publik Hüquqi Şəxs, Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin açılış mərasimində bir sıra dövlət nümayəndələri, yerli və xarici alim və mütəxəssislər iştirak ediblər.

Forumda çıxış edən Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva qonaqları və iştirakçıları salamlayıb. Professor çıxışını ölkə başçısı cənab İlham Əliyevin nitqi ilə başlayaraq “Bakıdakı COP üçün seçdiyimiz “Yaşıl dünya naminə həmrəy olaq” şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir. Hamımız birlikdə bu vəziyyətlə üzləşdiyimiz üçün bütün ölkələri planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıram. Bu məqsədə çatmaq üçün bizə siyasi iradə və Azərbaycanın daim müdafiə etdiyi çoxtərəflilik lazımdır” - deyə fikirləri səsləndirib. O, Azərbaycanda keçirilən COP29 çərçivəsində “Müharibə gedən ölkələrdə ekosistemlərə dəyən ziyanın qiymətləndirilməsi və bərpası ittifaqı”nın yaradılması təklifini irəli sürülməsinin məqsədə uyğun olduğunu qeyd edib. Sözügedən ittifaq üzvləri tərəfindən müharibə gedən ölkələrdə ekosistem və biomüxtəlifliyə dəymiş ziyan hesablanmalı, ətraf mühitdə emissiyanın artımı dəqiqləşdirilməli, meşə və yaşıllıqların azalması müəyyənləşdirilməli və hər biri üçün ziyan verən tərəfə cərimələr tətbiq edilməlidir. Bu eyni zamanda planetimizin qorunmasına xidmət edəcəkdir.

Sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi nümayəndəsi Aysel Qəribli, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, BDU-nun Biologiya fakültəsinin dekanı professor Afət Məmmədova, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, Kimya və biologiya fakültəsinin dekanı, dosent Reyhan Ağayeva, Mərkəzi Nəbatat Bağı Publik Hüquqi Şəxsin idarə heyətinin sədr müavini Natiq Allahverdiyev, Dendrologiya Bağı Publik Hüquqi Şəxsin idarə heyətinin sədr müavini, dosent Samirə Bağırova, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Çelyabinsk Dövlət Universitetinin Geoekologiya və ətraf mühitin idarə edilməsi kafedrasının müdiri, dosent Dmitriy Dvinin çıxış edərək Forumun işinə uğurlar arzulayıblar.

Forum 12 istiqamət üzrə 3 paneldə plenar iclaslarla davam edib. Məruzələr ətrafında geniş müzakirələr aparılıb. Sonda iştirakçılara sertifikat təqdim olunub.

Tədbirin davamı geniş dəyirmi masada müzakirə və təbiətə ekskursiyalarla davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: