20 Yanvar faciəsi qurbanlarının xatirəsi AMEA-nın akad. M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda da anılıb.
Mərasimdə institut əməkdaşları Vətənimizin azadlığı uğrunda canlarından keçmiş, bu müqəddəs məkanda əbədiyyətə qovuşmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Anım mərasimdə çıxış edən Kimya Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Dilqəm Tağıyev 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışıb. Bildirib ki, 20 yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Bu faciəni törətməklə totalitar sovet rejimi özünün cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Biz 20 yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o gecəni həm də iftixar hissi ilə xatırlayırıq. Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanlarımızın vəhşicəsinə qətlə yetirilməsi xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə qüdrətini bütün dünyaya bəyan etdi.
D.Tağıyev ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra onun təşəbbüsü ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verildiyini, şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinə hər cür kömək üçün imzaladığı sərəncamların Azərbaycanın azadlığı uğrunda canlarını qurban vermiş insanların xatirəsinə böyük ehtiram olduğunu bildirib.
Tədbirdə institutun Həmkarlar təşkilatının sədri, professor Arif Əfəndi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Faiq Məmmədov, aparıcı elmi işçilər Namiq İsmayılov və Zöhrab Həsənli və gənc tədqiqatçı Amalya Əsədzadə çıxış edərək Qara Yanvarın yaddaşlardan silinməyəcəyini, şəhidlərin xatirəsinin daim müqəddəs tutulacağını vurğulayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir