Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İCBA tərəfindən Bakıda qadınların iqlim dəyişikliyi və kənd təsərrüfatında fəaliyyətinin gücləndirilməsi məqsədilə regional konfrans təşkil edilib
25.10.2024 19:08
  • A-
  • A
  • A+

İCBA tərəfindən Bakıda qadınların iqlim dəyişikliyi və kənd təsərrüfatında fəaliyyətinin gücləndirilməsi məqsədilə regional konfrans təşkil edilib

Beynəlxalq Bioşoran Kənd Təsərrüfatı Mərkəzi (İCBA) tərəfindən Bakıda “Regional strateji dialoq. İqlim dəyişikliyi və kənd təsərrüfatında qadınlar: Orta Asiya və Qafqaz regionunda çağırışlar və imkanlar” mövzusunda regional konfrans təşkil edilib.

AR Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu və İslam İnkişaf Bankı (İİB) tərəfindən maliyyələşdirilən tədbir kritik gender problemlərini həll etmək, eləcə də kənd təsərrüfatında iqlim dəyişkənliyinə qarşı qadın alyansının (WACAA) kənd təsərrüfatında qadınların iqlim dəyişikiyi ilə mübarizədə gücünü artırmaq məqsədilə təşkil olunub.

Tədbiri giriş sözü ilə İCBA-nın baş direktoru Dr. Tarifa Alzaabi açaraq konfransın əhəmiyyətini vurğulayıb. Bildirib ki, Bakıda keçiriləcək COP29 ərəfəsində İCBA tərəfindən WACAA-nın işinə dəstək verilməsi İCBA-nın qadınları dayanıqlı kənd təsərrüfatının inkişafı və iqlim fəaliyyətinin mərkəzinə çevirmək baxımından önəmlidir.

Onun sözlərinə görə, dörd əsas mərhələ – kadr potensialının inkişafı və biliklərin ötürülməsi, maliyyə səfərbərliyi, siyasət və təbliğat, şəbəkələşmə və əməkdaşlıq üzərində qurulmuş WACAA 2050-ci ilə qədər qlobal miqyasda 1 milyon qadın üçün əlçatan olacaq. Bu mərhələlər vasitəsilə qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqini gücləndirmək, iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirləri ilə mübarizədə qadınların liderliklərini təşviq etmək hədəflənir. Bu təşkilat ərzaq təhlükəsizliyi, dayanıqlılıq və ətraf mühitin davamlılığına təsir göstərmək kimi imkanlara malikdir.

Tədbir çərçivəsində Orta Asiya və Qafqaz regionu üzrə müxtəlif qurumlardan 30 qadın ekspert bir araya gəlib. İştirakçılar kənd təsərrüfatı, ətraf mühit və genderlə əlaqəli əsas konsepsiyalar üzrə qlobal məsələləri araşdırıblar.

Müzakirələr zamanı ərzaq təhlükəsizliyinin təmini, qlobal iqlim dəyişkənliyi və biomüxtəliflik, iqlimə davamlılığın gücləndirilməsi, rəqəmsal texnologiyaların kənd təsərrüfatında tətbiqi, kənd təsərrüfatı sektorunda innovativ proseslərin inkişafı, eləcə də sözügedən sahələrdə qadınların rolunun artırılması kimi məsələlər nəzərdən keçirilib.

Tədbirdə, həmçinin Orta Asiya və Qafqaz regionunda əməkdaşlığı və qabaqcıl təcrübə mübadiləsini təşviq etmək üçün qadınların rəhbərlik etdiyi şəbəkənin yaradılması müzakirə olunub, qadınların rəhbərlik etdiyi təşəbbüslərdən əldə olunmuş nəticələrə dair xüsusi sessiya keçirilib.

Qırğızıstanın Aqrolid Şirkətlər Qrupunun rəhbəri Gülnaz Kaseeva tədbirlə bağlı fikirlərini bölüşərək bildirib ki, konfransda Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan və digər ölkələrdən müxtəlif sahələrdə çalışan təcrübəli qadınlar, aqrar sahədə çalışan rəhbər işçilər iştirak ediblər. Regional tədbirdə kənd təsərrüfatı və gender aspektləri üzrə ümumi problemlər qaldırılıb. Bundan əlavə, iştirakçılar arasında işgüzar əlaqələr qurulub, təcrübə mübadiləsi həyata keçirilib. Konfransın faydalı olacağına inamını ifadə edən Gülnaz Kaseeva yüksək keyfiyyətli toxumların tədarükü ilə bağlı müqavilə imzaladığını da diqqətə çatdırıb.

Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) layihə meneceri Makpal Bulatova isə çıxışında təmsil etdiyi təşkilatın İCBA-nın (WACAA) təşəbbüsünü tanıdığını və yüksək qiymətləndirdiyini söyləyib. Qeyd edib ki, IOFS qadınların kənd təsərrüfatında əhəmiyyətli töhfələrini qəbul edir və onların “ağıllı” kənd təsərrüfatı təcrübələrini inkişaf etdirməyə yönəlmiş təşəbbüslərini dəyərləndirir. Bu baxımdan İCBA-nın təşəbbüsü IOFS-in davamlı qida ilə bağlı daha geniş baxışı ilə uyğunlaşır.

Makpal Bulatova bildirib ki, IOFS öz üzv dövlətlərində innovativ texnologiyaların və iqlimə uyğun kənd təsərrüfatının təşviqi də daxil olmaqla ortaq məqsədlərə doğru çalışan təşkilatlar arasında əməkdaşlığı təşviq edir. O, IOFS-un İCBA kimi əsas tərəfdaşlarla, xüsusən də Orta Asiya və Qafqaz regionunda kənd təsərrüfatı sektoruna fayda verən proqramlarla bağlı fikir və bilik mübadiləsinə açıq olduğunu deyib.

Qeyd edək ki, İCBA WACAA kimi təşəbbüslər vasitəsilə qadın liderləri, fermerləri və alimləri dəstəkləyir. Quraq və duzlu mühitlərdə ərzaq təhlükəsizliyi, ərzaq problemləri üçün innovativ həllərin işlənib hazırlanması üzrə uzunmüddətli öhdəliyi ilə ICBA hamı üçün daha davamlı və ədalətli gələcəyə töhfə verməyi hədəfləyir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: