Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.10.2024 21:21
  • A-
  • A
  • A+

Akademik Cəlal Allahverdiyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Akademik Cəlal Allahverdiyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda (İSİ) AMEA-nın həqiqi üzvü, riyaziyyat elmləri doktoru, professor, Azərbaycan SSRİ Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi Cəlal Allahverdiyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

Sessiya AR Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə baş tutub. Hibrid formatda keçirilən tədbirdə institutun rəhbərliyi, alim və mütəxəssislər və dəvət olunmuş qonaqlar iştirak ediblər.

İclası giriş nitqi ilə açan İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov qonaqları salamlayaraq bu qəbil mötəbər tədbirlərin keçirilməsinin önəmini qeyd edib. Elmi sessiyanın AMEA Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının qərarına əsasən baş tutduğunu bildirən Ə.Abbasov dünyaşöhrətli alim, akademik Cəlal Allahverdiyevin zəngin elmi irsi və şəxsi keyfiyyətlərindən söz açıb. Qeyd edib ki, C. Allahverdiyev 1951-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirərək akademik Mstislav Keldışın təklifi ilə Moskva Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirib. O, 1957-ci ildə namizədlik, 1968-ci ildə isə doktorluq dissertasiyasını uğurla müdafiə edib.

Akademik Ə.Abbasov dəyərli alim C.Allahverdiyevin Azərbaycan elminin inkişafı, dünya elmi ilə inteqrasiyası istiqamətində bəxş etdiyi töhfələrdən söz açıb. Qeyd edib ki, C.Allahverdiyevin əsas elmi tədqiqat istiqamətləri funksional analiz, stoxastik və determinik idarəetmə nəzəriyyəsi,  operator tənliklər nəzəriyyəsi, iqtisadi proseslərin modelləşdirilməsi, kompüter proseslərinin araşdırılması və modelləşdirilməsi kimi məsələlərə həsr olunmuşdur.

Görkəmli alimin yüksək insani keyfiyyətləri barədə danışan akademik onun gənclərin elmə cəlb olunması, istedadlı kadr kimi yetişdirilməsində misilsiz xidmətlərindən və zəngin elmi məktəbindən bəhs edib.

Ə.Abbasov çıxışının sonunda 1970-1988-ci illər ərzində Kibernetika İnstitutuna (indiki İdarəetmə Sistemləri İnstitutu) rəhbərlik edərək elmi müəssisənin tarixində müstəsna xidmətləri ilə seçilən görkəmli alim, akademik Cəlal Allahverdiyevin əziz xatirəsinin daim qəlblərdə yaşayacağına əminliyini ifadə edib.

Sonra Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev çıxış edərək dünyaşöhrətli alimin 95 illik yubileyinə həsr olunan elmi sessiyanın önəmini vurğulayıb, İSİ-nin yaranma tarixi və C.Allahverdiyevin Azərbaycan elminin inkişafında müstəsna xidmətlərindən bəhs edib.

Alim qeyd edib ki, ötən əsrin 50-ci illərinin sonunda ölkəmizə ilk elektron hesablama maşınlarının gətirilməsi hesablama üsulları və proqramlaşdırma sahələrində tədqiqatların aparılmasına təkan verdi. Bu da öz növbəsində 1960-cı ildə Hesablama Mərkəzinin Elmlər Akademiyasının tərkibində müstəqil təşkilata çevrilməsinə əsas yaratdı. 1965-ci ildə məhz Hesablama mərkəzi əsasında Kibernetika İnstitutunun yaradılması ölkəmizdə kibernetika və informatikanın inkişafına həlledici təkan verdi.

Akademik C.Allahverdiyevin elmin inkişafına bəxş etdiyi töhfələri müxtəlif istiqamətlərdən səciyyələndirən AMEA-nın vitse-prezidenti onun pedaqoji fəaliyyətindən, gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan söz açıb.

Akademik R.Əliquliyev çıxışının sonunda böyük əhəmiyyətə malik elmi sessiyanın təşkilinə görə İSİ rəhbərliyinə təşəkkürünü bildirib, Azərbaycan elminin inkişafında önəmli rol oynamış alimlərimizin elmi və elmi-təşkilati fəaliyyətinin ictimailəşdirilməsi istiqamətində qarşıda duran vəzifələrdən danışıb.

Sonra akademik C.Allahverdiyevin həyatı və elmi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Daha sonra İSİ-nin laboratoriya müdiri, dosent Gülçin Abdullayeva Cəlal Allahverdiyevin elmi və təşkilati fəaliyyəti haqqında geniş məruzə edib. G.Abdullayeva bildirib ki, C.Allahverdiyevin rəhbərliyi ilə 6 elmlər doktoru, 40-dan çox fəlsəfə doktoru hazırlanmış, elmi məktəb yaradılmışdır. 130-dan çox elmi əsərin müəllifi olan akademik Azərbaycan elminin inkişafında mühüm rol oynayan tədqiqatlar aparmışdır. O, ilk dəfə bir sinif öz-özünə qoşma olmayan və spektral parametrdən rasional asılı olan operatorlar üçün məxsusi elementlər sisteminin tamlığını araşdırmış, tamlıq və bazislik haqqında teoremlər isbat etmişdir. Akademik tərəfindən xətti  fəzalarda elementlər sisteminin çoxqat tamlığı anlayışı isbat olunmuş, Hilbert fəzasında təsir edən kompakt operatorların s-ədədlərinə ilk dəfə yeni tərif verilmişdir. Onun aldığı nəticələr “Allahverdiyev teoremi” adı altında Funksional analiz və Cəbr nəzəriyyəsinə daxil edilmişdir.

Sonra Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə  Abbaszadə onlayn formatda çıxış edərək Azərbaycanın görkəmli alimi, akademik C.Allahverdiyevin elmi və pedaqoji fəaliyyətindən, nəcib insani keyfiyyətlərindən söz açıb. C.Allahverdiyevin gənc kadr potensialının inkişaf etdirilməsi istiqamətində göstərdiyi diqqət və qayğıdan xüsusilə bəhs edən M.Abbaszadə akademiklə bağlı xatirələrini bölüşüb, milli ruhda yetişən savadlı gənclərin ölkənin inkişafında mühüm rol oynadıqlarını qeyd edib.

Tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi, akademik Asəf Hacıyev onlayn formatda çıxış edərək Azərbaycanda riyaziyyat elminin inkişaf tarixi və sözügedən sahədə C.Allahverdiyevin misilsiz xidmətlərindən bəhs edib. Qeyd edib ki, Mstislav Keldış məktəbinin nümayəndəsi olan C.Allahverdiyevin ən böyük nailiyyətlərindən biri də elə məhz gənc kadr potensialının inkişafına töhfə verərək öz elmi məktəbini yaratması olmuşdur.

Sonra AMEA-nın müşaviri, akademik Telman Əliyev çıxış edərək Kibernetika İnstitutunun tarixi və rəhbərlik etmiş görkəmli şəxslərdən söz açıb. Ulu Öndərin təşəbbüsü ilə SSRİ Elmlər Akademiyasının prezidenti, akademik M.Keldışın Azərbaycana gəldiyini və ölkəmizə ilk böyük BESM-6 elektron hesablama maşınının gətirildiyini qeyd edib. Bunun nəticəsində ölkədə proqramlaşdırma, avtomatika, tətbiqi riyaziyyat, kibernetika və digər sahələrdə sürətli inkişafa nail olunduğunu bildirib.

Daha sonra Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, professor Misir Mərdanov çıxış edərək operatorların spektral nəzəriyyəsi sahəsində görkəmli alim, akademik C.Allahverdiyevin zəngin elmi və pedaqoji fəaliyyətindən ətraflı şəkildə bəhs edib. Qeyd edib ki, C.Allahverdiyev öz-özünə qoşma olmayan operatorların spektral nəzəriyyəsi sahəsində öz məktəbini yaratmışdır. Bu məktəbdə həmin nəzəriyyəni müvəffəqiyyətlə davam etdirən, riyaziyyat elminin inkişafında mühüm rol oynayan dəyərli alimlər yetişmişdir. V.M.Keldış və A.Maslov kimi görkəmli alimlərin rəhbərliyi ilə fundamental tədqiqatlar aparan C.Allahverdiyevin elmi əsərləri Kolmoqorov, Gelfond, Pontryagin, Tixonov, Nikolski kimi dünyanın məşhur alimləri tərəfindən yüksək qiymətləndirilmişdir.

Tədbirdə İSİ-nin laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Qorxmaz İmanov çıxış edərək uzun illər birgə çalışdığı dünyaşöhrətli alim, akademik C.Allahverdiyev ilə bağlı xatirələrini bölüşüb. Ə.Hüseynov və C.Allahverdiyevin ümumilikdə Kibernetika İnstitutunun, o cümlədən İqtisadi kibernetika sahəsinin inkişafına bəxş etdikləri dəyərli töhfələrdən söz açıb.

London Kraliça Meri Universitetinin professoru, r.e.d. Mixail Farber, Türkiyənin İşık Universitetinin Riyaziyyat kafedrasının müdiri, r.e.d., professor Elman Həsənov, Şimali Kipr Doğu  Akdeniz  Universitetinin Riyaziyyat kafedrasının professoru, r.e.d. Ağamirzə Bəşirov, Riyaziyyat kafedrasının müdiri, r.ü.f.d., professor Nazim Mahmudov, BDU-nun Funksional analiz kadefrasının müdiri, professor Əli Əhmədov, İSİ-nin laboratoriya müdiri, professor Knyaz Məmmədov və r.ü.f.d., dosent Ələkbər Bağırov çıxış edərək C.Allahverdiyevin elmi və pedaqoji fəaliyyəti və nəcib insani keyfiyyətlərindən söz açaraq öz xatirələrini bölüşüblər.

Sonra C.Allahverdiyevin oğlu Eyvaz Allahverdiyev çıxış edərək mərhum alimin 95 illik yubileyinə həsr olunmuş yüksək səviyyəli tədbirin keçirilməsinə görə İSİ rəhbərliyinə xüsusi təşəkkürünü ifadə edib, atası ilə bağlı xatirələrini bölüşüb.

Tədbirin sonunda R.Əliquliyev çıxış edərək dəyərli alim C.Allahverdiyevin daim qəlblərdə yaşayacağına inamını ifadə edib, alimin elmi irsinin təbliği istiqamətində təkliflərini səsləndirib.

Sonda akademik C.Allahverdiyevin ailə üzvlərilə xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: