Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şamaxı Astrofizika Rəsədxanasında gənc tədqiqatçılar üçün ustad dərsi keçirilib
28.10.2024 09:48
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasında gənc tədqiqatçılar üçün ustad dərsi keçirilib

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) gənc tədqiqatçılar üçün növbəti ustad dərsi keçirilib.

Tədbiri astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm giriş sözü ilə açaraq, iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra rəsədxananın Qoşa ulduzlar və eruptiv proseslər şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Bayram Rüstəmov “Alqol tipli tutulan qoşa ulduz sistemləri: Dünən, bu gün və sabah” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda qarşılıqlı cazibə əlaqəsində olan yarımayrılmış - komponentlərindən biri Roş boşluğunu doldurmuş sıx qoşa ulduz sistemlərindən danışıb. Qeyd edib ki, tipik Alqollar üçün sistemin komponentləri: Baş komponent – daha qızmar, massiv B-A Baş Ardıcıllıq ulduzu, ikinci onun peyki – öz Roş sərhəddini doldurmuş, daha soyuq və kütləcə kiçik olan F-K nəhəng və ya subnəhəng ulduzdur. Kütlə soyuq donor ulduzundan isti geyner (Geiner) ulduzuna ötürülür. Bu ulduzlar ulduz təkamülündə unikal bir nümunə - Alqol paradoksu ilə məşhurdur.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonununda mövzu ətrafında geniş diskussiya aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: