Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında 2024-cü ildə imzalanmış Əməkdaşlıq Protokolu üzrə Müştərək Proqram çərçivəsində 6 avqust 2024-cü il tarixində elan olunmuş layihə müsabiqəsinə dair hibrid formatda məlumatlandırma seminarları keçirilib.
AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri dosent Esmira Əlirzayeva çıxış edərək hazırkı müsabiqənin AMEA-nın elmi müəssisələri və Türkiyənin universitetləri və tədqiqat institutlarını əhatə etdiyini diqqətə çatdırıb. O, həmçinin AMEA-TÜBİTAK tərəfindən elan edilmiş əvvəlki layihə müsabiqələri və onların uğurlu nəticələri haqqında məlumat verib.
Məruzəçi müsabiqənin şərtləri və qaydaları, tərəfdaş seçimi, layihələrin dəyərləndirilməsi meyarları kimi məsələlər haqqında ətraflı məlumat verib. O, layihə təkiflərinin hazırlanması zamanı ərizə formalarının doldurulmasına qoyulan tələbləri əhatəli izah edib, ərizə forması üzərində işi əyani nümayiş etdirib, iştirakçıların suallarını cavablandırıb.
E.Əlirzayeva bildirib ki, layihə təklifləri Türkiyə və Azərbaycandan tərəfdaş qruplar tərəfindən birlikdə ingilis dilində hazırlanmalı və hər iki ölkə üçün aktual olan mövzunu əhatə etməlidir. O, təqdim edilən layihə təkliflərinin öncə texniki baxışdan keçirildiyini və bu mərhələni uğurla keçən layihələrin 5 meyar üzrə elmi qiymətləndirmə üçün xarici ekspertlərə göndərildiyini və ən yüksək göstərici ilə fərqlənən layihələrin dəstəklənəcəyini vurğulayıb.
Qeyd edilib ki, müsabiqə 5 noyabr 2024-cü il tarixinədək davam edəcək.
Tədbirlərdə AMEA-nın elmi müəssisələrinin, regional bölmə və mərkəzlərinin, Mərkəzi Elmi Kitabxanasının, Rəyasət Heyəti aparatının müvafiq şöbələrinin nümayəndələri onlayn və fiziki olaraq iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.