Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli İsa müəllim!
Ölkəmizin Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyinin əməkdaşları adından, eləcə də uzun illərin həmkarı, amal və əqidə dostu kimi öz adımdan Sizi diqqətəlayiq hadisə - 75 illik yubiley münasibəti ilə ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Yaxşı bilirəm ki, bu 75 ilin az qala 60 ili xalqımıza, ədəbiyyat, sənət və mədəniyyətimizə təmənnasız xidmətə həsr edilib. Sizin ciddi axtarışların, məhsuldar alim əməyinin bəhrəsi olan əsərləriniz klassik və müasir Azərbaycan ədəbiyyatını, korifey sənətkarların yaradıcılığını öyrənmək, tanıtmaq, dünyada təbliğ edib yaymaq baxımından qiymətli sənədlərdir.
Fəaliyyət sahəniz kifayət qədər genişdir. Təkcə çağdaş humanitar elmin görkəmli nümayəndəsi, çoxsaylı əsərlərin müəllifi kimi deyil, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadim, pedaqoq kimi də müstəqillik dövrü Azərbaycanın siyasət, ədəbiyyat, mədəniyyət, ictimai fikir tarixində, dövlətçilik və parlamentarizm həyatında mühüm izlər qoymusunuz.
Ölkəmizin çətin anlarında Ümummilli Lider Heydər Əliyevlə çiyin-çiyinə dayanmağınız, onun nüfuz və etibarını qazanmağınız heç şübhəsiz, yalnız şəxsi həyatınızın faktı olaraq qalmayıb. Fədakar, təmənnasız seçiminizlə Siz həm də ən mürəkkəb situasiyalarda öz dövlətinin və liderinin yanında olan, haqqı dəstəkləyən əsl ziyalı olduğunuzu göstərmisiniz.
Çox şadam ki, aradan keçən illər, şöhrət və mənsəb Sizi qətiyyən dəyişməyib, az qala yarım əsr boyunca tanıdığım sadə, səmimi, zəhmətdən və insanlara yaxşılıq etməkdən doymayan, ən böyük zövqü yazıb-yaratmaqdan alan, dostlara və dostluğa sadiq İsa Həbibbəyli kimi qalmısınız.
Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, uzun ömür, yeni-yeni yaradıcılıq uğurları və sevincləri arzulayıram.
Dərin hörmətlə və dostluq salamları ilə
Vilayət Quliyev”.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.