Dünyanın ölüm-itimli olmasını hamı dərk etsə də, sanki heç kəs yolun istənilən növbəti anda bitə biləcəyinə inanmır, qəfilcə son saatın yetişəcəyini düşünməyərək bir başqasının onun əvəzinə yerinə yetirməsi çətin, hərdən də mümkünsüz işlərə də əncam çəkmir.
Vaxt-vədə yetişir, əgər nəfəsinin axırıncı dəfə gəlib-getdiyi anda insan saniyələr ərzində bütün ömrünü əvvəldən-sona xəyalından keçirmək imkanında olursa, yəqin, mütləq heyifsilənir ki, gərək canını arxayınca tapşıra bilməkçün hansısa tapşırıqlarını zamanında vermiş olaydı, hansısa tək özünün ürəyi istəyən kimi tamamlaya biləcəyi işlərə çarə qılaydı.
Bu baxımdan qoca Məşədi Azər, belə güman edirəm ki, dünyadan nigaran köçməyib. Çünki həyatının mənası olan əsas sərvətinin aqibətini öz səliqəsinə və zövqünə uyğun olaraq sağkən həll etmişdi. Bu işi görəndən sonra, yəqin, bu da fikrindən keçibmiş ki, daha ölümdən qorxusu yoxdur. Çünki etibarlı əllərə tapşırdığı bu sərvəti mütləq əvvəl-axır üzə çıxacaq, onu da həyata yenidən qaytaracaq.
1949-cu ildə, səksənin lap astanasına yetişdiyi əsnada bütün əlyazmalarını özü qovluq-qovluq, bağlama-bağlama ayırmışdı, gətirib təhvil vermişdi ovaxtkı Əlyazmalar şöbəsinə. O vaxt bu əlyazmaları qəbul edənlər də, sonralar fonda, ardınca da instituta çevriləcək bu XƏZİNƏni gün-gün quraraq zənginləşdirənlər Azər Buzovnalını da yaxşı tanıyırdılar, ondan qəbul etdiklərinin qiymətini də gözəl anlayırdılar. Həmin əvəzsiz miras yarım əsrdən uzun bir müddətdə əsl araşdırıcısını gözləsə də, hər halda ustadın özünün də bir vaxtlar təxmin etdiyi xoşbəxt saat gəlib yetişdi. Könül Bağırova bu irsi tam halda üzə çıxarmaqçün ilk cəhd edən olsa da, söz yox ki, hələ Məşədi Azər saxlancının dərinlərinə nüfuz etmək niyyətli yeni araşdırıcılar da olacaq. Ancaq Könül həm də o sabahkı yenilərin işini rahat, Azər dünyasına aparan yollarını daha kəsə etməkçün başqa bir nəciblik də etdi. Məşədi Azərin şəxsi arxivində olan bütün əlyazmalarının təsvirindən ibarət ayrıca bir kitabı da 2015-ci ildə nəşr etdirdi. Odur ki, gələcəkdə Məşədi Azərdən qalanları araşdırmaq istəyən hər kəs bu soraq kitabının bələdçiliyi ilə asanca izə düşə biləcək, təbii ki, bundan sonrakılar artıq onun özünün gücündən, biliyindən, dəqiq nişan verilən qaynaqdan nələri tapıb çıxara bilmək səriştəsindən asılı oalacq.
Ağla sığışdırmaq belə mümkün deyil ki, Məşədi Azər kimi Abşeronda yüksək xətir-hörmət sahibi olan, yalnız "Məcmə üş-şüəra"dakı şairlərlə deyil, digər bölgələrdəki ədəbi məclisdəkilərin tanınmış söz ustaları ilə mütəmadi rabitəsi olan bir körpü adamla Salman Mümtaz (1884-1941) sıx əlaqədə və dostluq münasibətlərində olmaya. Bütün başqa səbəblərdən savayı, evində dəyərli bir əlyazma olan hansısa abşeronlu ilə tanış olub ondan o nüsxəni ən azı vərəqləmək istəyəndə Azər kimi simsar adam əlverişli vasitəçi olaraq Mümtaza çox gərəkdi.
1926-cı ildə Türkoloji qurultay gedən günlərdə çəkilmiş məşhur şəkildə də başqa ədiblərlə yanaşı, Mümtazla Azər birlikdədirlər.
1925-26-cı illər Mümtazın yaradıcı həyatındakı ən uğurlu, ən bəhrəli parça idi. Bu qısaca vaxt aralığında Mümtaz "Kommunist" qəzeti nəşriyyatı xətti ilə Azərbaycan ədəbiyyatı silsiləsindən Qövsi Təbrizi, Nişat Şirvani, Ağa Məsih Şirvani, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, İmadəddin Nəsimi və digərlərinin, bütövlükdə 24 söz ustasının kitablarını dolğun önsözlərlə buraxmışdı ki, bu məcmuələrin əksəri əslində həmin şairlərin əsərlərinin bütöv halda xalqa ilk təqdimi deməkdi. Hərəsi mədəni mühitdə, ziyalılar arasında hadisəyə çevriləcək bu kitablar qatarı ilə yanaşı, Mümtazın bir ucdan qəzet-jurnallarda sanballı məqalələri çıxırdı. Bu arada Nizami məzarı və Gəncədəki digər şair qəbirləri ilə bağlı apardığı tədqiqatla əlaqədar hətta bir neçə ay ərzində gedib orada qalmışdı. Bir tərəfdən gecə-gündüz deməyərək usanmadan çalışmağından bədənin zəifləməsi, digər yandan da qəbiristanlıqlarda, düzənlərdəki narahat şəraitdə ötən aylarda yemək-içməyinə gərəyincə diqqət edə bilməməsi səbəbilə yatalaq xəstəliyinə tutulur və Bakıya halsız vəziyyətdə qayıdır. Nəvəsi Urxun Qalabəyovun söyləməsincə, Nəriman Nərimanov Salman Mümtazın xətrini çox istəyirmiş və tifə yoluxduğundan xəbər tutunca bir günün içində onun mənzilinə telefon çəkdirir, gələ bilməsə də, hər gün zəng vurub əhvalını soruşur, əlavə nə köməklərə ehtiyacı olması ilə maraqlanırmış. Urxun anasının dilindən bunu da nağıl edir ki, Mümtaz hazırladığı və mətbəədən yenicə gəlmiş "Nəsimi" kitabını Birinci Türkoloji Qurultayda təqdim etməkçün iclasa elə xəstə vəziyyətdə, yorğan-döşəkdən qalxaraq gedibmiş, qələm yoldaşlarıyla birgə olduğu həmin məşhur foto çəkiləndən sonra da dərhal evə qayıdıbmış.
Azər də Mümtazın naxoşladığını eşidincə əvvəlcə dostunu yoluxmaqçün evinə getmək istəmiş, amma bunun hər cəhətdən sən deyən münasib olmadığını düşünərək həmin niyyətindən vaz keçmişdi. Bunu da fərziyyə ilə demirəm, belə fikirləşdiyini şeir-məktubunun əvvəlində özücə yazır ki, xəstə olmağınızı bu gün mənə "məxtumzadə" - oğlunuz söylədi, "xidmətinizə gəlmək istədim isə də, vəli narahət olmağınızı nəzərə alıb gəlmədim".
Məşədi Azər 1926-cı il iyunun 17-də yola saldığı şeir-məktubunu elə isti-isti - Mümtazın oğlundan ayrılınca yazıb göndərmişdi. Mümtaz söz adamı idi, onunçün bu sıxıntılı günlərində Azərin məktubu elə şair dostunun onun qapısını açmasına bərabərdi.
Azər Mümtazı "şahinimiz" adlandırır, onu bütün dərdlərə əlac etməyə qadir olan ən ulu həkimin - Pərvərdigarın Özünün sağaltmasını diləyirdi:
Bəstəri olmuş (yatağa düşmüş - R.H.)
eşitdim həzrət-i Mümtazımız,
Ey könül, rəftardan qalmış o sərvinazımız.
Bu xəbərdən halımız necə pərişan olmasın,
Ovc-i iqbal üzrə teyran eyləməz
(uçmaz - R.H.) şəhbazımız.
Hər nəfəs budur təmənnamız şəfa versin ona,
Bir Həkimi ki, odur hər dərdə çarəsazımız.
Azər-i dilxəstəyi narahət eylər dəmbədəm.
Xəstələnmədən bu günlər möhtərəm Mümtazımız.
Özü də şair olan, məsləki də daim gözəl sözlər ardınca düşməkdən ibarət Salman Mümtazı həmin naxoşluqdan tezliklə sağaltmış dava-dərman arasında, yəqin, bu şeirin də payı olmamış deyildi.
XX yüzilin ilk onillərinin Azərbaycan ədəbi-mədəni həyatında məxsusi yeri olan İbrahim Tahir (Musayev) Qarabaği (1869-1943) imzası o çağlar "Şərq-i rus", "Füyuzat", "Dəbistan", "Molla Nəsrəddin", "Tərəqqi", "İrşad", "Səda-yi həqq", "Yeni kənd", "Yeni yol" və digər qəzetlərdə ən tez-tez görünən, Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağayev, Ruhulla Axundov kimi bilginlərin çox dəyər verdiyi, həm farsca, həm ana dilində dövrün söz xiridarlarının təqdirlə qarşıladığı şeirlər yazan, klassik irsdən silsilə tərcümələr edən, cavankən ağsaqqallıq mərtəbəsinə ucalmış seçkinlərdən idi.
Azərin ayrı-ayrı dostlar, rəğbət bəslədiyi qələm yoldaşları haqqında tərifli şeirləri az deyil. Ancaq o, İbrahim Tahir qədər heç bir şairi bunca ürək açıqlığı və səxavətlə öyməyib.
Mirzə Ələkbər Sabirdən üzü 1930-cu illərə qədər xeyli şairimiz, elə Azərin özü də "Şahnamə"dən çevirmələr etmişdilər. Ancaq İbrahim Tahirin tərcümələri həm Firdovsinin öz qələmindən çıxanlara mənaca uyğunluğu, həm də elə ana dilimizdə yazılıbmış kimi rəvan, ahəngdar səslənişi ilə seçilirdi. Bu keyfiyyət İbrahim Tahirin Xəyyamdan, Xaqanidən, Sədidən, Hafizdən, digər farsdilli böyük şairlərdən etdiyi tərcümələrdə də vardı. Ancaq İbrahim Tahir istedadca nə qədər parlaq idisə də, bəxt sarıdan yarımayanlardan olub. Sağlığında haqsız tənqidlərə də məruz qalıb, vəfatından sonra da ayrı bir ədalətsizlik - bir belə məhsuldar yaradıcılığıyla sanki heç belə adam olmayıbmış kimi unudulması onun ruhunu incidib.
1924-cü ilin 5 fevralında Məşədi Azər yaxını Əlipaşa Səbura (1885-1934) yazdığı mənzum məktubunda İbrahim Tahirin Şuşadan Bakıya köçməsi sevincini bölüşür, dostunu muştuluqlayırdı, bu gəlişlə şəhərin ziyalılıq işığının bir az da artdığını, Mirzə Əbdülxaliq Yusif, Səməd Mənsur kimi həm qüdrətli qələm sahibi, həm də qəlbən yaxın olan insanların gedişiylə yaranmış boşluğu məhz İbrahim Tahirin doldura biləcəyinə ümid bəsləyirdi. Məşədi Azər kimi sözü neçə dəfə sonalayaraq dilə, qələmə gətirən kamil sənətkar İbrahim Tahirin tərifini göylərə qaldırır, onun ədəbiyyatda varlığını Füzulinin yenidən həyata gəlməsi kimi mənalandırır, yazdıqlarının heç Əlişir Nəvaininkilərdən fərqlənmədiyini bəyan edirdi.
Səburum, müjdələr olsun sənə, Bakı ziyaləndi,
Könüllər güzgüsündən gərd-i qəm
(qəm tozu - R.H.) getdi, səfaləndi.
Əlindən aldı gər birəhm əcəl Yusiflə Mənsuru,
Sıxılma, onların fövtilə minbəd
(bundan sonra - R.H.), ey gözüm nuru.
Əvəz etməkdən ötrü ol iki sima-yi məşhuri,
Neçə gündür ki, Tahir gəldi Bakıdə binaləndi.
Qəzəl yazmaqda İsatək Füzulini edüb əhya,
Əlişir-i Nəvaidən seçilməz nəzmdə əsla.
Bu ifrat təsiri bağışlayan qiymətləri bir başqası versəydi, bəlkə də gəlişigözəl söylənmiş sözlər sayaraq bunlardan yan keçmək olardı. Lakin bu, mötəbər bir şairin, İbrahim Tahirlə ortaq mövzularda yazıb-yaradan, sinncə elə təqribən eyni olan saf bir peşəkar haqqındakı heyran etirafı idi.
Azəri qat-qat artıq şadlandıran bu idi ki, İbrahim Tahir Bakıya yetişincə onu da düşünüb və dünən, yəni fevralın 4-də baş çəkməyə gəlib.
Azər İbrahim Tahiri canından artıq sevdiyini bildirir, amma Bakıdakı hər şairin də təxminən eyni qənaətdə olacağına inanırdı:
Keçən gün iltifat etmişdi, gəlmişdi bəni didə
(məni görməyə - R.H.),
Fərəhdən bilməzəm nə halə düşdü qəlb-i qəmdidə.
Vəli didar-i şadibəxş-i Tahir kibi həmdəmdən
Könüldən qəmlərim məhv oldu da, çeşmim ziyaləndi.
Budur vəchi ki, canindən füzun Azər sevər onu,
Xəlilasa gülüstan etdi küllən Azəristanı.
Fəda eylər ona canın bu şəhrin hər süxəndanı,
Vüsal-i paki ilə ölkə yüksəldi, minaləndi.
Azərin məsləkdaşları arasında dost, sirdaş, həmdəm saydıqları az olmayıbsa da, Əlipaşa Səbura münasibəti daha dərin səmimiyyəti ilə fərqlənirdi. Səbura istəyi elə çox idi ki, ona heç doğmaca oğluna belə etmədiyi tərzdə məhrəmcə müraciət edir, "Səburum!" yazırdı. Dənizçi oğlu Əlipaşa Səbur şeir, yazı-pozu aləminə erkən gəlmişdi və görünür, bunun əsas səbəblərindən biri ilk müəlliminin tanınmış Abşeron şairlərindən Mirzə Həsib Qüdsinin (1828-1908) olması idi. Əlipaşa qısa ömrü (49 illik həyatının son 2 ilini də ağır mərəzə düçar olaraq yataqda keçirdi) boyunca lap kiçik yaşlarından etibarən çoxlu şeirlər yazsa da, XX əsrin əvvəlinin mətbuatında imzası ən tez-tez görünənlərdən olmaqla yanaşı, özü də naşirliyə başlayaraq hələ 1910-cu ildə "Yeni Füyuzat" dərgisini buraxsa da, keşməkeşli həyatının kədərli hadisələri yaratdıqlarının çox hissəsinin itib-batmasına gətirib çıxarmışdı. Bakı quberniyası çar jandarm idarəsi tərəfindən 1911-ci ildə baş verən həbsi, bir müddət dustaqxanada saxlanandan sonra 3 il müddətinə Qafqazdan Həştərxana sürgün edilməsi, ömrünün bu zəlzələləri toxtayınca təzədən taleyinin "silkələnməsi" - 1918-ci ilin martında Bakıda erməni qırğınları ucbatından canını qurtararaq İrana getməsi bais olmuşdu yazılarının xeyli hissəsi yoxa çıxsın. Əvvəlcə evində axtarışlar apararkən bir hissəsini polis müsadirə etmişdi, sonra da əlyazmalarının xeyli hissəsi onun sürgün və mühacirəti dönəmində yiyəsiz qalaraq tələf olmuşdu. Oğlu, unudulmaz ədəbiyyatşünas və naşir Aydın Hüseynzadə olmasaydı, yəqin, bu gün Səbur haqqında yalnız xırda-para bilgilər, bur də köhnə mətbuatda dərc edilmiş yazıları əsasında danışa bilərdik. Taleyini böyük Seyid Hüseynin ailəsi ilə bağlamış, üstündə "xalq düşməni" damğası olan ocağın qızı ilə evlənməsi həm Aydın Hüseynzadənin o qəliz sovet çağlarındakı mərdanəliyinin nişanəsi, həm də ədəbiyyatımızın naxışıdır ki, qayınatası Seyid Hüseynin də, qayınanası Ümgülsümün də, atasının da irsinin pasibanına çevrildi, onların əldə-ovucda qalan əsərlərini qorudu, yasaqlar dövrü keçəndən sonra nəşr etdirdi, haqlarında kitablar yazdı.
Məhz Aydın Hüseynzadənin həm atası, həm ədəbiyyatımız qarşısında ləyaqətlə yerinə yetirdiyi övladlıq borcu nəticəsində jandarm idarəsinin iki qarətindən və ardıcıl həyat sarsıntılarından sonra Səburun arxivində xoşbəxt təsadüflər üzündən salamat qalmış bir sıra əlyazmalar qeyb olmaqdan qurtularaq yeni həyat qazandı ki, onların arasında Əlipaşanın özünün də, Seyid Hüseynin də, Məhəmməd Hadinin də, Məşədi Azərin də, Əzim Əzimzadənin də bilinməyən, çap olunmamış şeirləri və məktubları vardı. 1999-cu ildə Məşədi Azər nəslinin davamçılarından olan Rəhimağa İmaməliyev qurduğu "Boz oğuz" nəşriyyatında Aydın Hüseynzadənin atası haqdakı kitabını buraxdı ki, orada Azərin Səbura həsr etdiyi şeirlər və mənzum məktublar ilk dəfə hamınınkılaşdı. Bunların bir neçəsi heç Azərin öz əliylə vaxtilə Əlyazmalar şöbəsinə təqdim etdiyi şəxsi arxivində də yoxdu. Amma bu məktublar 1928-ci ilə aiddir. Aralarında bunca mehriban münasibətlər varkən, məntiqlə, əvvəlki və sonrakı illərdə də bu qəbil yazışmaları olmamış deyildi. Ancaq təəssüflər ki, qalana şükür etməkdən ayrı çarəmiz yoxdur.
Şeirli məktublaşmalarında Azərlə Səburun bölüşdükləri bir çox vacib mətləblər sırasında daim yaradıcılıq məsələləri önə çıxırdı.
Səbur dərin təvazö ilə hər dəfə Azəri özündən hər cəhətdən çox ucada dayanan ustad olaraq vəsf edir, şeirdə nəyə nail olubsa, hamısının bu mənəvi müəllimindən gəldiyini bəyan edirdi. 1928-ci il martın 12-də Azər Səbura növbəti şeirli məktubunu yazır, onun bişkin qələmini tərənnüm edir, hər misrasının "mühəssənat" - gözəlliklərlə doluluğunu, onun hər sözünün altında incə mənalar yatdığını, bu cür şeirin möcüzə sayılmağa layiq olduğunu təsdiqləyirdi. Həm də xüsusi vurğulayırdı ki, bu zərifliklər onun hələ gündəlik yazdığı, yəni şeir olaraq üzərində xüsusi işlənməyən, cilalanmayan məktublarındadır:
Nəzmə çəkib bu gün yenə məktub göndərib,
Bəh-bəh, nə nəzm, başdan-ayağə mühəssənat.
Tədqiq olunsa dide-yi təhqiq ilən əgər,
Hər kəlməsində müzmər olub biədəd nükat.
Etmiş nisar təb-i gühərbarı dürlər,
Şayəstədir denilsə bu əş`arə möcüzat.
Şahi piyadə etmədədir nərd-i nəzmdə,
Mat olsa şeirinə nola beş qitə, şeş cəhat.
Səbur razılaşmırdı, bu tərifləri elə ustad nəvazişi kimi qavrayır, mənim şeirimdə yaxşı nə varsa, hamısı ustaddangəlmə, Azərdən əxzetmədir deyirdi:
Olsa mühəssənat kəlamində, ey Səbur,
Azərdən iktisab eylədin (qazandın - R.H.) hər nə səndə var.
...Azər ömrü uzunu övladcanlı olmuşdu. Körpə, şirin vaxtlarında da, uşaqlar yaşa dolaraq qayğıları artdıqca da onların arasında mehribanlığın daimi olmasına, ailənin sağlamlığına, birliyinə çalışmışdı. Bir vaxtlar yaşadığı övlad itkisinin dağı ürəyində daim göynədiyindən (şeirləri arasında oğlu Ağanın vaxtsız ölümünə həsr etdiyi, misraları gözüyaşlı "Son gülüş" adlı bir ağısı da qalmaqdadır) oğul-uşağa istəyindəki həssasiyyət daha da artırdı.
Özü məclis adamı idi, şeir-sənət yığnaqlarından ixtiyar çağlarınacan ayağı çəkilmədi. Amma ailəsinin içərisində də həmişə bir bayram havası vardı. Bunu canlı şahiddən, qızı Qəmər Rəhimovadan dəqiq kim təsvir edər ki?! Qəmər xanım yada salırdı ki, ailə dərsdən qayıdandan sonra evimiz qiraətxanaya çevrilərdi, hər kəs kitabını açıb bir tərəfdə dərsə hazırlaşardı (bunlar hamısı qandan gəlirdi, Azərin tərbiyəsinin nəticəsi idi. Şeir və şairlik də, həyatı boyunca çörəkpulu qazanmaqçün məşğul olduğu bütün başqa işlər də bir yana, o, bütün varlığıyla daim müəllim olaraq qaldı və onun nəzərində məktəbdən müqəddəs bir məkan yox idi. Bu mövqeyinin əvvəldən-axıracan sabit qalmasının dəlili də ən azı bir şeiridir. "Məktəbxanə" adlı o qoşqusunu Azər hələ cavan yaşlarında yazmışdı və 1904-cü ildə "Şərq-i rus" qəzetində dərc etdirmişdi. 1933-cü ildə "Divan"ını tərtib edərkən həmin şeiri ən sevimli mənzumələri sırasına qatır və əlavə edirdi: "İmla-inşasına toxunulmadan eynən yazıldı":
Kim görüb pərsiz (qanadsız - R.H.) olurmu asimanə quş uça?
Pər olubdur uçmağa insanə məktəbxanədir.
Yandıran qəlbində elmin şəm`ini şəxsin müdam,
Eyləyən rövşən, salan meydanə məktəbxanədir).
Qəmər xanım xatirələrində evlərindəki adi axşamların "şəklini çəkirdi" və günlərin hər birində bayramsayağılıq vardı: "Böyük qızım Zəhra həm həkim, həm elmi işçi, həm də incəsənət olimpiadalarında dəfələrlə birincilik qazanan solistdir. Yaxşı döşənmiş mənzilimizin görkəmli yerində piano qoyulmuşdur. Qızım Zəhra yaxşı piano çalır. Anam Bikəxanımdan tutmuş balaca qızım Humaya qədər hamı çalır, oynayır, oxuyur".
Ancaq dövr gərdişinin, taleyin Azəri övladlarla bir çətin sınağaçəkməsi də olmuşdu. Vətəninin adını özünə həm təxəllüs, həm ad etmiş Buzovnalı İmaməlinin vətənpərvər, millətsevər kişi olduğu çox şeirlərində nəbz kimi çarpmadadır. Ancaq sonu görünməyən dəhşətli müharibə başlanmışdı. Onun da nəslindən, bilavasitə öz ocağından cəbhəyə gedənlər vardı. Hər gün evlərin qapısını ölüm soraqlı "qara kağızlar" döyürdü. Vətən, ya bala seçimi qarşısında qalan insanın kimliyi, mahiyyəti bircə sözündən, hərəkətindən bəlli olur. Sovetin apardığı o 1941-1945 savaşına indi yüz cür rəng verib hər nə ad istəyirsən qoymaq olar. Sovet təbliğatı həmin davanı "Böyük Vətən müharibəsi" adlandırırdı. O zamanlar vətən deyəndə sənin balaca vətənin, öz respublikan yox, Sovet İttifaqı nəzərdə tutulurdu. Bu müharibə dünyanı pəncəsinə almaq istəyən faşizmə qarşı xalqlar çoxluğunun mübarizəsi idi. Əslində oçağkı Sovetlər Birliyindən bu müharibəyə atılan hər bir əsgər mahiyyətcə sözdə "vətən" deyilən SSRİ ilə yanaşı, ona doğma olan yurdu dünyanı vahiməyə salan bəladan qorumağa səfərbər olmuşdu. Heç kim də iddia etməsin ki, guya həmin savaşda alman faşizmi məğlub olmasaydı, gəlib digər xalqları, o sıradan bizi ağ günə çıxaracaqdı.
İndi tarixin çox tozanaqları yatandan sonra təzə başla köhnə tarixə ayrı rəng vermək cəhdləri də edilir, Üçüncü Reyxin İkinci Dünya müharibəsində yenildiyini duymağa başlayarkən hərbi əsirlərdən yaratdığı legionlarda döyüşənləri qəhrəmanlar, əsl vətənpərvərlər kimi qələmə verənlər tapılır.
Onlara nə bir zamanlar sovetin "qatı düşmən və xain" damğası vurması kimi qiymətləndirmə ilə razılaşıram, nə də onları guya yüksək ideallara xidmət etmiş igidlər hesab edirəm. Bu, müharibə faciəsinin doğurduğu tale idi - nə yaxşı, nə yaman, bu qisməti vaxtın amansız yazısı kimi anlamaq daha insaflı və ədalətlidir.
O legionlarda sovetə qarşı alman qiyafəsində döyüşmüşlərin sonrakı aqibətinin və müharibə artıq tarixdən bildiyimiz kimi deyil, əks nəticə ilə tamamlanardısa, bizim çıxacağımızın nə təhər ola biləcəyini bir ibrətli tarixi hekayət pıçıldamaqdadır.
Bunu mənə özü həmin legionda olmuş (1917-2014), ömrü Parisdə tamamlanmış həmvətənimiz Qədir Süleyman söyləyirdi. Ona da bu qəziyyəni Azərbaycan legionunun rəhbəri olmuş mayor Əbdürrəhman Fətəlibəyli - Əbo Düdənginski danışmışdı. 1943-cü ildə sıralarında legionçuların da olduğu Almaniya hərbi hissələri gəlib Qafqaza yetişir. Elbrusa qalxan mayor Düdənginski zirvəyə qalibiyyət əlaməti olaraq alman bayrağını deyil, öz üçrənglimizi taxır. Az qalır ki, alman zabitləri onu yerindəcə güllələsinlər, mayoru ən ağır cəzalara məhkum etmək istəyirlər. Canını onunla qurtarır ki, yanımda alman bayrağı yox idi, ona görə bu bayrağı sancdım. Amma başqa vədlər verirdilər axı! Mayor Fətəlibəyli Qədir dayıya xısın söhbətlərində özü danışıbmış ki, faşist Almaniyasının əsl simasının nədən ibarət olduğunu mən o gün, Elbrusun zirvəsində baş verən o hadisədən sonra dərk etdim.
1942-ci il martın 12-si, Almaniya-SSRİ müharibəsinin şıdırğı döyüşləri gedirdi. Oğlu əsgərlikdə olan Məşədi Azər cəbhəyə şeirli məktub yazırdı, nəsihət verirdi:
Bu söz, oğlum, sənə olsun əmanət,
Dava meydanında göstər məharət.
Qorxma, cürətli ol, izhar et hünər,
Çünki qorxan gözə daim çöp düşər.
Düşməni qudurmuş it eylə hesab,
Öldür quduz iti, etgilən səvab.
Verdiyim öyüddən görməzsən zərər,
Olursan, əlbəttə, nayil-i zəfər.
Oğlum, şad eləmək istəsən məni,
Qoyma ölkəmizə murdar düşməni.
Yazdığım sözlərə etgilən əməl,
Bu sözlər zəfərə təməldir, təməl.
Olmagilən bizdən hərgiz nigaran,
Sağ-səlamət varıq, qoca, həm cəvan.
Yox, bu şeiri Məşədi Azər öz oğluna yazmırdı. Cəbhədən, oğlu Əliağadan məktub almış dostu Musa Azərdən rica etmişdi ki, onun dilindən ciyərparasına bir şeir yazsın. Və Azər də bu sözləri Musanın xahişi ilə Əliağaya ünvanlasa da, əslində həm də elə öz doğmaca balasına deyirmiş kimi qələmə almışdı.
Amma bu məktub öz övladına dolayısı ilə aid olsa da, Azər az əvvəl - 1942-ci il yanvarın 20-də elə birbaşa öz Əmirinə həsr etdiyi şeir-məktubu da poçt qutusuna atmışdı.
Həmin məktubu şeirə keçməzdən qabaq, yarı canı cəbhədəki balasının yanında olan başqa ata-analar kimi, elə adi məktublar kimi başlayırdı, Əmiri arxayın edirdi ki, hamımız, o sıradan sənin evin, uşaqların da sağ-salamatdır. Azərin qızı, Əmirin bacısı Qəmərin oğlu Hacıbala da cəbhədəydi və şair, balasını Hacıbala sarıdan da nigaranlıqdan qurtarırdı ki, ondan da 3 gün əvvəl kağız gəldi, sağ-salamatdır, kağızını alıb xatircəm olduq, Moskva yaxınlığındadır.
Əmir Azərin oğlu idi və heç olmazdı ki, o, əsgərlikdən atasına məktub yaza, orda şeir olmaya.
"Sənin kağızında Racinin bir beyt şeiri vardı:
Külahın satgilən, xərc et, tüfeyl olma namərdə,
Cahanda kəllə sağ olsun, külah əskik deyil mərdə.
Elə bu ikicə sətir də səbəb olmuşdu ki, Məşədi Azər məktubunu o beytin ahəngində yazdığı qəzəllə davam etdirsin və dostu Musanın Əliağasına yazdığı tərzdə tövsiyələrini versin:
Oğul, mərdanəlik göstər, əlindən gəlsə hər yerdə,
Xəyanət etmə, beş gün ömr üçün, dünyadə bir fərdə.
Qızıl əsgərlər olmuşdur sovetlər xəlqinin fəxri,
Neçin kim, onların şanlı adı əzbərdi dillərdə.
Vəzifən hər nə olsa əsgəri xidmətdə, ifa qıl,
Qızıl Orduya layiqli gərəkdir sə`y əsgərdə.
Məharətdə qızıl əsgərlərin hər fərdi layiqdir,
Komanda verməyə orduya təyin olsa sərkərdə.
Üzrxahlıq edirdi ki, yoruldum, xəstə olduğumdan bundan çox yaza bilmədim, ancaq vəd də edirdi ki, inşallah, bundan sonra sənə hər məktubumu şeirlə yazacağam.
Vəd edirdisə, yəqin, yazıb da. Fəqət həmin mənzum məktublar da Azərin digər itkin şeirləri cərgəsinə qoşulub.
...Məşədi Azərin təkcə 1928-ci il ərzində yazıb-yaratdıqlarını vərəqləyəndə onun ədəbi mirasının bu gün bizə bəlli olan həcminin əslində bütöv irsinin yalnız kiçicik bir hissəsi olması qənaətinə gəlirsən. Yaxşı, onun ömründə 1937-1938-ci illər də olmuşdu axı. Düzdür, o vaxt yaşlı idi, ancaq Şura hökuməti qocalığa-ahıllığa baxan idimi?! Həmin ildə elə Məşədi Azər sinnində olan o qədər insanları gülləyə tutmuş, zindana atmış, sürgünlərə göndərmişdi ki. Bəlkə də Məşədi Azərin əlillik sənədi verilərək həmin təlatümlər başlanmazdan xeyli əvvəl əmək fəaliyyətindən ayrılması, daha çox xanənişin olması da bu məsələdə təsirini göstərmişdi. Ancaq ən vacib səbəblərdən biri onun həmin dövrdə tam sükutudur. Ola bilməz ki, bu cür məhsuldar insan bir neçə il bircə sətir belə yazmadan inadla sussun. Allah bilir, bəlkə də olan yazılarını zəmanənin qatışıqlığını görərək özü məhv edibmiş. Lakin elə dövr idi ki, hətta tam kirimək, gözdən-nəzərdən qıraqda olmaq da bir çox hallarda xilas etmirdi. Araşdırırdılar, hansısa həbs olunmuşun işində adı keçən, onunla yazışması, birgə fotoları olanları da istintaqa cəlb edirdilər, tezliklə onların da iniltisi NKVD zirzəmisindən gəlirdi. Azərsə sovetin "qara siyahılar"ında adı keçənlərin bir çoxu ilə oturub-durmuş, dostluq etmiş, mütəmadi yazışmışdı.
Biri elə Seyid Hüseyn (1887-1938), biri elə Əmin Abid (1898-1937), biri elə Salman Mümtaz, biri elə Əliabbas Müznib (1883-1938), biri elə Əli Razi Şamçızadə (1886-1939)...
Sabiq müsavatçı Əli Razi Şamçızadə məktublarında Məşədi Azərə "qardaşım" deyə müraciət edirdi. Əli Razi artıq 1937-ci ilin yanvarından həbs olunacaqların siyahısında idi, bu haqda dövlət təhlükəsizlik müstəntiqinin hazırladığı qərar masanın üstündə idi. Onu martda bir dəfə tutub hansı gizli məqsədləsə müvəqqəti azad buraxsalar da, 4 ay sonra yenidən götürürlər və budəfəki həbsi artıq gedər-gəlməzlik olur. Əli Razini 1936-cı ildən əksinqilabi fəaliyyətlə məşğul olmaqda, terrorçuluqda, təxribat yolu ilə burjua-millətçi təşkilatın üzvü kimi iş görməkdə ittiham edərək, eləcə də silahlı üsyana hazırlıq görülməsində, sovet hökumətinə qarşı düşmən təbliğatı apardığına görə təqsirli sayaraq güllələnmə cəzasına məhkum edirlər. Təbii ki, həbs etmişdilərsə, yaşadığı mənzildə axtarış da aparmışdılar, bütün sənədlərini, kağız-kuğuzunu yığışdırıb aparmışdılar. Apardıqlarının arasında Azərin məktublarının da çox olmasına heç bir şübhə yoxdur.
"Unudulmaz qardaşım Azər! Kaş bu məktub kimi hüzurunuzda olaydım. Sizdən ayrılandan sonra İrana getdim. 1922-ci ildə İrandan qayıdıb Gəncədə yaşamaqdayam.
Gəncədə ədəbiyyat maraqlıları ilə hər bir məclisdə Azərin şərəfinə qədəh qaldırılmaqda və söhbətiniz söylənməkdədir".
O Gəncədəki ədəbi məclislərdə 1927-ci ildə toplaşanların çoxu 1937-ci ildə artıq soyuq kameralarda, barmaqlıqlar arxasında idilər və Dövlət Təhlükəsizlik Komitəsi arxivlərində o dövrə aid araşdırdığım yüzlərlə cild cinayət işinin sabit məntiqi deyir ki, o tutulanlarla birgə onlarla həmfikir olmasına hansısa xəfif işarə əldə edilənləri də azad buraxmırdılar. Azərsə nəinki həmfikir, daha artıq, o cür "əksinqilabi ünsürlərə" fikir qığılcımı ötürənlərdən idi. Səbəbsiz deyil ki, hələ 1920-ci ilin sonlarında sovetəzidd məzmunlu şeirlərini Əli Razi kimi çılğınlar bir münsif kimi Azər Buzovnalının diqqətinə yetirirdilər.
Elə Şamçızadə də bu məktubuna həmin üsyankar ruhlu şeirlərindən əlavə edib:
Hər həyatın bir zamanı, hər həyatın saəti,
Bir acı təsiri var, təsiri bir fəryaddır.
Hakim olma fikrimə, hökm eyləmə vicdanıma,
Can əsirin olsa da, fikrim, dilim azaddır.
Hər xəyalın bir ümidi bir təsəlli parladır,
Hər təsəlli çarəsiz bir dərd için imdaddır.
Yox səmimiyyət, ədalət, doğruluq bir kimsədə,
Sağ-solum, qarşım, dalım min qaniçən cəlladdır.
Sovet siyasi repressiyalarının acılarını dadmışlar həmin mənhus illərin bu adətini də ağrı ilə yada salırdılar ki, mümkün xatalardan kənarda qalmaqçün "xalq düşməni" elan edilmiş hər növbəti ad haqqında səs yayılınca dərhal sığortalanma tədbirləri tökürmüşlər, albomlarını açaraq həmin şəxslərlə olan fotolarını cırırmışlar, ya qayçı götürərək həmin şəxsləri o fotolardan ixisara salırmışlar, o cür adamlardan məktublar, açıqcalar varsa yandırırmışlar, xatirə yazılı kitablar varsa torpağa basdırırmışlar.
Azər də bu yazılmamış naəlaclıq dəbinə riayət etməyə bilməzdi. Odur ki, təsadüfən salamat qalmış bircə məktubdan özgə Əli Razinin ona göndərdiklərindən başqa heç nə saxlanmayıb.
1930-cu illərdə Azər Buzovnalının başqalarından da ikiqat ehtiyatlılığının, sudan da sakit dolanmasının və əslində elə toxunulmamasının da başlıca səbəbi, yəqin ki, qızı Qəmər idi.
Bu paradokslarla dolu quruluşun bir siyasəti də qəhrəmanlar yaradaraq onları şöhrətləndirmək, sadə insanlara bu dövlətin necə qayğıkeş münasibət bəslədiyini gözə soxmaq idi. Məşədi Azərin hələ 1920-ci illərdə Sergey Mironoviç Kirovla görüşmüş Qəmərini də qadın hərəkatının fəallarından biri kimi irəli çəkirdilər, tanıyanların bir ağızdan "kişi kimi qadın idi" söylədiyi bu xanım Sənaye İnstitutunu bitirərək neft mədənlərində mühəndis işləməyə başlayandan sonra elə hey addım-addım irəli çəkilmiş, o dövrün Bəsti Bağırova kimi rəmz qadın qəhrəmanlarından biri kimi şöhrətlənmişdi, VIII Ümumittifaq Fövqəladə Sovetlər Qurultayına nümayəndə seçilmiş, hətta qurultay gedişində "Lenin milli siyasətinin" təntənəsini əlavə dəfə nümayiş etdirməkçün Moskvada, Kremldə ona əlavə vəzifə də həvalə edilmiş, Bakıya dönüncə haqqında geniş oçerk yazılmışdı.
Bütün bunlar ailəni, ilk növbədə elə Azəri qoruyan zireh idi, dünyanın elə əyyamları gəlib yetişmişdi ki, Azər hansısa işlərinin irəli getməsi üçün özünü yeri gələndə daha "şair Azər Buzovnalı" olaraq deyil, "Qəmər Rəhimovanın atası" deyə təqdim edirdi.
...Hüznlü mərsiyələr şairi Təbrizli Əbülhəsən Raci (1831-1876) məşhur qəzəlində:
Nə eşq olaydı, nə aşiq, nə hüsn-i dilbər olaydı,
Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı, -
deyirdi, ona bənzətmə yazan Hüseyn Cavid (1882-1941) "Şeyx Səna"ında Kor ərəbin diliylə:
Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm!
Nə aşiyane-yi vüslət, nə bar-i firqət olaydı! -
söyləyirdi.
O da, bu da əslində "Olmayaydı!" yazırdı. Həmin şeirə Azər Buzovnalı da qayıtmışdı, bir nəzirəni də o, qələmə almışdı və Raciylə Caviddən fərqli olaraq, "Olaydı"nı "Olaydı" deyərək "Olmayaydı" anlamında yox, elə birbaşa mənasında işlətmişdi. Azər nəyin olmasını umurdu? O, müəllim idi və müəllimcə arzulayırdı:
Cəhalətin düşünüb də duyaydı cahillər,
Bulub həqiqəti aləm ülumpərvər olaydı.
Açaydı elm ü məarif çəmənləri güllər,
Xülasə, bu kürre-yi ərz həp müəttər olaydı.
Mübarizə aparanda bu yolda əhl-i cahan,
Birinci şəxs-i mübariz o vəqt Azər olaydı!
O gün haçan gələcək? Dünyanın dörd bucağında insan oğlu nə vaxt anlayacaq ki, bu balaca Yuvamızı, Yer Kürəsini və hamımızı bütün bəlalardan qurtaracaq, aləmi ətrə bürüyəcək tək qüvvə bilikdir, öyrənmək yanğısıdır.
Şair və müəllim Məşədi Azər nə qədər ki sağ idi, bu yolda usanmadan çalışdı, az yaşamadığı bu həyatdan ayrılanda da bir də qayıtmağı dilədi - bura təzədən dönərək almağa imkan tapmadığı ləzzətləri duymaq üçün yox, dünyanı biliyin təntənəsiylə daha gözəl etmək mübarizəsinə hamının qoşulacağı zaman mübarizənin ən ön cərgəsində olmaq üçün!
18 oktyabr 2024