Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.11.2024 10:50
  • A-
  • A
  • A+

Coğrafiyanın müasir problemlərinə həsr olunmuş konfrans keçirilib

Coğrafiyanın müasir problemlərinə həsr olunmuş konfrans keçirilib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Coğrafiyanın müasir problemləri: elm və təhsilin inteqrasiyası”  III beynəlxalq elmi-praktiki konfransı keçirilib.

Tədbir Coğrafiya İnstitutunun Azərbaycanın Coğrafiya Cəmiyyəti, Turizm və Menecmentlə Qərbi Kaspi universitetləri, ADPU-nun Quba filialı, Türkiyənin Bursa Uludağ, Rusiyanın Dağıstan Dövlət Texniki və Pedaqoji, Özbəkistanın Milli, Şimali Qazaxıstanın M.Kozıbayev adına universitetləri, Gürcüstanın Coğrafiya İnstitutu və Rusiya Sosial Coğrafiyaçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

İclası giriş sözü ilə açan Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov iştirakçıları salamlayaraq onları günün əsas məsələləri ilə tanış edib. İnstitut rəhbəri tədbirin keçirilməsinin əsas məqsədini açıqlayaraq bildirib ki, müasir iqlim dəyişmələri Yer səthində temperaturun artmasına, su ehtiyatlarının azalmasına, torpaq-bitki örtüyünün deqradasiyasına, təsərrüfatın ərazi və sahə strukturunun dəyişməsinə səbəb olur. Qlobal istiləşmə ilə müşayiət olunan iqlim dəyişmələri ənənəvi qaynaqların itirilməsinə gətirib çıxarır ki, bu da beynəlxalq səviyyədə iqtisadi, sosial, ekoloji və elmi-maarifləndirmə tədbirlərinin təşkilini tələb edir. Bugünkü elmi konfrans da Azərbaycanda keçiriləcək COP29-a həsr olunur.

Tədbirdə iştirak edən Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universitetinin dekanı c.e.d. Sergey Paşkov, BDU-nun Coğrafiya fakültəsinin dekanı professor Məqsəd Qocamanov, Coğrafiya İnstitutunun şöbə müdiri dosent Mirnuh İsmayilov salamlama nitqi ilə çıxış ediblər.

Sonra plenar iclasın məruzələri dinlənilib. Coğrafiya elmləri doktorları, professorlar Rza Mahmudov və Şövqi Göyçayski, texnika elmləri doktoru, əməkdar mühəndis Əhməd Məmmədov Yer elmlərinin ətraf mühit haqqında biliklərin formalaşmasında və ekoloji tədqiqatların aparılmasında əhəmiyyəti, Regional iqlim dəyişmələri fonunda Qarabağ ərazi çay axımlarının təhlili, Qarqarçay hövzəsi üzrə axımın tənzimlənməsi və su ehtiyatlarından səmərəli istifadə mövzularında məruzələr ediblər.

Tədbirin ikinci günü konfrans işini bölmə iclaslarında davam etdirib.

İclaslarda Azərbaycan şəhərlərinin müasir regional problemləri, yeni açılan iş yerlərinin təsərrüfata təsiri, Qarabağın bəzi hidronimləri, mineral və termal sularının sağlamlığa təsiri, Quba-Xaçmaz iqtisadi rayonunda kəndlərin kiçilməsi və bunda miqrasiyanın rolu, Ağdam, Fizuli rayonlarında su ilə təminat problemi, Qarabağın tibbi-coğrafi şəraitinə ekoloji vəziyyətin təsiri və xəstəliklərin yayılmasında rolu, Azərbaycanda onkoloji xəstəliklərin coğrafiyası, torpaqlardan səmərəli istifadənin Kürdəmir rayonunun davamlı iqtisadi inkişafına təsiri, şərqi Zəngəzur iqtisadi rayonunda temperatur rejiminin tədqiqi və s. kimi mövzular yer alıb. 

Konfransın sonunda iştirakçılar geniş müzakirələrdən sonra qərar layihəsini qəbul ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: