Yaponiyanın Beynəlxalq İnkişaf Agentliyi Azərbaycan höküməti ilə "Fəlakətlərin idarəolunması və qarşısının alınması sektoru üzrə" əməkdaşlıq etmək niyyətindədir. Bu məqsədlə Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatının ekspertlər qrupu ölkəmizdə səfərdə olub.
Ryuici Haranın rəhbərlik etdiyi ekspert qrupu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində olublar. Görüşdə Mərkəzin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli RSXM-də aparılan seysmoloji, geofiziki və geokimyəvi tədqiqatlar barədə ətraflı məlumat verib. Azərbaycan seysmoloqlarının Yaponiyanın "Oyo" şirkəti ilə yaxından əməkdaşlıq etdiyini bildirən Q.Yetirmişli hər iki ölkənin seysmoloqları tərəfindən birgə aparılan tədqiqat işləri barədə qonaqları məlumatlandırıb.
Sonra RSXM-nin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri S.Kazımova mərkəzdə aparılan kompleks seysmoloji tədqiqatlarla yanaşı, əməkdaşların respublika ərazisində baş verən palçıq vulkanları və sürüşmə zonalarına dair apardıqları tədqiqatların nəticələrinə dair təqdimatla çıxış edib.
Yaponiyalı ekspertlər qarşıya qoyulan problemlərin həlli istiqamətində RSXM-in böyük potensiala malik olduğunu söyləyiblər. Qonaqlar, həmçinin mərkəzdə aparılan işlərlə yaxından tanış olmaq niyyətində olduqlarını bildiriblər.
Görüşdə Yaponiyanın Beynəlxalq İnkişaf Agentliyi və RSXM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir