Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.11.2024 14:07
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Zəfər gününə həsr olunan tədbir keçirilib

Fizika İnstitutunda Zəfər gününə həsr olunan tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda 8 Noyabr - Zəfər gününə həsr olunan tədbir keçirilib.

İlk olaraq institutda Ümummilli Lider Heydər Əliyevin büstü və sözügedən elmi müəssisənin əməkdaşı, fizika elmləri doktoru I Qarabağ müharibəsinin iştirakçısı Salman Rzayevin guşəsi önünə gül dəstələri qoyulub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən, Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edildikdən sonra öz işinə başlayıb.

Giriş sözü ilə tədbiri institutun baş direktoru, akademik Arif Həşimov açıb. O, 8 Noyabrın Azərbaycan tarixindəki yerindən, əhəmiyyətliliyindən bəhs edib. Akademik zəfər gününün bütün dünya azərbaycanlılarının, ümumimilikdə Türk dünyasının bayramı olduğunu qeyd edib. A.Həşimov Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun göstərdiyi şücaətdən danışıb. Akademik Arif Həşimov zəfər yoluna aparan qələbənin tarixindən söhbət açıb. Bildirib ki, 30 ildən sonra əldə olunan zəfərin təməli Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasi fəaliyyətinin bütün dövrü bu zəfərə nail olmağın təməli olub. Qeyd edib ki, istər I Qarabağ, istərsə də II Qarabağ müharibəsində canlarından keçmiş vətən oğullarını yaşatmaq, onları gələcək nəsillərə tanıtmaq hər birimizin vətəndaşlıq borcudur.

Akademik Arif Həşimov Birinci Qarabağ müharibəsi zamanı Fizika İnstitutunun əməkdaşlarından Yusif Əbilovun Şuşa, Laçın, Füzuli, Tərtər, Əbülfət Qasımovun Murovdağ, Şəmsi Hacıyevin isə Zəngilan, Füzuli döyüşlərində iştirak etdiyini vurğulayıb. Bildirib ki, əməkdaşlardan 1 nəfər - kadrlar üzrə mütəxəssis Mətanət Məcidova isə şəhid ailəsidir.

Tədbirdə AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva bildirib ki, xalqın  mübariz oğulları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Prezident İlham Əliyevin dəmir yumruğu altında birləşərək torpaqlarımızı düşmən əsarətindən azad etdilər. O,  Azərbaycana qarşı yürüdülən işğalçı siyasətə baxmayaraq, dövlətimizin müstəqilliyini qoruya bildiyini, günü-gündən inkişaf etdiyini bildirib.

Tədbirdə çıxış edən fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abbasova bugünlərdə keçiriləcək COP29 tədbirinin əhəmiyyətindən danışıb. Bildirib ki, geniş miqyaslı tədbirin Azərbaycanda keçirilməsi tarixi hadisədir, ölkənin bütün dünyada tanınmasından xəbər verir. A.Abasova çıxışında Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu fəaliyyət, onun apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində torpaqlarımızın azad olunmasından, işğal altından azad olan torpaqlarda aparılan bərpa işlərindən danışıb.

Sonda fizika üzrə fəlsəfə doktorları Zaur Süleymanov, Lalə Əliyeva, böyük elmi işçi Şəfəq Əhədzadə, YAP-ın fəal üzvi, elmi işçi Bayram Xudayarov zəfər günün tarixindən, Ümummilli Lider Heydər Əlieyin hakimiyyətə gəlməsi ilə Azərbaycanda yeni dövrün başlamasından, əmin-amanlığın yaranması üçün görülən tədbirlərdən danışıblar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: