Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “HER2-HER3 pozitiv süd vəzi və ağciyər xərçəngi, beyin metastazlarının terapiyası” mövzusunda elmi seminar keçirilib.
Seminara giriş sözü ilə başlayan Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov iştirakçıları salamlayaraq, mövzunun müasir tibb üçün aktuallığını vurğulayıb və xərçəngin müalicəsində yeni yanaşmaların əhəmiyyətindən bəhs edib.
Sonra Molekulyar və Hüceyrə Biokimyası laboratoriyasının kiçik elmi işçisi Sevda Mahmudova “HER2-HER3 pozitiv süd vəzi və ağciyər xərçəngi, beyin metastazlarının terapiyası” mövzusunda təqdimatla çıxış edib. Mahmudova təqdimatında HER2-nin quruluşu, funksiyaları və onkogen təsirləri barədə məlumat verib. HER2 reseptorunun bir tirozinkinaza reseptoru olduğunu və molekulyar çəkisinin polipeptid olaraq təxminən 140 kDa, qlikozilləşmiş formada isə 185 kDa olduğunu qeyd edib. Həmçinin 17-ci xromosomun qısa qolu (q22) üzərində yerləşən və ligandsız fəaliyyət göstərən bir gen tərəfindən kodlaşdırıldığını bildirib.
Sevda Mahmudova əlavə edib ki, HER2 reseptorunun həddindən artıq ekspressiyası süd vəzi xərçənginin 15-30%-də müşahidə olunur və bu vəziyyət metastazlar və digər yüksək dərəcədə aqressiv şişlərlə əlaqələndirilir. Bununla yanaşı, HER2-nin həddindən artıq ekspressiyası mədə, yumurtalıq, uşaqlıq, yoğun bağırsaq, sidik kisəsi və baş-boyun karsinomalarında da rast gəlinir. HER2 pozitiv xərçəng növlərinin dəqiq təyini üçün İmmunohistokimya (İHC) və Flüoresan İn Situ Hibridləşmə (FİSH) metodlarının istifadə edildiyi vurğulanıb. Xüsusilə, FİSH metodu Her2 geninin amplifikasiyasını təsdiqləyərək müalicə üçün daha dəqiq yol xəritəsi təqdim edir.
Məruzədə HER2-nin müxtəlif terapevtik hədəfləri, o cümlədən trastuzumab, pertuzumab, lapatinib və neratinib kimi dərmanların funksiyaları və təsir mexanizmləri ətraflı izah edilib. Trastuzumabın HER2 reseptorunun IV domeninə bağlanaraq hüceyrədaxili siqnalın qarşısını aldığı, pertuzumabın isə reseptorun dimerləşməsinə mane olaraq siqnal ötürülməsini blokladığı qeyd olunub. Həmçinin, HER2 ilə bağlı müqavimət mexanizmlərinə toxunularaq HER3 vasitəsilə PI3K/Akt siqnal yolunun aktivləşməsi və bunun xərçəng hüceyrələrinin sağ qalmasındakı rolu ətrafında izahatlar verilib.
Məruzədən sonra Molekulyar və Hüceyrə Biokimyası laboratoriyasının rəhbəri, b.e.d. Kərim Qasımov mövzuya əlavə edərək HER2 və HER3 reseptorlarının parçalanmasının və tənzimlənməsinin xərçəng hüceyrələrinin yayılmasının qarşısını almaqda önəmini vurğulayıb. Kərim Qasımov, p53 zülalının zədələnmiş hüceyrələrdə apoptozu (hüceyrə ölümü) stimullaşdırmaqda əsas rol oynadığını qeyd edərək, p53 funksiyasının HER2-HER3 müsbət xərçəng hüceyrələrində zəifləməsinin metastatik proseslərə səbəb ola biləcəyini bildirib. Eyni zamanda, HER2-HER3 reseptorlarının parçalanmasının və onların siqnal yollarına müdaxilənin terapiya strategiyalarında vacib hədəflərdən biri olduğunu vurğulayıb.
Məruzə ətrafında müzakirələr aparılıb və iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb. Seminara yekun vuran professor Oktay Qasımov, təqdim edilən məlumatların müasir onkologiya üçün əhəmiyyətli olduğunu və seminarın yüksək informativ səviyyədə keçdiyini vurğulayıb. İnstitutun gələcək tədqiqatlarının məhz bu istiqamətə yönəldildiyini qeyd edib və b.e.d. Kərim Qasımovun rəhbərlik etdiyi laboratoriyanın bu sahədə uğurla irəlilədiyini bildirib.
Sonda institutun rəhbərliyi və seminar iştirakçıları adından maraqlı və dərin məzmunlu təqdimatına görə Sevda Mahmudovaya təşəkkür edilib, ona gələcək tədqiqatlarında uğurlar arzulanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.