Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə həsr olunmuş “COP29: Gələcək nəsillər üçün yaşıl dünya” adlı tədbiri keçirilib.
Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edən Kərimova Gülnaz giriş sözü ilə tədbiri açaraq COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini qeyd edib, gələcək nəsillərə yaşıl və davamlı bir dünya miras qoymağın vacibliyindən danışıb. O, həmçinin iqlim dəyişikliyinin qarşısını almaq və ekoloji problemlərə həll yolları tapmaq üçün hər kəsin üzərinə böyük bir məsuliyyət düşdüyünü vurğulayıb.
Tədbirin açılış hissəsində növbəti çıxış üçün söz ŞAR GAMŞ-ın sədri Samirə Rəhimliyə verilib. Samirə Rəhimli çıxışında tədbirinin mövzusunun məktəblilər üçün əhəmiyyətinə diqqət çəkərək, gənc nəsillərin ekoloji biliklərlə yiyələnməsinin vacibliyini bildirib. Sədr öz nitqində qeyd edib ki, bu tədbir məktəblilərə ətraf mühit problemlərini daha dərindən öyrənmək və gələcəkdə yaşıl bir dünya yaratmaq üçün təşəbbüslər göstərmək üçün bir fürsət təqdim edir.
Açılış nitqlərindən sonra “Birlikdə qoru: Təmiz planet, təmiz gələcək” adlı video-çarx tədbir iştirakçılarına nümayiş olunub.
Video-çarxın ardınca tədbirin elmi-populyar hissəsi start götürüb. Elmi sessiyada Şamaxı Astrofizika Rəsədxanasından astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm, Biofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Mətanət Baxışova və Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin coğrafiya müəlliməsi Xəyalə Mirzəyeva müvafiq olaraq “Kosmos və yaşıl dünya”, “İqlim dəyişikliyinin biofiziki təsirləri” və “Məktəbdən başlayan maariflənmə, təmiz ətraf mühit” mövzusunda məruzə ilə çıxış ediblər.
Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışların yekununda onları maraqlandıran suallar cavablandırılıb.
Sonda tədbir çərçivəsində təşkil olunmuş astro-sərgidə şagirdlər tərəfindən hazırlanmış maketlər nümayiş etdirilib. Ən uğurlu nümunələrin müəllifləri hədiyyələrlə təltif olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.