Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialı, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi və Kürdəmir rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Qərənfildən Xarıbülbülə” adlı tədbir keçirilib.
Əvvəlcə muzeyin Aran Regional filialının foyesində vətənpərvərlik mövsunda yazılmış kitablardan ibarət sərgiyə baxış olub.
Daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin, Kürdəmir rayon İcra Hakimiyyətinin, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin nümayəndələri, kürdəmirli yazarlar, şəhid ailələri, Kürdəmir rayon Mədəniyyət müəssisələrinin əməkdaşları, hərbçilər iştirak ediblər.
Tədbirdə muzeyin Xaqani Şirvani adına Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı, Kürdəmir rayon Mədəniyyət Mərkəzinin direktoru Sevinc Həsənova, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli, rayon ziyalısı Vaqif Alıyev, yazıçı-hüquqşünas Əlisəfa Azayev, yazıçı-jurnalist Tofiq Abdullayev, şair Abduləziz Xanəhmədoğlu, gənc şair Tərlan Mazanov, Tənzilə Əliyeva, şair Anar Gülümsoy, şəhid anası Simuzər Bağıyeva, Şövqiyyə Azayeva və Müşgünaz Əliyeva çıxış ediblər. Çıxışlarda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun, müqəddəs amal uğrunda canından keçmiş şəhidlərimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış möhtəşəm tarixi Zəfərdən, azad olunmuş torpaqlarda aparılan quruculuq işlərindən bəhs edilib.
Sonda xalqımıza şanlı Zəfəri bəxş edən şəhidlərimizə, ordumuza, qələbəmizə həsr olunan, vətənpərvərlik ruhunda yazılmış şeirlər səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.