Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.11.2024 12:02
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Biofizika İnstitutunda Zəfər Günü və  Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Tədbirin əvvəlində institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov iştirakçıları salamlayaraq giriş nitqi ilə çıxış edib. O, tədbirin açılışı olaraq Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb.

Daha sonra professor Oktay Qasımov, 8 Noyabr Zəfər gününün Azərbaycan tarixindəki yerindən və əhəmiyyətindən bəhs edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti və xalqın birliyi nəticəsində əldə olunan bu tarixi qələbənin həm siyasi, həm də hərbi sahədə böyük əhəmiyyət daşıdığını vurğulayıb. "Biz hər zaman ölkəmizin suverenliyini və ərazi bütövlüyünü qorumağa sadiqik, bu zəfər də bunun təntənəsidir", - deyə O.Qasımov bildirib.

Tədbirdə institutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, Hüceyrə Siqnalının Ötürülməsi Laboratoriyasının kiçik elmi işçisi Aysel Əliyeva da çıxış edib. O, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinin nəticəsi olaraq Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur edilməsini vurğulayıb. Aysel Əliyeva, həmçinin 9 Noyabr Dövlət Bayrağı Gününün təsis edilməsinin Azərbaycan xalqı üçün əhəmiyyətini və Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi müstəqillik rəmzi olan üçrəngli bayrağımızın daimi dalğalanmasının vacibliyini qeyd edib. O, sonda institut adından tədbirin təşkilinə görə minnətdarlığını bildirib.

Tədbir çərçivəsində Zəfər gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda Qarabağda əldə edilən zəfər və azad olunmuş ərazilərdə aparılan quruculuq işləri əks olunub, bu qələbənin xalqımız üçün mənəvi və tarixi dəyəri vurğulanıb.

Sonda professor Oktay Qasımov çıxış edərək, Qarabağda gedən geniş bərpa və yenidənqurma işlərindən bəhs edib. O, Azərbaycanın bu zəfər ilə əldə etdiyi mövqenin əhəmiyyətini vurğulayaraq, "Bu zəfərimiz ömürlük olsun, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi daim qorunsun", -  deyə tədbiri yekunlaşdırıb.

Tədbir iştirakçıları milli bayramlar olan Zəfər Günü və Dövlət Bayrağı Gününü böyük ruh yüksəkliyi ilə qeyd ediblər.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: