Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Günəşdən atılan tac plazma kütləsi növbəti geomaqnit qasırğasına səbəb olub
22.01.2016 09:36
  • A-
  • A
  • A+

Günəşdən atılan tac plazma kütləsi növbəti geomaqnit qasırğasına səbəb olub

Elçin Babayev: Qasırğanın getdikcə zəifləməsi gözlənilsə də, geomaqnit həyəcanlaşması yaxın üç gün ərzində, xüsusilə, yanvarın 23-də davam edəcək

Günəşin səthində cəmi 59 ləkənin və 4 fəallıq qrupunun (ləkələr toplusunun) müşahidə olunmasına baxmayaraq, son iki gündə özünü fasilələrlə göstərən geomaqnit həyəcanlaşması bu gün ərzində G2 sinifli geomaqnit qasırğasına (şkala üzrə maksimum G5-dir) çevrilib. Əsas geomaqnit indekslərindən biri Kp-nin qiyməti isə 6-ya çatıb (burada maksimum qiymət 9-dur). Qasırğa nəticəsində şimal en dairələrində gözəl təbiət hadisəsi sayılan qütb parıltıları müşahidə olunub.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev bildirib ki, Günəş səthində müşahidə olunan nisbi sakitliyə, Günəş alışmalarının başvermə ehtimalının cəmi 1-5 faiz arasında dəyişməsinə baxmayaraq, geomaqnit qasırğası yaranıb və həyəcanlaşma yaxın günlərdə də davam edəcək.

Geomaqnit həyəcanlaşmaları və qasırğaları mürəkkəb bir prosesdir. Qeyd etmək lazımdır ki, bu qasırğa Günəşdən atılmış tac plazma kütləsinin Yerin maqnitosferi ilə qarşılıqlı təsiri nəticəsində yaranıb.

Qasırğanın getdikcə nisbətən zəifləməsi gözlənilsə də, geomaqnit həyəcanlaşması yaxın üç gün ərzində, xüsusilə, yanvarın 23-də davam edəcək. Bunun əlavə səbəbi Günəş səthində hazırda mövcud olan “tac dəlikləri”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir. “Tac dəlikləri” demək olar ki, açıq maqnit qüvvə xətləri olan sahələrdir. Buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya yönəlir.

Elçin Babayev bildirib ki, yuxarı en dairələrindən fərqli olaraq, bizim orta coğrafi en dairələrində yaşayan sağlam insanlar üçün heç bir narahatlığa səbəb yoxdur. Onlarda hətta bəzi hallarda gümrahlıq effektləri yarana bilər. Lakin risk qrupuna daxil olan insanlara (ürək-qan-damar sisteminin xroniki xəstələri, ahıl insanlar və qismən uşaqlar) həkim məsləhəti əsasında profilaktik tədbirlər görmələri tövsiyə olunur. Yaxşı olar ki, belə insanlar təşvişə düşməsin və “aktiv istirahət” etsinlər.

Meteoroloji şəraitin son günlər müşahidə olunan kəskin dəyişmələri kosmik hava ilə birgə təsir etdikdə, neqativ halların daha da güclənməsi istisna edilmir. Ümumiyyətlə, bu təsirlər hər bir funksional sağlam individuum üçün fərqli ola bilər. Geomaqnit qasırğalarının bir sıra texnoloji sistemlərə zəif təsir edərək kommunikasiya radiodalğalarında qısamüddətli sönmələr (və ya “donmalar”) və radiasiya fırtınaları yaratması da mümkündür.

www.azertag.az

  • Paylaş: