İtaliyanın Boloniya Universitetinin alimləri təxminən 6 min il yaşı olan Mesopotamiyadan qədim silindr möhürlərində və digər artefaktlarda yazının mənşəyini aşkar ediblər.
Araşdırma “Antiquity” elmi jurnalında dərc olunub.
Mütəxəssislər müəyyən ediblər ki, silindrlər üzərindəki qravürlər indiki İraqın cənubundakı Uruk şəhərində meydana çıxan proto-mix yazısının bəzi əlamətləri ilə üst-üstə düşür. Bu möhürlər daha çox kənd təsərrüfatı və ticari məhsulların uçotunu aparmaq üçün hazırlanıb.
Qeyd edək ki, Uruk Mesopotamiyanın ilk şəhərlərindən biri olub və İranın cənub-qərbindən Türkiyənin cənub-şərqinə qədər uzanan böyük bir bölgəyə təsir edib.
Professor Silvia Ferrara bildirib ki, bu iş yazının yaradılmasına təkan verən mexanizmin möhür sisteminə əsaslandığını ilk dəfə olaraq təsdiqləyir. Onun rəhbərlik etdiyi araşdırmada, Uruk şəhərində aşkarlanan silindr möhürlərdəki simvolların sonrakı proto-mix yazı sisteminə bənzədiyi göstərilib.
Bu mühüm tapıntılar qədim mədəniyyətlər arasında yazının mənşəyi haqqında nəzəriyyələrə yeniliklər əlavə edir və insanların yazıya keçid tarixini daha dərin şəkildə dərk etmələrinə yardımçı olur.