Noyabrın 19-da Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatında partiyanın yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq dahi liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yubiley tədbirini giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev Yeni Azərbaycan Partiyasının 32 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransının tarixi əhəmiyyətə malik olduğunu bildirib. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin zəngin irsi və cənab Prezident, YAP-ın sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu ötən müddət ərzində daha da artıb.
Məruzə ətrafında AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, ərazi partiya təşkilatının sədri Mehman Əliyev bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.
O, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan danışıb, YAP-ın müasir və müstəqil Azərbaycan dövlətinin tarixində mühüm yer tutduğunu vurğulayıb. Partiyanın təşkilatlanmasında, siyasi-ideoloji cəbhədə AMEA-nın ərazi təşkilatlarının fəal və ardıcıl iş apardığını da diqqətə çatdırıb.
Sonda partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya üzvünə Fəxri fərman və hədiyyələr təqdim olunub.
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Elektron xidmətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Həsənzadə də mükafatlandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.