Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.11.2024 10:52
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzində elmi seminar keçirilib

Lənkəran Regional Elmi Mərkəzində elmi seminar keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəran Regional Bölməsinin birgə təşkilatçılığı ilə “Cənub bölgəsi multikultural dəyərlər sistemində” mövzusunda elmi seminar keçirilib.

Tədbirdən əvvəl qonaqlar Mərkəzin foyesində şəhid Mahsun Bağırzadənin xatirə guşəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Elmi seminarı giriş sözü ilə açan Lənkəran REM-in direktoru Mehman Əliyev qonaqları salamlayıb, onları iştirakçılara təqdim etdikdən sonra qeyd edib ki, Azərbaycanda multikultural dəyərlərin və tolerantlığın konseptual nəzəri əsasının qoyulması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanı vətəndaş müharibəsindən qurtarması ilə yanaşı, ölkəmizdə mövcud olan bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirməsi bunun əsas göstəricisidir. Müzəffər Ali Baş Komandan,  cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq, qarşılıqlı etimad və xalqlar dostluğunun qarantıdır.

DQİDK-nin Lənkəran Regional Bölməsinin müdiri Qağayı Məmmədov bildirib ki, müasir dünyanın milli-dini zəmində baş verən toqquşmalar, terror hadisələri, məzhəb savaşları, dövlətlərarası etimadsızlıq, ictimai-siyasi vəziyyətin kəskinləşməsi halları ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycanda milli həmrəyliyin, xalqlar dostluğunun, möhkəm siyasi sabitliyin qürurverici olduğu, beynəlxalq aləmdə ölkəmizin nüfuz qazandığı göz önündədir. Bu gün tolerantlığın Azərbaycan modelinin dünya üçün nümunə sayıldığını diqqətə çatdıran Qağayı Məmmədov möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasətinin həyata keçirildiyini vurğulayıb: “İslam həmrəyliyinin gücləndirilməsi və dini dəyərlərin müdafiəsi üçün beynəlxalq səviyyədə işlər görülür. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli” elan edilməsi, 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarının təşkili məhz bi siyasətin bariz nümunəsidir”.

Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran bölgəsi üzrə qazisi Hacı Qəni Axundzadə deyib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında noyabrın 5-6-da Bakıda Dini Liderlərin Qlobal Sammiti keçirilib. İki günlük sammitdə dünya dinlərinin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları, QMİ-nin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə başda olmaqla patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, ictimai xadimlər, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən media subyektlərinin də nümayəndələri iştirak edib. Sammitin yekununda Bakı Bəyannaməsi, dünya dini liderlərinin COP29 iştirakçılarına müraciəti qəbul edilmişdir.

Sonra Lənkəran REM-in Elmi katibi Cəmil Quliyevin məruzəsi dinlənilib. Bildirib ki, oktyabrın 14-də Lənkəran şəhərində yerləşən Pravoslav məbədində Taxt-Tac mərasimi keçirildi. Həmin mərasimdə DQİDK Lənkəran Regional Bölməsinin əməkdaşı Səyyad Babakişiyevlə birgə iştirak etdim. Mərasimi Bakı və Azərbaycanın Arxiyepiskopu Aleksey Smirnov idarə edirdi. Lənkəran şəhərində müasir pravoslav icmasının tarixi hələ XIX əsrdən başlayır. Tarixi məlumatlara görə, Lənkəranda pravoslav kilsələrindən biri Müqəddəs Maqdalalı Mariya adına kiçik daş qəbiristanlıq kilsəsi idi. Bu kilsə taxta İkonas və bir neçə ikonalar ilə bəzədilmişdi. Məbəd Azərbaycanda sovet hakimiyyəti qurulana qədər mövcud olub. Bakı Yeparxiyasının dirçəlməsindən sonra Lənkəran şəhərinin və onun ətraf qəsəbələrinin pravoslav əhalisinin dini etiqadlarını həyata keçirməsi üçün müsbət addımlar atılıb. 2015-ci ildə Bakı və Azərbaycan Arxiyepiskopunun müraciətinə əsasən Pravoslav kilsəsi Lənkəran şəhərində rus qəbiristanlığının həyətində yerləşən gözətçi sahəsi Bakı Yeparxiyasının istifadəsinə verilib. 2019-cu ildə zəruri maddi vəsaitlərin toplanmasından sonra yeparxiyaya verilmiş binanın məbəd kimi təmirinə başlanılıb. Müqəddəs Saf Ananın himayədarlığına həsr edilən məbədin ətrafında abadlıq işləri görülmüşdür.

DQİDK Lənkəran Regional Bölməsinin əməkdaşı Səyyad Babakişiyev vurğulayıb ki, Azərbaycanda dinlərarası harmoniya, tolerant və multikultural dəyərlər, eləcə də dini etiqad azadlığının yüksək səviyyədə təmin edilməsi, icmalara qarşı münasibətdə ayrı-seçkiliyin olmaması, onların inkişafı üçün dövlət tərəfindən şəraitin yaradılması daim diqqət mərkəzində olub. Bütün bu sadalananlar respublikamızda etnik dini müxtəlifliyin qorunması və multikultural dəyərlərin daha da inkişafına böyük töhfə verir.

Lənkəran rayonu Hirkan qəsəbə məscidi dini icmasının sədri və imamı Ayaz Mirzəyev çıxışında sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, bu gün onların sayının 2500-ə yaxın olduğunu diqqətə çatdırıb: “Bu məscidlərdən 83-ü Lənkəran rayonunda fəaliyyət göstərir. Rayonumuzun Şıxəkəran kəndində Şeyx Zahid türbəsi, Cil kəndində Seyid Xəlifə, Şağlaküçə kəndində Seyidəpir ziyarətgahları və digər kənd məscidləri də təmir olunaraq əhalinin istifadəsinə verilib. Lənkəranda insanların tolerantlıq mühitində yaşaması üçün lazım olan bütün şərait yaradılıb. Yerli icra strukturları Lənkəranda yaşayan müxtəlif millətlərin nümayəndələri və dini icma rəhbərləri ilə mütəmadi görüşlər keçirir, onları maraqlandıran bütün məsələlərin həllinə diqqət göstərirlər”.

Çıxışında COP29 Bakı Zirvəsini Azərbaycan xalqının və dövlətinin böyük uğuru kimi qiymətləndirən Lənkəran rayonu Sütəmurdov kənd məscidinin imamı Fəxri Sadıxov bildirib ki, 2024-cü ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik İli” elan ediməsini planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən dəyərli qlobal təşəbbüs kimi alqışlayırıq. Azərbaycanın ətraf mühitin qorunmasına verdiyi önəmi, bu istiqamətdə səmərəli addımlarını təqdir edir, Yer üzündə ilahi düzənin bərpası yönündə əhəmiyyətli fəaliyyət kimi dəyərləndiririk.

Sonra din xadimi Famil Nəhmətov şair Abbas Səhhətin  “Vətənimdir” şeirini muğam üstündə ifa edib.

Elmi seminarın işində fəal iştirak etdiklərinə görə Qağayı Məmmədov, Hacı Qəni Axundzadə, Cəmil Quliyev, Səyyad Babakişiyev, Ayaz Mirzəyev, Fəxri Sadıxov və Famil Nəhmətov Lənkəran Regional Elmi Mərkəzinin “Fəxri fərmanı” ilə təltif olunublar.

Tədbiri yekunlaşdıran Mehman Əliyev qonaqlara və iştirakçıların hər birinə minnətdarlığını bildirib.

Sonda xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: