Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.11.2024 14:51
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

Biofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda Elmi şuranın növbəti iclası baş tutub.

İclas institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımovun sədrliyi ilə keçirilib.

Tədbirdə öncə İnteqrativ biologiya laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradovun 3-5 oktyabr 2024-cü il tarixlərində Türkiyəyə elmi ezamiyyəti ilə bağlı hesabatı dinlənilib. İlham Şahmuradov ezamiyyət zamanı həyata keçirilmiş görüşlər, müzakirələr və əldə olunan nəticələr barədə məlumat verib. Hesabat Elmi şura üzvləri tərəfindən yüksək qiymətləndirilib.

Daha sonra Biofizika İnstitutunun doktorantı, biologiya üzrə fəlsəfə doktoru Leylaxanım Məlikovanın attestasiyasının nəticələri müzakirə edilib və təsdiqlənib. Şura üzvləri doktorantın elmi fəaliyyəti ilə bağlı müsbət fikirlər səsləndiriblər.

İclasın növbəti hissəsində institutun Molekulyar və hüceyrə biokimyası, İnteqrativ biologiya və Hüceyrə siqnalının ötürülməsi laboratoriyalarının illik elmi və elmi-təşkilati hesabatları dinlənilib. Laboratoriya müdirləri – b.e.d. Kərim Qasımov, AMEA-nın müxbir üzvü İlham Şahmuradov, b.ü.f.d., dos. Taleh Yusifov, həmçinin elmi işlərin icraçıları - k.e.i. Fidan Qüdrətova və k.e.i. Aysel Əliyeva təqdimatlarla çıxış ediblər.

Hesabatlarda 2024-cü ildə aparılmış elmi tədqiqat işlərinin nəticələri, beynəlxalq indeksli jurnallarda dərc olunmuş məqalələr, qrant layihələri, kadr hazırlığı, elmlə təhsilin inteqrasiyası və beynəlxalq elmi əməkdaşlıqlar barədə geniş məlumat verilib. Təqdimatlar ətrafında müzakirələr aparılıb, laboratoriyaların fəaliyyəti ilə bağlı təkliflər səsləndirilib.

Sonda professor Oktay Qasımov laboratoriyaların hesabatlarının qəbul edilməsini səsverməyə çıxarıb. Elmi şuranın üzvləri hesabatları yekdilliklə təsdiqləyiblər.

İclasın sonunda bir sıra cari məsələlər müzakirə edilib. Cari məsələlər sırasında institutun gələcək planları, beynəlxalq əlaqələrin genişləndirilməsi və gənc tədqiqatçıların dəstəklənməsi istiqamətində təkliflər irəli sürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: