Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.11.2024 11:46
  • A-
  • A
  • A+

“Azərbaycanın Qərb bölgəsinin biomüxtəlifliyi: Mövcud yanaşmaların və gələcək imkanların nəzərdən keçirilməsi” mövzusunda respublika konfransı keçirilib

“Azərbaycanın Qərb bölgəsinin biomüxtəlifliyi: Mövcud yanaşmaların və gələcək imkanların nəzərdən keçirilməsi” mövzusunda respublika konfransı keçirilib

AMEA-nın Gəncə Bölməsində Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və onun Gəncədə yerləşən Nəbatat Bağı tərəfindən “Azərbaycanın Qərb bölgəsinin biomüxtəlifliyi: Mövcud yanaşmaların və gələcək imkanların nəzərdən keçirilməsi” mövzusunda respublika elmi konfransı keçirilib.

Elmi foruma Gəncə ilə yanaşı, Bakı və Naxçıvanın elmi-tədqiqat və ali təhsil ocaqlarını təmsil edən alim və tədqiqatçılar iştirak ediblər. 

Tədbirdən əvvəl Gəncədə fəaliyyətləri ekoloji məsələlər ilə bağlı olan elmi qurumların  nailiyyətlərinə həsr olunan sərgiyə baxış keçirilib.

AMEA-nın Gəncə Bölməsinin böyük akt salonunda keçirilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü naminə canlarından keçmiş Şəhidlərin xatirəsinin anılması ilə başlayıb.

Konfransın aparıcısı ETN Nəbatat Bağının Bitki ehtiyatları şöbəsinin müdiri, professor Aynur Bayramova Gəncə alimləri adından tədbirə qatılan qonaqlara minnətdarlıq edib. O, konfransın proqramının zəngin olduğunu, respublikanın istər qərb, istərsə də digər bölgələrində insan həyatı və fəaliyyəti üçün vacib olan ekoloji məsələlərin həllinə aid aktual mövzuları əhatə etdiyini vurğulayıb. 

Respublika konfransını giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açıb. O, 2024-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsinin ölkəmizin beynəlxalq arenada daha bir uğuru kimi dəyərləndirərək, qlobal ekoloji və iqlim dəyişiklikləri problemləri ilə mübarizədə ölkəmizin nüfuzlu söz və əməl sahibinə çevrildiyinə diqqət çəkib. Akademik Fuad Əliyev alim və tədqiqatçılarımızı müasir dünyanı təhdid edən ekoloji problemlərinin həllinə  öz töhfələrini verməyə çağırıb və bu konfransın işinə uğurlar arzulayıb.

Əvvəlcə AMEA-nın Gəncə Bölməsi tərəfindən hazırlanan, bu şəhərdə fəaliyyət göstərən elmi-tədqiat müəssisələrinin, o cümlədən Nəbatat Bağının bölgəmizin ekoloji problemlərinin həlli istiqamətində fəaliyyətləri haqda qısa sənədli film nümayiş etdirilib.

Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov çıxışı zamanı konfrans iştitakçılarına Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun salamlarını və bu mötəbər elmi forumun işinə uğur diləklərini çatdırıb. O, hazırki konfransın respublikamızın ev sahibliyi etdiyi, iqlim dəyişikliklərilə mübarizə üzrə uğurla başa çatmış COP29-un mövzuları ilə səsləşdiyini diqqətə çatdıraraq, alimlərimizin təbiətin və biomüxtəlifliyin qorunmasına töhfə verdiklərini qeyd edib.

GDU-nun Botanika kafedrasının müdiri AMEA-nın müxbir üzvü Vaqif Novruzov, AR ETN Nəbatat Bağının (Gəncə) direktoru Nizami Nağıyev, GDU-nun Ekologiya və ətraf mühitin mühafizəsi kafedrasının müdiri, professor Sevda Əhmədova, AR ETN Bioresurslar İnstitutunun direktoru, k.ü.f.d., dosent İmran Qasımov, AR ETSN Göygöl Milli Parkının direktoru Fuad Quliyev çıxış ediblər. Onlar konfransın məram və məqsədlərinə aid olan, istər ölkəmizdə, istərsə də qlobal miqyasda ətraf mühitin tarazlığını poza bilən, müasir dövrün xüsusiyyətlərindən yaranmış həlli vacib problemlərlə mübarizə naminə alimlərin səylərini birləşdirməyin zəruriliyi haqda danışıblar.

Sonra konfransın plenar iclasındakı məruzələrlə AR KTN Azərbaycan Dövlət Aqrar Universitetindən a.e.ü.e.d., professor Nizami Seyidəliyev “Seyrəltmə müddətlərinin pambıq strukturunun göstəricilərinə təsiri”, AR ETN Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutundan a.e.ü.e.d., professor Ələddin Tağıyev “Pambıq sortlarının qiymətləndirilməsi seleksiyası və yeni sortların yaradılması”, Naxçıvan Nəbatat Bağının şöbə müdiri, b.ü.f.d. Teyyub Paşayev “Naxçıvan Nəbatat bağının fəaliyyəti”, Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin baş aqronomu İlqar Quliyev “Gəncədə yaşıllaşdırma tədbirləri haqda”, AR ETN Bioresurslar İnstitutundan mühəndis Elnarə İsayeva “Qlobal iqlim dəyişmələri və onun bitki örtüyünə təsiri”, eləcə də tələbə-tədqiqatçılardan ADAU-dan Rəna Zeynalova, Elgün Mahmudov və GDU-dan Şölə Mirzəyeva  çıxış ediblər.

Sonra konfrans 6 istiqamət üzrə - “Dərman əhəmiyyətli faydalı bitkilərinin öyrənilməsi və səmərəli istifadə olunması yolları”, “Azərbaycanın qərb bölgəsinin bioloji müxtəlifliyinin müasir vəziyyəti və səmərəli istifadə”, “Nadir və nəsli kəsilməkdə olan bitkilər və müasir biotexnologiya”, Biomüxtəlifliyin qorunmasında introduksiya və reintroduksiya”, “Qlobal iqlim dəyişkənliyi və onun floraya təsiri” və “Ölkə ərazisində yaşıllığın qorunmasında landşaft dizaynının müasir vəziyyəti” bölmələri üzrə öz işini davam etdirib.

Çıxışlar və məruzələr ətrafında fikir mübadilələri aparılıb.

Konfansın yekununda qətnamə qəbul edilib və onu AR ETN Nəbatat Bağından b.ü.f.d., dosent Ramidə Quliyeva səsləndirib. Aktual problemlər haqda ətraflı məruzə və çıxışlara görə, əksəriyyəti gənclər olan fəal iştirakçılara sertifikatlar təqdim edilib.

“Azərbaycanın Qərb bölgəsinin biomüxtəlifliyi: Mövcud yanaşmaların və gələcək imkanların nəzərdən keçirilməsi” mövzusunda respublika elmi konfransına 40-dan çox elmi məqalə təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: