ETN İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirildi.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev 1988-ci ildən etibarən dünya miqyasında qeyd edilən Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününün əhəmiyyətindən danışdı. Alim bildirdi ki, bu günün keçirilməsində əsas məqsəd informasiya təhlükəsizliyi sahəsində mövcud olan problemlərin işıqlandırılması, beynəlxalq ictimaiyyətin diqqətinin informasiya təhlükəsizliyi məsələlərinə cəlb edilməsi, bu istiqamətdə aparılan tədqiqatlar və əldə olunan nailiyyətlər barədə hesabatların təqdim edilməsidir.
Akademik Rasim Əliquliyev qeyd etdi ki, İnformasiya Texnologiyaları İnstitutu da informasiya təhlükəsizliyi məsələsini diqqətdə saxlayaraq hər ilin 30 noyabr tarixində bu günə həsr olunmuş tədbir keçirir: “Bugünkü seminarda AR Prezidenti İlham Əliyevin “2023-2027-ci illər üçün Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamında institutun qarşısına qoyulan vəzifələrin icra vəziyyəti müzakirə olunacaq. Eyni zamanda Azərbaycan Elm Fondunun “Sosial kiberfiziki sistemlərdə fərdi məlumatların qorunması üçün süni intellekt üsullarının işlənməsi” qrant layihəsi çərçivəsində aparılan tədqiqatların nəticələri ilə bağlı fikir mübadiləsi aparılacaq”.
Sonra tədbirdə institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev “İnformasiya təhlükəsizliyi hadisələrinin monitorinqi və insidentlərin aşkarlanması” mövzusunda məruzə ilə çıxış etdi. O, informasiya təhlükəsizliyi hadisəsi və insidenti, bu hadisələrin monitorinqinin əsas komponentləri, monitorinq və aşkarlama alətləri və s. haqqında məlumat verdi. Qeyd etdi ki, monitorinq nəticələrinin təhlili əsasında təhlükəsizlik vasitələri və texnologiyaları müntəzəm olaraq yenilənir, həmçinin yeni təhdidlərə qarşı dayanıqlılıq artır.
İnstitutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva Azərbaycan Elm Fondunun “Sosial kiberfiziki sistemlərdə fərdi məlumatların qorunması üçün süni intellekt üsullarının işlənməsi” qrant layihəsi çərçivəsində görülən işlər haqqında məruzəni təqdim etdi. O, layihənin məqsədinin sosial kiberfiziki sistemlərdə toplanan fərdi məlumatların qorunması üçün maşın təlimi və dərin təlim əsaslı süni intellekt üsullarının işlənməsindən ibarət olduğunu diqqətə çatdırdı.
“Kritik informasiya infrastrukturu kibertəhlükəsizliyinin təmin edilməsi” mövzusunda məruzə ilə çıxış edən institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat qeyd etdi ki, milli kritik infrastrukturun əsasını Sənaye 4.0, elektrik enerjisinin istehsalı və bölüşdürülməsi, su təchizatı, neft-qaz hasilatı və təchizatı, kimya və qida sənayesi, telekommunikasiya və s. təşkil edir. Onun sözlərinə görə, ən müasir texnologiyalar və strategiyalar kritik infrastruktur üçün kibertəhlükəsizliyin qarşısında dayanan perspektiv vəzifələr formalaşdırır.
Elmi seminarda institutun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev “Kibertəhlükəsizlik sahəsində qabaqcıl beynəlxalq hüquqi və normativ-texniki alətlər” mövzusu üzrə çıxış etdi. Məruzəçi beynəlxalq hüquqi çərçivələr, regional tənzimləyici alətlər, qlobal təhdidlər, yeni trendlər və kibertəhlükəsizliyin gələcəyi haqqında ətraflı məlumat verdi.
Daha sonra tədbirdə “Ağıllı şəhər” mühitində sistemlərin kibertəhlükəsizliyinin təmin edilməsi” mövzusunda məruzə dinlənildi. Məruzəni təqdim edən institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov genişlənən şəhərlərin əməliyyat səmərəliliyini artırmaq və idarəetmə xərclərini azaltmaq üçün “ağıllı” və yeni həllərin vacibliyini qeyd etdi, urbanizasiya və onun problemləri, “ağıllı” şəhər konsepsiyası və sistemi, bu sistemlər üçün kibertəhdidlər və kibertəhdid risklərinin nəticələrindən bəhs etdi.
“Pilotsuz uçuş aparatlarının naviqasiya sisteminə olan kiberhücumların aşkarlanması” mövzusunda çıxış edən institutun doktorantı Orxan Vəlixanlı pilotsuz uçuş aparatlarını və onların naviqasiya sistemini hədəf alan kibercühumlardan söz açdı. Tədqiqatçı bu kiberhücumların aşkarlanmasının müxtəlif metodlarını, həmçinin onların müqayisəli təhlilini təqdim etdi.
İnstitutun doktorantı Araz Mustafa “Sosial təyinatlı kiberfiziki sistemlərdə fərdi məlumatların mühafizəsi metodları” mövzusu üzrə çıxış etdi. O, sosial təyinatlı kiberfiziki sistemlər, burada toplanan fərdi məlumatların növləri, problemləri və onlar üçün təklif olunan yanaşmalar haqqında məlumat verdi.
Elmi seminarda “Milli informasiya məkanında informasiya təhlükəsizliyi risklərinin analizi və qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edən institutun böyük elmi işçisi Könül Daşdəmirova qlobal və milli informasiya məkanları, informasiya təhlükəsizliyi problemləri, informasiya risklərinin analizi və qiymətləndirilməsi haqqında məlumat verdi. O, həmçinin, informasiya sahəsində qəbul edilmiş standartları diqqətə çatdırdı.
“Kritik informasiya infrastrukturlarında kibertəhlükəsizlik risklərinin müəyyənləşdirilməsi” mövzusunda çıxış edən institutun doktorantı Qurban Fərəcov kibertəhlükəsizlik risklərindən danışdı, eyni zamanda kritik infrastrukturlarda risklərin nəticələri və qiymətləndirilməsi üçün alət və texnologiyalar haqqında məlumat verdi.
Daha sonra institutun baş mütəxəssisi Sabirə Ocaqverdiyeva “İnternet mühitində uşaqların müxtəlif təhdidlərdən və zərərli kontentlərdən mühafizəsi üsulları” mövzusu ilə çıxış etdi. Məruzəçi uşaqların İnternet mühitində qarşılaşdığı təhlükələr, onlayn təhlükəsizlik indeksi, eləcə də onların İnternet mühitində mühafizəsini təmin edən hüquqi sənədlərdən bəhs etdi.
Tədbirdə “Kibertəhlükəsizlik insidentlərinin aşkarlanması və analizinin kiberkriminalistik metodları” haqqında məruzəni institutun doktorantı Sənan Vəlizadə təqdim etdi. O, kiberhücümların növləri, kiberinsidentlərin analizi, rəqəmsal kriminalistik metod və vasitələr, eləcə də bu sahədə beynəlxalq standartlar haqqında məlumat verdi.
Məruzələr seminar iştirakçıları tərəfindən maraqla qarşılandı, hər bir çıxışa dair müzakirələr aparıldı, suallar cavablandırıldı.
Sonda akademik R.Əliquliyev çıxış edərək təqdim olunan hər bir məruzəni yüksək qiymətləndirdi, aparılan tədqiqatların informasiya təhlükəsizliyinin aktual elmi-praktiki problemlərinə həsr olunduğunu, mühüm nəticələrin əldə edildiyini qeyd etdi. “Virtual məkanda kibercinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə rəqəmsal kriminalistik ekspertiza sahəsində araşdırmaların aparılmasına, yüksəkixtisaslı kadrların hazırlanmasına böyük ehtiyac vardır”, – deyən alim ölkəmizdə ilk dəfə olaraq İnformasiya Texnologiyaları İnstitutunda bu istiqamətdə tədqiqatlara başlanıldığını diqqətə çatdırdı.
AMEA-nın vitse-prezidenti sosial təyinatlı kiberfiziki sistemlərdə toplanan fərdi məlumatların qorunması, saxlanması, dövlət tərəfindən tənzimlənməsi, eyni zamanda insanların şəxsi həyatına dair məlumatların onların icazəsi olmadan ictimaiyyətə ötürülüməsi və s. kimi təhlükəsizlik problemlərinin həllində süni intellekt texnologiyalarının tətbiqinin vacibliyini vurğuladı, bu istiqamətdə tədqiqatların davam etdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.