Azərbaycan Milli Elmlər Akademiyasında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), AMEA, Çankırı Karatekin Universitetinin Türkologiya İnstitutu və Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun birgə təşkilatçılığı ilə “Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqres keçirilir.
Əvvəlcə konqres iştirakçıları Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
AMEA-nın Rəyasət Heyətinin binasında baş tutan tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, TİKA-nın, Azərbaycanın, Türkiyənin, Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın ali təhsil müəssisələrinin rektorları və nümayəndələri, eləcə də AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları iştirak ediblər.
Konqresi giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirdə Türk dünyasının nüfuzlu elm xadimlərinin, ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdiyini bildirib və qonaqları Azərbaycanda, Akademiyada görməkdən məmnun olduğunu ifadə edib.
III Beynəlxalq Türkoloji Konqresin AMEA-da keçirilməsinin tarixi əhəmiyyət daşıdığını deyən akademik İsa Həbibbəyli məhz 1926-cı il fevralın 26-dan martın 6-dək Birinci Türkoloji Qurultayın Akademiyanın Böyük akt zalında baş tutduğunu söyləyib. Qeyd edib ki, bu zalda Türk dünyasının hər tərəfindən gəlmiş türkoloqlar, tarixçilər 10 gün ərzində türkologiyanın əsaslarını yaratmışlar. Orfoqrafiya, ortaq ünsiyyət dili, etnoqrafiya, ədəbiyyat, tarix fəlsəfəyə qədər bütün məsələləri müzakirə ediblər. Ortaq latın əlifbasına keçmək haqqında qərarlar məhz burada qəbul olunub.
Birinci Türkoloji Qurultayda iştirak etmiş bütün görkəmli alimlərin Stalin rejimin qurbanına çevrildiyini bildirən AMEA rəhbəri onların ideyalarının heç bir zaman sönmədiyini, bugünkü konqreslə onların arzularının davam etdirildiyini diqqətə çatdırıb: “Müasir türkologiyanın inkişaf dərəcəsi Birinci Türkoloji Qurultaydakı fikir babalarımızın ideallarının məşəl kimi yanaraq bu günə qədər gələrək davam etdiyini əyani şəkildə göstərir. 1926-cı ildə Qurultayda latın əlifbasına keçid haqqında qəbul edilən qərar türk birliyinə, türk dövlətlərinin inteqrasiyasına və xalqlarımızın yaxınlaşmasına xidmət edirdi. Sovet rejimi əlbəttə ki, bunu istəmirdi. 98 il sonra biz burada konfransı keçirərkən iftixar hissi ilə qeyd etmək istəyirəm ki, bu ilin sentyabrında Bakıda Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən mərasimdə 34 hərfdən ibarət latın əlifbası təsdiq edildi”.
2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illliyinin türk dövlətlərinin geniş tərkibdə iştirakı ilə qeyd edilməsinin nəzərdə tutulduğunu deyən akademik İsa Həbibbəyli son illərdə birliyimizin Şimali Kipr Türk Respublikası və Macarıstanın da iştirakı ilə möhkəmlənməkdə olduğunu bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimində Türk dünyası haqqında önəmli mesajlar verdiyini xatırladan akademik İas Həbibbəyli vurğulayıb ki, biz alimlərin borcu böyük türk ailəsini elmi cəhətdən dərindən öyrənmək, alimləri bir-birinə yaxınlaşdırmaq, ortaq layihələr işləmək, birgə konfranslar keçirmək, xalqlarımıza türk birliyinin əhəmiyyətini çatdırmaqdan ibarətdir.
“Hesab edirəm bu gün keçirilən konfrans həmin böyük idealın həyata keçirilməsi istiqamətində atılmış mühüm addım kimi də böyük əhəmiyyətə malikdir. Türk Dövlətləri Təşkilatı (TDT) sürətlə inkişaf edir. 2009-cu ildə Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi əsası qoyulan bu böyük təşkilat 15 il ərzində inkişaf edərək Şuradan Türk Dövlətləri Təşkilatına qədər inkişaf etdi. Dövlətlərimizin başçıları bu sahəyə çox böyük önəm verirlər. Artıq TDT dünyada mühüm bir təşkilat kimi qəbul olunur. Bu gün Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyət və Miras Vəqfi, Ağsaqqallar Şurası və s. təşkilatın qurumları kimi fəaliyyətlərini uğurla davam etdirirlər”, - deyə akademik İsa Həbibbəyli bildirib.
Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” modeli ilə Türk dünyasının birliyinə böyük töhfə verdiyini deyən AMEA prezidenti Ulu Öndərin iki dövlət ideyasının 6 dövlətə qədər gəlib çıxdığını, bu dairəni genişləndirməyin bizim borcumuz olduğunu söyləyib. Akademik Türkiyə-Azərbaycan birliyi modelinin zaman-zaman Türk dünyasının birliyinin, həmrəyliyinin hərəkətverici qüvvəsinə çevrildiyini vurğulayıb: “Bu gün biz çox rahatlıqla qardaş Özbəkistanın türk birliyinə böyük töhfə verdiyini, Qazaxıstanın türk birliyində çox önəmli yer tutduğunu, Qırğızıstanın türk birliyində çox fəal iştirak etdiyini görürük. Ən böyük nailiyyətlərdən biri də onadan ibarərətdir ki, Şimali Kipr Türk Respublikası da Azərbaycanda keçirilən vacib tədbirlərdə iştirak etməklə Türk dünyasına doğru atılır və inkişaf edir. Türk Dövlətləri Təşkilatında Macarıstanın iştirakının çox böyük əhəmiyyəti vardır. Biz sizinlə birgə bu böyük türk ailəsinin daha da möhkəmlənməsinə elmin dəstəyini verərək öz səylərimizi bu istiqamətdə heç vaxt əsirgəməyəcəyik”.
Artıq konqresin materiallarının çap olunduğunu bildirən akademik İsa Həbibbəyli kitabda Türk dünyasından 100-ə yaxın alimin məqaləsinin yer aldığını söyləyib. Akademik İsa Həbibbəyli tədbirin TİKA-nın maliyyə dəstəyi ilə baş tutduğunu, eyni zamanda konqresdə Azərbaycanın ən gənc ali təhsil müəssisəsinin, Qarabağ Universitetinin rektorunun da iştirak etdiyini deyib. Bildirib ki, Qarabağ Universiteti həm də bizim Qarabağ üzərində elm-təhsil sahəsindəki qələbəmizin rəmzidir.
Konqresə qatılan Türk dünyasına xidmət etmiş görkəmli alimlərin əməyini yüksək qiymətləndirən AMEA prezidenti tədbirin Türk dünyasının elmi cəhətdən inteqrasiya olunmasına, Türk dünyasının alimlərinin həmrəyliyinə, qardaşlığına böyük töhfə verəcəyini söyləyib.
Sonra çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı qardaş ölkənin bu tədbirə xüsusi önəm verdiyini və ən yüksək səviyyədə iştirak etdiyini bildirib. Qeyd edib ki, hazırda Türkiyədə fəaliyyət göstərən 208 universitetin yarısından çoxunda Türkologiyaya dair tədqiqatlar aparılır, Türk dünyasının tarixi, ədəbiyyatı, dili, folkloru, etnoqrafiyası, görkəmli xadimləri öyrənilir. Həmçinin TÜBA-nın, TÜBİTAK-ın və TİKA-nın dəstəyi ilə Türk dünyasına dair önəmli layihələr həyata keçirilir, hər sahədə tədqiqatlar aparılır. Səfir 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illliyinin ən yüksək səviyyədə keçirilməsi üçün qardaş Türkiyənin bütün zəruri dəstəyi verəcəyini söyləyib.
Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov isə çıxışında Türk dünyasının birliyinə xidmət edən III Beynəlxalq Türkoloji Konqres keçirilməsinin hazırki geoloji mühitdə xüsusi əhəmiyyət kəsb etdiyini bildirib və Özbəkistanın Türk dünyasının iqtisadi, siyasi, elmi, mədəni birliyinə daim dəstək verdiyini söyləyib.
Tədbirdə həmçinin Milli Məclisin deputatı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Elnarə Akimova, Qarabağ Universitetinin rektoru dosent Şahin Bayramov, TİKA Orta Asiya və Qafqazlar Daire Başkanı Ali Özgün Öztürk, Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri Fəxri Hacıyev, Türkiyənin Çankırı Karatekin Universitetinin Türkiyat İnstitutunun direktoru professor Abdulselam Arvas, Türkiyə Hacəttəpə Universitetinin professoru Özkul Çobanoğlu, Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun prorektoru Niqora Kadirova, Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyinin direktoru professor Jabbar Eshankul, Əl-Fərabi adına Qazax Milli Universitetinin professoru Anarbay Buldıbay, Qırğızıstanın Altmışbayev adına Milli Elmlər Akademiyasının professoru Nur Saralayeva, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, yazıçı Fərid Hüseyn çıxış edərək III Beynəlxalq Türkoloji Konqres keçirilməsinin tarixi əhəmiyyət daşıdığını bildirib, tədbirin milli kimliyimizin qorunması, gələcək nəsillərə aşılanması, birliyimizin, həmrəyliyimizin möhkəmlənməsinə özünün töhfəsini verəcəyini vurğulayıb, bu xüsusda elm xadimlərinin üzərində böyük məsuliyyətin düşdüyünü bildiriblər.
Çıxışlardan sonra akademik İsa Həbibbəyli qonaqlara AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən nəşr olunmuş Mahmud Kaşğarinin “Divanı lüğət-it türk” əsərinin 86 il sonra tapılmış, repressiya qurbanı, özbək əsilli türkoloq Xalid Səid Xocayevə məxsus latın qrafikalı ilk tərcümə əlyazmasının cildlərini hədiyyə edib.
III Beynəlxalq Türkoloji Konqres öz işini AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bölmə iclasları ilə davam etdirib.
Qeyd edək ki, konqres dekabrın 4-də başa çatacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.