AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.
İclasın gündəliyində duran əsas məsələ Əlyazmalar İnstitutunun 2024-cü il ərzində elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatın dinlənilməsi və təsdiqi olub.
İclası giriş nitqi ilə institutun direktoru akademik Teymur Kərimli açıb, gündəliyi elan etdikdən sonra hesabatı təqdim etmək üçün sözü elmi katib (v.i.e.) tarix ü.f.d., dosent Aynur Hacıqədirliyə verib. Hesabat məruzəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması haqqında, o cümlədən digər fərman və sərəncamlarından irəli gələrək institutda icra olunan işlər, Azərbaycan Respublikası Nazirlər Kabineti, AMEA Rəyasət Heyəti və Humanitar Elmlər Bölməsinin müvafiq qərarlarının icrası ilə bağlı institutda görülən işlər, şöbələrdə yerinə yetirilən tədqiqat işləri, çap olunan kitablar, əməkdaşların elmi ezamiyyətləri, xarici ölkələrin müvafiq elmi mərkəzləri ilə əməkdaşlıq və beynəlxalq elmi-mədəni əlaqələr, elmin təhsilə inteqrasiyası, elektron elmin vəziyyəti, kadr hazırlığı, aparılan elmi-tədqiqat işlərinin geniş ictimaiyyətə çatdırılması və digər məsələlər haqqında ətraflı məlumat verib.
Verilən məlumata əsasən, institutun saxlanclarında mühafizə olunan 2296 nüsxənin elektron versiyası yaradılıb, 48 əlyazma kitabı və 9000 vərəq arxivmaterialı bərpa edilərək xəzinəyə qaytarılıb, 38 yeni kitab, o cümlədən monoqrafiyalar nəşr etdirilib, ölkədə və xaricdə 136 elmi məqalə, 100-dən artıq konfrans materialı işıq üzü görüb, 1 elmlər doktoru, 2 fəlsəfə doktoru dissertasiya işi müdafiə edib, aparıcı beynəlxalq əlyazma mərkəzləri, muzey və kitabxanalarla münasibət qurulub, bir neçəsi ilə əməkdaşlıq müqavilələri imzalanıb, institut əməkdaşları ölkədə və xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə uğurla elmimizi təmsil ediblər.
Daha sonra Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.e.d., professor Kamandar Şərifovun, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin müdiri fil.e.d. Raqub Kərimlinin və Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri fil.e.d. Nailə Səmədovanın məruzə barədə çıxışları dinlənilib.
İclasın yekununda akademik Teymur Kərimli hesabata dair fikirlərini bildirib, institutun 2024-cü il ərzində fəaliyyətini yüksək qiymətləndirib və təkliflərini səsləndirib. Bütövlükdə hesabat Elmi şura üzvləri tərəfindən qənaətbəxş hesab olunub və yekdilliklə qəbul edilib.
Qeyd edək ki, Elmi şuranın iclasında Humanitar Elmlər Bölməsinin nümayəndəsi kimi Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri, akademik Möhsün Nağısoylu (onlayn) və AMEA Rəyasət Heyətinin elmi katibi fil.ü.f.d., dosent Səfa Qarayev (əyani) iştirak ediblər. Alimlər dinlənilən hesabat haqqında çıxış edərək, institutun elmi tədqiqat şöbələrində icra olunan işlərin əhəmiyyətindən, əldə olunan mühüm nailiyyətlərdən, xəzinəmizdə mühafizə olunan əlyazmaların elektronlaşdırılması və bərpası sahəsində, institut materiallarının və nəşrlərinin həm ölkədə, həm də dünyada təbliği istiqamətində görülən mühüm işlərdən danışıb, təqdim olunan hesabatı yüksək qiymətləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.