Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.01.2016 09:40
  • A-
  • A
  • A+

AMEA-nın Kimya Elmləri Bölməsinin hesabatı dinlənildi

AMEA-nın Kimya Elmləri Bölməsinin hesabatı dinlənildi

Yanvarın 27-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda Kimya Elmləri Bölməsinin (KEB) 2015-ci ilin yekunlarına dair hesabat məruzəsi dinlənilib. AMEA-nın KEB-nin elmi və elmi-təşkilati fəaliyyəti, aparılan nəzəri və tətbiqi tədqiqatlar haqqında bölmənin akademik-katibi, akademik Dilqəm Tağıyev məlumat verib.

Akademik Dilqəm Tağıyev qeyd edib ki, bölmənin institutlarında tədqiqatlar 13 problemi əhatə edən 46 mövzu üzrə aparılıb, 4 mövzu tamamlanıb, ölkənin ali təhsil müəssisələri ilə aparılmış elmi-fundamental tədqiqatlar sahəsində 16 mühüm nəticə əldə edilib, 5 iş isə tətbiq olunub. Bölmə institutlarının ixtisaslaşdırılmış müdafiə şuralarında 22 fəlsəfə doktoru və 8 elmlər doktoru dissertasiyaları müdafiə edilib. Hazırda bölmənin institutlarında 22 əyani və 47 qiyabi olmaqla 69 fəlsəfə doktorantı təhsil alır.

Sonra iclasda elmi nəşrlərlə bağlı statistik məlumatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, ötən il ərzində 8 kitab və monoqrafiya çapdan çıxıb, əməkdaşların məqalələri impakt faktorlu jurnallarda nəşr olunub. Əldə edilən elmi nəticələr təkcə ölkə miqyaslı konfrans materiallarında deyil, bir sıra beynəlxalq konfrans, konqres və simpozium materiallarında da öz əksini tapıb. Bildirilib ki, 2015-ci ildə 485-i xaricdə, o cümlədən MDB ölkələrində olmaqla 1126 məqalə və tezis nəşr olunub, 22 patent və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondundan qrant alınıb.

İclasda, həmçinin ölkə rəhbərinin, AMEA Rəyasət Heyətinin qərar və sərəncamlarının icrasından irəli gələn vəzifələr və görülən işlər haqqında geniş məlumat verilib. Bildirilib ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində SOCAR-ın "Azərikimya" İB-nin işçi qrupu ilə keçirilmiş görüş zamanı regionda yaradılacaq polietilen, polipropilen, karbamid, metanol əsaslı istehsalatlarda qarşıya çıxacaq problemlərin həlli üçün birgə fəaliyyət proqramı müzakirə edilib, AMEA-nın İnnovasiya Mərkəzi ilə birgə su səthinin neft və neft məhsullarından təmizlənməsi üçün yüksək effektivliyə malik köpüklənmiş polimer sorbentlərin alınması və istifadəsi üçün biznes-layihə hazırlanaraq GUAM çərçivəsində ən yaxşı "Biznes-layihə" müsabiqəsinə və AMEA-nın Rəyasət Heyətinə təqdim olunub. EP-300 qurğularında əmələ gələn etilen istehsalının yan məhsullarının – yüngül və ağır qətranın emalı prosesinin sadə texnologiyası işlənib hazırlanıb, ferrosen və onun yeni törəmələrinin sintez edilərək dizel yanacaqlarının keyfiyyətinə müsbət təsiri Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təsdiq edilib.

Dilqəm Tağıyev hesabat ilində bölmə institutlarının beynəlxalq elmi əlaqələri haqqında məlumat verib. AMEA akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və Donostia Beynəlxalq Fizika Mərkəzi arasında “Kvant kompütinq və spintronika üçün qabaqcıl materiallar” və institutla Almaniyanın Texniki Universiteti, Belarus Milli Elmlər Akademiyasının İstilik və Kütlə Dəyişməsi İnstitutu və Böyük Britaniyanın Huddersfild Universiteti arasında “Neft mənşəli kaustobiolitlərdən alınan nanokarbon materialları əsasında katalizatorların sintezinə və tətbiqinə dair fundamental tədqiqatlar” adlı beynəlxalq laboratoriyalar yaradılıb.

Qeyd edilib ki, ötən il Belarus Milli Elmlər Akademiyasının Metalpolimer Sistemlərin Mexanikası İnstitutu ilə AMEA Polimer Materialları İnstitutu arasında "Polimer kompozisiya materiallarının modifikasiyası və emalı, onların quruluşlarının və fiziki-mexaniki xassələrinin tədqiqi", o cümlədən Rusiya Elmlər Akademiyasının N.D.Zelinski adına Üzvi Kimya İnstitutu ilə AMEA Polimer Materialları İnstitutu arasında "Funksional qruplu yeni monomer, oliqomer və polimerlərin, onların əsasında kompozisiyaların işlənib hazırlanması" üzrə elmi-texniki əməkdaşlıqlar barədə müqavilələr imzalanıb. Vurğulanıb ki, beynəlxalq qurumlarla birgə elmi-tədqiqat işlərinin aparılmasını nəzərdə tutan əməkdaşlıqlar barədə memorandumların imzalanması əlverişli tədqiqatların əsasını qoyub.

Hesabat məruzəsində bölmə alimlərinin mükafatlara layiq görülməsi uğurlu göstərici kimi qiymətləndirilib. Hesabat ilində bir sıra alim və mütəxəssislər katalitik krekinq prosesi üçün mütərəqqi sənaye sistemlərinin yaradılması istiqamətindəki nailiyyətlərə görə AMEA-nın "akademik Yusif Məmmədəliyev adına mükafat"ına, gənclər üçün "akademik Murtuza Nağıyev adına mükafat" və  "Akademik Əli Quliyev adına mükafat"a, "Fiziki-kimyəvi analizin inkişafında və yeni funksional materialların alınmasında xidmətlərə görə Rusiya Elmlər Akademiyasının "Kurnakov" medalı və diplomu ilə təltif ediliblər. Bundan başqa, bölmənin alimləri Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, "Şöhrət" ordenləri, "Tərəqqi" medalı, "Əməkdar mühəndis" fəxri adına layiq görülüblər. 26 əməkdaş isə AMEA-nın 70 illik yubileyi münasibətilə Kimya Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif ediliblər.

Sonda məruzə Rəyasət Heyətinin qərarı ilə bəyənilib və hesabatda əks olunan statistik məlumatlar nəzərə alınaraq Akademiyanın illik hesabatına daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: