Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda 2024-cü ilin illik hesabatına həsr olunmuş Elmi şura iclası keçirilib.
Tədbirdə Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev, Biofizika İnstitutunun rəhbərliyi, Elmi şura üzvləri və laboratoriya əməkdaşları iştirak ediblər.
İclası Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq iştirakçıları salamlayıb və sözü hesabatı təqdim etmək üçün institutun icraçı direktoru, biologiya elmləri doktoru Kərim Qasımova verib. Kərim Qasımov, hesabat dövründə Prezidentin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin və Elm və Təhsil Nazirliyinin qərarlarının icrası ilə əlaqədar həyata keçirilmiş tədbirləri, institutun elmi-tədqiqat istiqamətlərini, strukturunu, kadr potensialını və əldə olunan nəticələri təqdim edib.
Biofizika İnstitutunun tədqiqatları əsasən “Bioloji sistemlərin fiziki-kimyəvi əsasları” mövzusu üzrə aparılıb. Bu sahədə bioloji sistemlərdə struktur-dinamika-funksiya əlaqələrinə dair iki mövzu üzrə altı iş və yeddi mərhələ üzrə tədqiqatlar yerinə yetirilib. Əldə edilən elmi nəticələr beynəlxalq standartlara uyğun olaraq müvafiq hesabatlarda əksini tapıb və elmi nəşrlər şəklində təqdim edilib.
“Molekulyar və hüceyrə onkologiyası” laboratoriyasında uşaqlıq boynu xərçəngi və ağciyər xərçənginin genetik xüsusiyyətləri araşdırılıb. İlk dəfə olaraq Azərbaycanda ağciyər xərçəngi xəstələrinin qanında maye biopsiya metodu vasitəsilə EGFR genindəki mutasiyalar aşkarlanıb və beynəlxalq tədqiqatlarla təsdiqlənib. Bu işlər Portuqaliyanın STAB VIDA şirkəti ilə birgə həyata keçirilib.
“İnteqrativ biologiya” laboratoriyasında şiş supressoru və onkogenlərdə klinik əhəmiyyətli mutasiyalar araşdırılıb. Tədqiqat çərçivəsində p53 zülalının mutant formalarının müqayisəsi aparılıb. “Molekulyar və hüceyrə biokimyası” laboratoriyasında böyük kalium kanallarının klonlaşdırılması və rekombinant zülalların alınması üzrə tədqiqatlar davam etdirilib. “Fiziki-kimyəvi stress faktorlarının biofizikası” laboratoriyasında sink duzlarının eritrositlərin oksidləşmə prosesinə təsiri araşdırılıb və əldə olunan nəticələr müxtəlif metodlarla qiymətləndirilib.
Elmlə təhsilin inteqrasiyası sahəsində də mühüm addımlar atılıb. Bakı Dövlət Universitetinin magistr və bakalavr tələbələri Biofizika İnstitutunda tədqiqat və istehsalat təcrübəsi keçərək elmi işlərdə iştirak ediblər. Bundan əlavə, “BirKönüllü” proqramı çərçivəsində tələbələr institutun gənc alimləri tərəfindən təlimlərdə iştirak ediblər. “Sabahın alimləri” müsabiqəsi çərçivəsində məktəblilərlə birgə layihələr hazırlanıb və uğurlu nəticələr əldə edilib.
İclasda hesabatlar dinlənildikdən sonra müzakirələr aparılıb və yekdilliklə qəbul edilib. AMEA-nın müxbir üzvü İslam Mustafayev Biofizika İnstitutunun fəaliyyətini yüksək qiymətləndirərək, görülən işlərin kiçik kollektiv üçün böyük uğur olduğunu vurğulayıb. İnstitutun yeni elmi model quruluşu kimi çıxış etdiyini bildirib. İclasdan sonra İslam Mustafayev institutun laboratoriyalarını ziyarət edib, müasir cihazlarla tanış olub və institut əməkdaşlarının operativ və dəqiq fəaliyyətini təqdir edib. Oktay Qasımov çıxışında texniki dəqiqliyin elmi tədqiqatlar üçün əsas prioritet olduğunu qeyd edib və hesabatın hazırlanmasında əməyi keçənlərə təşəkkürünü bildirib.
2024-cü ilin əldə etdiyi mühüm elmi nəticələri arasında bir neçə innovativ tədqiqat layihəsi diqqət çəkib. Bu tədqiqatların əksəriyyəti müasir tibb və bioloji elmlər sahəsində irəliləyişlərə xidmət edir. İlk olaraq, “Bioloji mayelərdə Doksorubisinin miqdarının aşkarlanması üçün ultrahəssas biosensorların hazırlanması” mövzusunda aparılan işdə fərdiləşmiş tibbin inkişafına töhfə verən yeni biosensorlar hazırlanıb. Bu biosensorlar Doksorubisin kimi xərçəng müalicəsində istifadə olunan dərmanların qan plazmasındakı miqdarını yüksək dəqiqliklə ölçməyə imkan verir. Tədqiqatın nəticələri ACS Applied Nano Materials jurnalı tərəfindən nəşr olunub.
Digər vacib bir araşdırma isə ağciyər xərçəngi ilə bağlıdır. Biofizika İnstitutu, ilk dəfə olaraq, ağciyər xərçəngi xəstələrinin periferik qanında maye biopsiya metodu ilə EGFR geninin mutasiyalarını aşkarlayıb. Bu tədqiqat nəticələri xərçəng müalicəsinin effektivliyini izləmək və dərman müqavimətini aşkar etmək üçün istifadə edilə bilər. Tədqiqat Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və Portuqaliyanın STAB VIDA şirkəti ilə birgə aparılıb.
İnstitut, həmçinin ağciyər xərçəngi ilə bağlı irsi risk qrupunun təyin edilməsi və qabaqlayıcı tədbirlərin tətbiqi üzrə işlər görüb. Bu tədqiqat nəticələri American Association for Cancer Research jurnalı tərəfindən qəbul edilib. ErbB reseptorlarının funksional qrupları üzərində aparılan araşdırmalar isə EGFR və HER2 reseptorlarının struktur və funksional oxşarlıqlarını ortaya qoyub. Bu iş Biochemical Journal jurnalında yayımlanmaq üzrədir.
İon kanalları üzərindəki tədqiqatlar da diqqət çəkib. BK kanalının C-terminal domeninin hemin sensoru kimi fəaliyyət göstərməsi və kanalın struktural xüsusiyyətləri üzərində aparılan işlər, kanalların xərçəng müalicəsi üçün potensial hədəf olduğunu göstərir. Son olaraq, ürək-damar patologiyası olan xəstələrin eritrositlərində sink duzlarının təsiri araşdırılıb və ürək-damar xəstəlikləri olan şəxslərdə eritrositlərin daha yüksək həssaslıq göstərdiyi təsdiqlənib. Bu tədqiqat nəticələri, xüsusən hüceyrə səviyyəsindəki metabolik dəyişiklikləri göstərir və xərçəng diaqnozu üçün yeni yanaşmaların inkişafına əsas yaradır.
Bu tədqiqatlar Biofizika İnstitutunun elmi fəaliyyətinin müxtəlif sahələrdə əldə etdiyi müsbət nəticələrini əks etdirir və gələcəkdə tibb sahəsində yeni müalicə üsullarının inkişafına şərait yaradır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.