Dekabrın 9-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Abbasqulu ağa Bakıxanovun yaradıcılığında mənəvi-əxlaqi dəyərlərin təcəssümü” mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü tədbirin anadan olmasının 230 illiyi qeyd edilən Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair Abbasqulu Ağa Bakıxanov yaradıcılığına həsr olunduğunu bildirib və məruzə üçün sözü institutun Şərq-Qərb şöbəsinin müdiri ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlıya verib.
M.Babaşlı seminarda “Abbasqulu ağa Bakıxanovun yaradıcılığında mənəvi-əxlaqi dəyərlərin təcəssümü” mövzusunda məruzə edib. Məruzəçi Abbasqulu ağa Bakıxanovun həyatından və zəngin elmi və bədii yaradıcılığından bəhs edib, onun bədii əsərlərlə yanaşı tarixə, coğrafiyaya, fəlsəfəyə, astronomiyaya, dinə dair yazdığı əsərlər haqqında məlumat verib. Xüsusilə “Təhzibül əxlaq” və “Nəsihətnamə” əsərlərinin mənəvi-əxlaqi dəyərlərin qorunmasında əhəmiyyətindən danışıb.
M.Babaşlı, həmçinin Bakıxanovun 1832-ci ildə yeni tipli Üsuli-cədid müsəlman məktəbinin ilk təşəbbüskarı olduğunu vurğulayıb. Təəsüf ki, Bakıda açılmalı olan bu məktəbin yaradılması ideyası çar məmurları tərəfindən qəbul edilməyib. Üsuli-cədid məktəbləri Azərbaycanda ancaq 19-cu əsrin sonlarında təşəkkül tapıb.
Seminarda daha sonra məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.